ATƏT-in müşahidə missiyasının rəhbəri Diter Boden: “Gürcüstanda seçkilərin nəticələrinin saxtalaşdırılmasına dair ciddi faktlar əldə etmişik”

ATƏT-in müşahidə missiyasının rəhbəri Diter Boden: “Gürcüstanda seçkilərin nəticələrinin saxtalaşdırılmasına dair ciddi faktlar əldə etmişik”
# 10 yanvar 2008 10:50 (UTC +04:00)
APA-nın məlumatına görə, “Frankfurter Rundschau” qəzetinə müsahibə verən Diter Boden rəhbərlik etdiyi missiyanın Gürcüstanda seçkilərin gedişinə dair ilkin rəyindən imtina etməyə hazır olduğunu vurğulayıb: “Bizim müşahidəçilər Gürcüstanda keçirilən prezident seçkilərində səslərin hesablanması zamanı ciddi qanun pozuntularına və nəticələrin məqsədyönlü şəkildə namizədlərdən birinin lehinə saxtalaşdırılması barədə ciddi faktlar əldə ediblər. Seçki komissiyalarında isə əsl xaos hökm sürür”. Diter Boden bildirib ki, müşahidə missiyasına ölkənin bir çox bölgələrindən, o cümlədən Batumidən səslərin saxtalaşdırılması barədə məlumatlar daxil olmaqdadır: “Bu məlumatlar bizə həm də öz müşahidəçilərimizdən gəlir. ATƏT-in müşahidə missiyası seçkilərdən bir gün sonra bu prosesi müsbət qiymətləndirən ilkin rəy açıqlamışdı, amma o zaman biz səslərin hesablanması zamanı bu cür ciddi qanun pozuntuları barədə məlumatsız idik. Mən müxalifəti seçki protokollarının saxtalaşdırılması barədə faktları ATƏT-ə və Mərkəzi Seçki Komissiyasına təqdim etməyə çağırıram”. Bununla belə, o, ATƏT ekspertlərinin bütün saxtalaşdırma faktlarını yoxlaya bilməyəcəyini bildirib: “Bunu biz edə bilməyəcəyik, yalnız Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələrini bir daha yoxlamaq səlahiyyətinə malikdir”. Qeyd edək ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası dörd seçki məntəqəsində səsvermənin nəticələrini ləğv edib. Müxalifət nümayəndələri səslərin nəticələrinin prezident Saakaşvilinin lehinə saxtalaşdırıldığı barədə faktlara sahib olduqlarını bəyan edərək onun legitimliyini tanımayacaqlarını bəyan ediblər. Bundan başqa, Mərkəz Seçki Komissiyası da ilk dəfə olaraq seçkilərdə ciddi qanun pozuntularına yol verildiyini etiraf edib. MSK sədri Levan Tarxnişvili bildirib ki, seçki məntəqələrində çoxlu sayda bülletenlər yoxa çıxıb, bir nəfər isə seçki qutusuna çoxlu sayda bülleten atmaq istəyərkən həbs olunub. Birləşmiş müxalifətin vahid namizədi Levan Qaçeçiladzenin tərəfdarlarından Tina Xidaşeli “Frankfurter Rundschau” qəzetinə verdiyi açıqlamada qeyd edib ki, onların seçki qərargahı 110 min səsin Saakaşvilinin lehinə saxtalaşdırılması barədə akt və protokollara sahibdirlər. Bu isə ümumi səslərin ən azı 6 faizinin saxtalaşdırılması deməkdir. Tina Xidaşeli Batumidə Levan Qaçeçiladzeyə verilən səslərin protokolda Mixail Saakaşvilinin adına yazıldığını bildirib və bu faktların məntəqələrdən toplanan protokollarla təsdiqləndiyini iddia edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR