Bakı Ağır Cinayətlər Məhkəməsi Vətən müharibəsi iştirakçısını azadlığa buraxıb - FOTO

Tunar Kərimzadə

© APA | Tunar Kərimzadə

# 05 noyabr 2021 16:57 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsi Vətən müharibəsi iştirakçısı barədə humanist qərar qəbul edib.

APA-nın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 126.1-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə azadlıqdan məhrum edilən Kərimzadə Tunar Famiz oğluna hökm oxunub.

Hökmə əsasən, Vətən müharibəsi zamanı bir neçə rayonun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edən şəxs barəsində 3 il azadlıqdan məhrum etmə cəzası təyin olunub. Lakin onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq olunmaqla 1 il sınaq müddəti seçilib və məhkəmə zalından azadlığa buraxılıb.

Hakim Əfqan Hacıyev təqsirləndirilən şəxsə gələcək həyatında uğurlar arzu edərək qanuna zidd əməllərdən uzaq olmağı arzu edib.

Tunar Kərimzadə humanist qərar qəbul etdiyi üçün məhkəmə heyətinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Tunar Kərimzadə müharibədən sonra "Laçının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR