Bakıdakı köhnə binalarda mənzillərin ucuzlaşması davam edir

Bakıdakı köhnə binalarda mənzillərin ucuzlaşması davam edir
# 19 may 2015 12:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Aprel ayında Bakının təkrar yaşayış mənzil bazarında satışa təklif olunan yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 1 796 dollar/kv.m-dən 5,96% azalaraq 1 689 dollar/kv.m-ə qədər, milli valyuta ilə isə ay ərzində 1 886 manat/kv.m-dən 6,12% azalaraq 1 770 manat/kv.m bəndində qərarlaşıb.

 

Bu barədə “APA-Economics” paytaxtın təkrar yaşayış mənzil bazarının monitorinqini həyata keçirən “MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinə istinadən məlumat verib.

 


 

Mart ayında milli valyuta ilə təkrar yaşayış mənzil bazarında 14% artım müşahidə edildiyi halda, ötən aprel ayında 6,12 % qiymət azalmasının baş verməsinin əsas səbəbi fevral ayının 3-cü ongünlüyündə ölkədə baş verən devalvasiya nəticəsində əhalinin əksər hissəsinin əlindəki pulu əmlak bazarına investisiya etməsi olub. Bu da öz növbəsində mart ayındakı qiymət artımına ciddi təsir edib. Lakin, aprel ayında alıcılıq qabiliyyətinin zəifləməsi müşahidə edilib ki, bu da öz növbəsində qiymət azalmasına gətirib çıxarıb.

 

Digər ikinci səbəb isə hazırda ölkədə yaşayış mənzillərinin qiymətlərinin ən yüksək səviyyədə olmasıdır. Artıq yaşayış mənzil bazarında qiymətlərin pik nöqtədən nisbətən aşağı düşməsi özünü göstərməkdədir.

 

Qeyd edək ki, dünya bazarında neftin qiymətinin azalması, ölkədə daşınmaz əmlakın qiymətinin yüksək səviyyədən aşağı düşməsinə təsirsiz ötüşməyib. Daşınmaz əmlakın neft qiymətindən asılılıq indeksinə nəzər salsaq görərik ki, ötən ilin aprel ayında bu rəqəm 19,15 dollar/kv.m/barel olduğu halda, bu gün bu rəqəm 27,11 $/kv.m/barel təşkil edir. Bu səbəbdən daşınmaz əmlak bazarındakı hazırkı durğunluğu devalvasiyanın nəticəsi kimin və neft qiymətində gedən dəyişikliklərlə izah etmək olar.

 

Son iki ay ərzində bazarda baş verən proseslərin əmlak bazarına göstərdiyi təsirlər nəticəsində təkrar mənzil bazarı üzrə ümumi təklif portfelində azalma müşahidə edilib. Aprel ayında bazarın bu seqmenti üzrə təklif həcmi 1,47% azalıb. Mart ayında ümumi təkliflərin sayı 1752 olduğu halda, bu rəqəm aprel ayında 1726 təşkil edib. Təkrar mənzil bazarında qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə 18,7% azalıb. Yasamal, Nəsimi, Nərimanov və Binəqədi rayonlarının təklif portfelindəki payı ötən aylarda olduğu kimi mütləq çoxluq təşkil edib və onların ümumi payı 66,8%-ə bərabər olub.

 

Bazarın bu seqmenti üzrə təklif edilən mənzillərin əksər hissəsi 2000 dollar/kv.m qiymətindən aşağı olan ucuz mənzillərdir, bu dəyərdə olan mənzillər ümumi portfelin 81,5%-ni təşkil edir və qeydə alınan orta bazar qiyməti 1480 dollar/kv.m-dir. Ümumi təklif portfelinin 13,75%-ni 2000-2500 dollar/kv.m qiymət diapazonu arasında yerləşən mənzillərin payına düşür. Bu qiymət diapazonunda qeydə alınan orta bazar qiyməti 2160 dollar/kv.m-dir. Bazardakı bahalı mənzillər, yəni hər kvadrat metrinin dəyəri 2500 dollar/kv.m-dən çox olan mənzillərin bazardakı payı isə 4,75% təşkil edir. Bahalı növ mənzillərdə qeydə alınan orta bazar qiyməti isə 3000 dollar/kv.m təşkil edib.

 

 

 

Aprel ayında da otaqlar üzrə mənzillərin vəziyyətinə gəldikdə, 2, 3 və 5 otaqlı mənzillərin sayında azalma baş verib. Təklif üzrə ən çox azalma 5 otaqlılar üzrə qeydə alınıb. 1 və 3 otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub. Təkliflə yanaşı otaqlar üzrə qiymət azalması ən çox 2, 3 və 5 otaqlı mənzillərdə baş verib. Digər 1 və 4 otaqlı mənzillərdə qiymətlər isə müvafiq olaraq 3,9% və 6,0% azalıb.

 

 

 

Aparılan araşdırmalara əsasən “eksperimental”, “leninqrad”, “xruşşov” və “yeni tikili təmirli” layihəli binaların təklif portfelindəki payı bu ayda mütləq çoxluq təşkil edib, müvafiq olaraq 12,23%, 13,83 %, 11,26% və 42,82%.

 


 

Ötən ay əksər layihələrdə nisbi qiymət azalması müşahidə olunub. Ay ərzində ən çox qiymət azalması İtalyan layihəsində qeydə alınıb (9,46%). Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (1648 dollar) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 54,0%-ə malikdir. Mənzillərin orta sahəsi 82,57 kv.m, orta otaq göstəricisi isə 2,43 təşkil edir. Hər otağın orta satış qiyməti 56 108 dollar, mənzilin orta qiyməti isə 136 343 dollar təşkil edib. Ay ərzində rayonlar üzrə qiymət dəyişməsi mövcud tələbə uyğun baş verib.

 

Rayonlar üzrə orta bazar qiymətləri aşağıdakı kimi formalaşıb:

 

 

 



 

Aprel ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar ötən ayda olduğu kimi Xətai, Yasamal və Nərimanov rayonları olub. Aprel ayında təkrar mənzil bazarında qiymət indeksi mart ayı ilə müqayisədə 0,47 bənd azalaraq 7,51 bəndində qərarlaşıb.

 


 

Təkrar yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil “arxitektor” layihəli 2 otaqlıda qeydə alınıb. “İçərişəhər” metro stansiyası yanında yerləşən 43 kv.m sahəyə malik olan, əla təmirli mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 4600 dollar təşkil edib. Ən ucuz mənzil isə Qaradağ rayonunda, Ələt qəsəbəsində yerləşən 70 kv.m-lik sahəyə malik “eksperimental” layihəli, 3 otaqlı mənzildə qeydə alınıb, 700 dollar /kv.m.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR