Çin xarici ticarət dövriyyəsini kəskin artırıb

Çin xarici ticarət dövriyyəsini kəskin artırıb
# 13 aprel 2021 11:09 (UTC +04:00)

Bu ilin I rübündə Çinin ixrac və idxalı sabit iqtisadi bərpa və epidemioloji vəziyyətin yaxşılaşması fonunda kəskin artım nümayiş etdirib.

"APA-Economics"in məlumatına görə, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin dərc etdiyi hesabatda deyilir.

Qeyd olunub ki, cari ilin yanvar-mart aylarında Çinin ixracı keçən ilin eyni dövrünə nisbətən 49% artaraq 709,9 mlrd. ABŞ dollarına, idxalı isə 28% artaraq 593,62 mlrd. dollara çatıb. Hesabat dövründə Çinin xarici ticarətinin ümumi həcmi dollar ifadəsində 38,6% artaraq 1,3 trln. dollar təşkil edib. Müsbət ticarət saldosu 116,35 mlrd. dollara bərabər olub.

Qeyd edək ki, 2020-ci ildə Çinin xarici ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 1,5% artaraq 4,65 trln. dollar təşkil edib. Xarici ticarətin müsbət saldosu 535 mlrd. dollar (ixrac 2,59 trln. dollar, idxal 2,05 trln. dollar) olub.

Bu ilin yanvar-mart aylarında Çinin əsas ticarət tərəfdaşları ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası), ABŞ, Avropa İttifaqı (Aİ) və Yaponiya olub. Belə ki, Çinin ASEAN ilə dollar ifadəsində ticarətin həcmi 35,3% artaraq 191,42 mlrd. dollara, Aİ ilə 46,3% artaraq 183,64 mlrd. dollara, ABŞ-la 73,1% artaraq 165,72 mlrd. dollara, Yaponiya ilə isə 29,3% artaraq 86,35 mlrd. dollara çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR