Gəncədə əhalinin yoxsul təbəqəsi üçün xeyriyyə tədbiri keçirilib

Gəncədə əhalinin yoxsul təbəqəsi üçün xeyriyyə tədbiri keçirilib
# 20 dekabr 2006 12:26 (UTC +04:00)
Gəncənin Heydər Əliyev meydanında şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə aztəminatlı ailələr üçün ənənəvi xeyriyyə tədbiri keçirilib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, iki saat davam edən tədbirdə 1000-dək vətəndaş isti yemək, 50-yə yaxın evsiz vətəndaş isə qış paltarları ilə təmin olunub. Xeyriyyə tədbirinə qoşulan Gəncə Səhiyyə İdarəsi aztəminatlı təbəqəyə məxsus şəhər sakinlərinə dərman preparatları, vitaminlər və şəxsi gigiyena ləvazimatları verib, 15 yaşından yuxarı 20-dən çox insanı rentgen müayinəsindən keçirib. Meydana toplaşmış əhali ilə görüşən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında bildirib ki, yeni il ərəfəsində bu cür tədbirlərin keçirilməsi Gəncə şəhərində ənənə xarakteri alıb: “Biz daim yoxsul təbəqəyə yardım göstəririk. Şəhərdə yoxsulluq şəraitində yaşayanlar az deyil. Ancaq onların sayı ildən-ilə azalmaqdadır. Əhalinin yoxsul təbəqəsinə əl tutmaq dövlət siyasətinin bir hissəsidir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR