Azərbaycanda mobil və sabit internetin sürəti açıqlanıb

Azərbaycanda mobil və sabit internetin sürəti açıqlanıb
# 16 sentyabr 2021 15:26 (UTC +04:00)

Bu ilin avqust ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 39,25 Mbit/s təşkil edib.

"APA-Economics" "Ookla"nın "Speedtest Global Index"in məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici iyul ayı ilə müqayisədə 5,4% artıb. 2021-ci ilin avqustunda ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti iyul ayının göstəricisi ilə müqayisədə 1,6% artaraq 14,83 Mbit/s olub.

Qeyd edək ki, dünya üzrə mobil trafikinin giriş və çıxış sürəti isə müvafiq olaraq 56,74 Mbit/s və 12,61 Mbit/s təşkil edib. Avqust ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 140 ölkə arasında 4 pillə irəliləyərək 62-ci yerdə qərarlaşıb.

Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə BƏƏ (195,52 Mbit/s), Cənubi Koreya (192,16 Mbit/s) və Norveç (173,54 Mbit/s) daxil olub.

Reytinqə əsasən, bu ilin avqust ayında Azərbaycanda stasionar genişzolaqlı internet trafikinin giriş sürəti 25,36 Mbit/s, çıxış sürəti isə 27,25 Mbit/s təşkil edib. Bu göstəricilər iyul ayı ilə müqayisədə müvafiq olaraq 5,3 və 4,9% artıb.

Avqust ayının nəticələrinə görə, sabit internetin sürəti reytinqində Azərbaycan 180 ölkə arasında 1 pillə geriliyərək 124-cü yerdə qərarlaşıb.

Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkə Sinqapur – 262,20 Mbit/s, Honkonq (SAR) – 254,40 Mbit/s və Monako - 242,89 Mbit/s olub. Avqustda qlobal sabit internetin giriş və çıxış trafikinin orta sürəti isə müvafiq olaraq 110,24 Mbit/s və 60,13 Mbit/s təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR