KİV: Şoyqu və Lavrov deputat mandatlarından imtina edə bilər

Sergey Şoyqu, Sergey Lavrov

© APA | Sergey Şoyqu, Sergey Lavrov

# 20 sentyabr 2021 13:47 (UTC +04:00)

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında deputat mandatlarından imtina edə bilərlər.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə “İnterfaks” mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, S. Şoyqu və S. Lavrov “Vahid Rusiya” Partiyasının parlament seçkilərində qələbəsindən sonra deputat mandatlarından imtina edəcəklər.

Mənbə Kommunarkadakı xəstəxananın baş həkimi Denis Protsenko və “İstedad və uğur” fondunun rəhbəri Yelena Şmelovanın da Dumaya getməyəcəklərini bildirib.

“Vahid Rusiya” Partiyasının siyahısına liderlik edən “beşlik”dən yalnız uşaq hüquqları üzrə ombudsman Anna Kuznetsovanın deputat mandatını qəbul edəcəyi bildirilib.

Qeyd edək ki, “Vahid Rusiya” Partiyası VIII çağırış Rusiya Dövlət Dumasına keçirilən seçkilərə S. Şoyqu, S. Lavrov, D. Protsenko, Y. Şmelova və A. Kuznetsovanın liderlik etdiyi partiya siyahısı ilə qatılıb. Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumatlara görə, seçki protokollarının 90,3 faizi hesablandıqdan sonra “Vahid Rusiya” seçicilərin 49,65 faizini toplayaraq Duma seçkilərində qələbə qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR