“Korrupsiyaya qarşı mübarizə insan hüquqlarının müdafiəsi vasitəsi kimi” mövzusunda dəyirmi masa keçirilib

“Korrupsiyaya qarşı mübarizə insan hüquqlarının müdafiəsi vasitəsi kimi” mövzusunda dəyirmi masa keçirilib
# 20 dekabr 2006 15:05 (UTC +04:00)
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Korrupsiyaya qarşı mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin təşəbbüsü ilə bu gün “Korrupsiyaya qarşı mübarizə insan hüquqlarının müdafiəsi vasitəsi kimi” mövzusunda dəyirmi masa keçirilib. Bu barədə APA-ya “Konstitusiya” Araşdırmaları Fondundan məlumat verilib. Ombudsman Aparatının konfrans zalında keçirilən dəyirmi masada Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, dövlət orqanlarının, QHT-lərin, hüquq-müdafiə təşkilatlarının iştirak ediblər. Ombudsman Elmira Süleymanova bildirib ki, son illər Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində önəmli işlər görülüb, bu məqsədlə müvafiq qanunvericilik bazası yaradılıb. Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Proqramı hazırlanıb və icra edilib, Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yaradılıb. QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin Koordinatoru, “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev korrupsiyaya qarşı mübarizənin yalnız repressiv metodlarla aparılması yanaşmasının düzgün olmadığını vurğulayaraq, bu sahədə müsbət nəticələrin əldə olunması üçün bütün cəmiyyətin səfərbər edilməsinin zəruriliyini qeyd edib. Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Namiq Əsgərov isə deyib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində zəruri qanunvericilik və institusional baza yaradılıb. Tədbir zamanı Ombudsman Aparatı ilə QHT-lər arasında əməkdaşlığın dərinləşdirilməsi barədə təkliflər səslənib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR