Ermənistan KM Onik Qasparyanın Baş qərargah rəisi vəzifəsindən azad edilməsini qanuni sayıb

Ermənistan KM Onik Qasparyanın Baş qərargah rəisi vəzifəsindən azad edilməsini qanuni sayıb
# 02 noyabr 2021 21:20 (UTC +04:00)

Ermənistan Konstitusiya Məhkəməsi Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi Onik Qasparyanın tutduğu vəzifədən azad edilməsinin konstitusion olması barədə qərar verib.

APA xəbər verir ki, məhkəmənin mətbuat katibi Eva Tovmasyan məlumatı təsdiqləyib.

Xatırladaq ki, 2021-ci il fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan və daha bir neçə general Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. N. Paşinyan bunu hərbi çevriliş cəhdi adlandıraraq O. Qasparyanı vəzifəsindən azad edib. Lakin Ermənistan prezidenti Armen Sarkisyan bu barədə təqdimatı etirazla birlikdə Baş nazirə qaytarıb. N.Paşinyan Baş Qərargah rəisinin vəzifədən azad olunması üçün ikinci dəfə prezidentə təqdimatla müraciət edib. A.Sarkisyan bu dəfə də qərarı geri göndərib. Prezident hökumət başçısının O.Qasparyanın işdən çıxarılması üçün üçüncü təqdimatını da imzalamayaraq Konstitusiya Məhkəməsinə müraciət etmişdi.
Bir müddət sonra general-leytenant Artak Davtyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR