Gürcü deputatlar: “David Qareci monastırı ilə bağlı məsələ açıq qalır”

Gürcü deputatlar: “David Qareci monastırı ilə bağlı məsələ açıq qalır”
# 07 iyun 2007 16:48 (UTC +04:00)
Gürcüstan xarici işlər nazirinin müavini, dövlət sərhədlərinin delimitasiya və demarkasiyası komissiyasının sədri Georgi Mandcqaladze parlamentin müxalifət fraksiyalarını David Qareci monastırı ətrafında vəziyyətlə bağlı məlumatlandırıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, nazir müavininin müxalifət təmsilçiləri ilə görüşü qapalı keçirilir və görüşə XİN təmsilçiləri ilə yanaşı Sərhəd Polisinin və Gürcüstan ruhani dairələrinin nümayəndələri qatılıblar. “Demokratik cəbhə” fraksiyasının liderlərindən Zviad Ciciquri APA-nın Gürcüstan bürosuna bildirib ki, hökumət danışıqlar barədə müxalifəti məlumatlandıracağı barədə onlara əvvəldən xəbər göndərib. “Əsas məsələ odur ki, sərhəd problemləri Gürcüstanın maraqları baxımından həllini tapsın”. İclasa qatılmazdan əvvəl jurnalistlərə açıqlama verən Georgi Mandcqaladze bildirib ki, görüşdə müxalifət təmsilçilərini Azərbaycanla Gürcüstan sərhədlərinin delimitasiyasına dair danışıqların gedişi barədə geniş məlumat veriləcək. O, Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiya və demarkasiyası komissiyalarının növbəti iclasının iyul-avqust aylarında keçiriləcəyini bildirib. Qapalı toplantı iki saat davam edib, toplantıdan sonra jurnalistlərə açıqlama verən deputatlar David Qareci monastırı ilə bağlı məsələnin hələ də açıq qaldığını deyiblər. Onların fikrincə, tərəflər həm Azərbaycan, həm də Gürcüstanı qane edən qərar qəbul etməlidir. Millət vəkilləri David Qareci monastırı ətrafında qalmaqalla bağlı xarici işlər naziri Gela Bejuaşvilinin də parlamentdə hesabat verməli olduğunu deyiblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR