Heydər Babayev: “Bu il Azərbaycanın regionlarında ümumi dəyəri 1 mlrd. dollar olan layihələrin icrasını planlaşdırırıq”

Heydər Babayev: “Bu il Azərbaycanın regionlarında ümumi dəyəri 1 mlrd. dollar olan layihələrin icrasını planlaşdırırıq”
# 13 fevral 2007 13:21 (UTC +04:00)
Bu fikri bu gün Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) 3 illik yekunları ilə bağlı Bakıda keçirilən konfransda çıxış edən iqtisadi inkişaf naziri Heydər Babayev söyləyib.
APA-nın məlumatına görə, nazir çıxışında Dövlət Proqramının icrası haqqında ətraflı məlumat verib. H.Babayevin sözlərinə görə, təkcə 2006-cı ildə ölkə prezidenti İlham Əliyev 28 şəhər və rayona, həmçinin Naxçıvan Muxtar Respublikasına səfər edib, istehsal və xidmət sahələrinin açılışında iştirak edib. Rayonların sosial-iqtisadi inkişafına göstərilən bu qayğı Dövlət Proqramının uğurlu icrasının həlledici amili olub: “Ötən 3 il ərzində Milli Məclis tərəfindən regionların inkişafına yönələn xeyli qanunlar qəbul olunub. Mövcud qanunvericilik aktlarının beynəlxalq tələblərə uyğunlaşdırılması davam etdiriləcək”.
Nazir bildirib ki, regionların inkişafının ən mühüm şərtlərindən biri ümumi makroiqtisadi mühitin əlverişli olmasıdır. Belə ki, 2006-cı ildə makroiqtisadi sabitliyin qorunması, dinamik inkişafın davam etdirilməsi, iqtisadiyyatın idarə edilməsinin təkmilləşdirilməsi, enerji sektorunda maliyyə intizamının gücləndirilməsi, dolayı subsidiyaların azaldılması, iqtisadi cəhətdən əsaslandırılmış tariflərin və qiymətlərin müəyyənləşdirilməsi, məşğulluğun artırılması, bank sisteminin inkişafı, əmək haqqı və pensiyaların artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Ötən il ÜDM-nin artımı təxminən 35% təşkil edib ki, bunun da adambaşına düşən həcmi 2120 manat olub. ÜDM-də qeyri-dövlət sektorunun xüsusi çəkisi 81% çatıb. 2006-cı ildə dövlət investisiya xərclərində regionlardakı layihələrin həyata keçirilməsinə ayrılan vəsaitin ümumi məbləği 2005-ci ildəkindən 6 dəfə çox olub: “Bu il Səngəçalda modul tipli elektrik stansiyasının, Oğuz-Qəbələ-Bakı su xəttinin, Yuxarı Mil Kanalının, Tovuz çay və Şəmkir su anbarlarının, Yevlax-Zaqatala-Gürcüstan dəmir yolunun inşası, Lənkəran və Zaqatala hava limanlarının yenidən qurulması, səhiyyə, təhsil və idman müəssisələrinin, şəhid və əlil ailələr üçün yaşayış binalarının tikintisi və digər layihələrin icrası planlaşdırılır”.
H.Babayev həmçinin qeyd edib ki, təkcə 2006-cı ildə İmişli Şəkər Zavodu, Lənkəran və Salyanda süd emalı zavodları, Lənkəranda tikiş fabriki, Gəncədə şokolad fabriki və digər müasir müəssisələr fəaliyyətə başlayıb: “Ötən il ümumilikdə 407 emal müəssisəsi, 722 tikinti müəssisəsi, 500-ə yaxın kənd təsərrüfatı müəssisəsi, 1000-dən çox ticarət və xidmət müəssisəsi açılıb ki, bunun da 40%-i regionların payına düşür”. İqtisadi inkişaf nazirinin sözlərinə görə, son 3 ildə açılan 520 min iş yerinin 360 mini daimi iş yerləridir.
H.Babayev həmçinin ötən il Astara, Şəki, Xaçmaz rayonlarında və Naxçıvan Muxtar Respublikasında modul tipli elektrik stansiyalarının istifadəyə verildiyini, ümumi uzunluğu 480 km-dan artıq olan yeni istilik verilişi xətlərinin çəkildiyini, 145 elektrik transformatorunun quraşdırıldığını, 69 yarımstansiyanın açıldığını vurğulayıb. Təbii qazla təchizatın yaxşılaşdırılması ilə əlaqədar ötən il ümumi uzunluğu 225 km-ə yaxın yeni qaz kəmərləri çəkilib, 12 min km-dən artıq qaz kəmərləri əsaslı təmir olunub. Su təchizatının yaxşılaşdırılması üçün regionlarda 194 km-ə yaxın yeni su boruları çəkilib, 12 su anbarı qurulub, 64 artezan quyusu qazılıb, 67 yeni kanalizasiya xətti çəkilib. Həmçinin proqramda nəzərdə tutulduğu kimi ölkə daxilində yeni yolların tikintisi də aparılır.
İqtisadi inkişaf naziri ötən il Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 1771 sahibkara 9,1 mln. manat kredit verilib: “Bu il beynəlxalq maliyyə institutları ilə birlikdə regionlarda ümumi dəyəri təxminən 1 mlrd. ABŞ dolları olan layihələrin həyata keçirilməsini planlaşdırırıq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR