Üzü Şuşaya - Zəfərin zirvəsinə doğru - FOTO - VİDEO

Şuşa qalası

© APA | Şuşa qalası

# 13 avqust 2021 19:38 (UTC +04:00)

APA-nın əməkdaşları Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər edib. Əməkdaşlarımız həmin ərazilərindən “Zəfərin izi ilə” layihəsində silsilə reportajlar hazırlayıb. Bu silsilədən növbəti reportajı təqdim edirik:

“Qaqa, gözümə yuxu getmir”, - bir neçə saat sonra birlikdə səfərə çıxacağımız Şamil “Whatsapp”dan yazır.

“Elə mənim də. Bəlkə çıxaq yavaş-yavaş? Maşınla şəhəri hərlənərik, o vaxta uşaqlar da gələr”, - cavab yazıram.

İkimiz də həyəcanlıyıq. Amma mənim həyəcanım hardasa başa düşüləndir, buna adətən “çamadan ovqatı” deyirlər. Səfərqabağı əksər insanlarda olur, yata bilmirlər. Məndə də elədi. Onun həyəcanı isə...

Yenə yazır: “Bayaqdan nə qədər ağlamışam...”

Şamil hüquqşünas olsa da, ədəbiyyatı, fəlsəfəni pis bilmir. Tez-tez qələm adamları ilə mübahisə edib “intellektiniz çatışmır” deməyi də axır vaxtlar hobbiyə çevirib. Odur ki, yüngülvarı zarafat edirəm: “Odissey öz İtakasına qayıdır”.

Gülüş smaylı göndərir. Amma deyəsən zarafat hayında deyil: “Fikirləşəndə ki, Şuşaya gedirəm, qəhər məni boğur” - dalıyca yazır.

Bəli, səfərimiz Şuşayadır. Şair demiş, istili, bürkülü bir yay axşamı, dörd yoldaş olub yola düzələcəyik: mən, operatorumuz Faiq, fotoqrafımız İlkin, bir də Şamil. “Zəfərin izi ilə” layihəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərin demək olar hamısına səfər etmişik. Bircə Şuşa qalıb, 44 günlük Vətən Müharibəmizin zirvəsi. Şuşasız bu silsilə səfərlərimiz yarımçıq görünərdi. Nəhayət, bu arzumuz gerçəkləşib. Şuşaya gedəcəyimizi öyrənəndən hamımızı həyəcan və sevinc bürüyüb. Şuşaya getməyi, əfsanəyə çevrilmiş bu gözəlim şəhəri qarış-qarış gəzməyi, havasını udub, suyundan içməyi kim arzulamaz?! Bir də 29 il ərzində ermənilərin Şuşanı saldıqları halı öz gözlərinlə görmək var: dağılmış məscidlər, türbələr, saraylar, imarətlər, ev muzeyləri, mülklər...

Qarışıq duyğular içindəyik. Şamil isə... pərişandır.

O, səfər yoldaşlarından fərqli olaraq şuşalıdır. 1992-ci ildə - 4 yaşı olanda çıxıb Şuşadan. 29 il sonra yenidən doğulduğu yerlərə qayıdır. Bunları mənə görüşüb, digər səfər yoldaşlarımız gələnə qədər maşında şəhəri dolaşarkən deyir: “Şuşaya gecə getməyimizin bir maraqlı cəhəti bilirsən nədir? Şuşadan da gecə çıxmışdıq. Atam mənimlə anamı mindirdi “ZİL”ə, özü qaldı Şuşada. Mən ortada oturmuşdum - əlilə sağ tərəfi, mənim oturduğum yeri göstərir – anamsa sağımda, düz Ağdama qədər ermənilərin içindən keçib gedəndə şofer hər dəfə başımdan basırdı aşağı, anama da deyirdi əyilsin. Çünki ermənilər uşaq, qadın görəndə maşını saxlatdırıb girov götürürdülər. Mənsə şeir deyirdim: ermənilər atmayın, bu yolu partlatmayın...”

Şamil danışır, danışdıqca nə qədər gizlətməyə çalışsa da, səsindəki kövrəklik onu ələ verir. Hətta, deyəsən, bir ara mənim yanında olduğunu belə unudur, öz-özünə təkrarlayır: “Düz 29 il yarım... Düz 29 il yarım...”

Mən gərginliyi azaltmaq, ovqatımızı səfərqabağı müsbətə kökləmək xətrinə mövzunu dəyişməyə çalışıram və Şuşanın tarixi barədə nəsə soruşuram. Cavab verə bilmir və əlavə edir: “Şuşa haqqında mənim ensiklopedik biliyim vardı. Bayaqdan nə qədər edirəm, heç nə yadıma sala bilmirəm”.

Daha nə deyim? Bilmirəm. Kefsizliyi yoluxucu xəstəlik kimi mənə də keçir. Susuram, başqa çarəm yoxdur.

“Şuşa mənim həyatımı çox dəyişdi, Mirmehdi. Şuşa işğal olunmasaydı, bəlkə də mən tamam başqa insan olacaqdım. Dünya görüşüm də fərqli olacaqdı, Şuşanın işğalı məni sağçı, millətçi elədi” - Şamil isə danışır.

Bəri başdan bir sirri də açım ki, Şuşada Şamilgilin evlərini də tapmağa çalışacağıq deyə, onun ətraflı danışması mənim özümə də faydalıdır, material toplayıram. Bəlkə də özü bilmir, bəlkə də bilir, büruzə vermir, amma bu yazımın bir qəhrəmanı Şuşadırsa, o birisi də Şamildir.

Artıq digər dostlarımız da gəlib, şəhərdən çıxmışıq. Yol uzun olduğu kimi, danışmağa mövzumuz da çoxdur: ədəbiyyatdan, musiqidən, gündəlik həyatdan, siyasətdən, müharibədən, məişətdən danışırıq (yorulanda musiqiyə yer veririk), lakin söhbətimiz labirint kimi hər dəfə hərlənib-fırlanıb gəlib Şuşaya, Şamilin xatirələrinə çıxır.

“Ehey”, - Şamil başımızın üstündəki “Şuşa” yazılı yol nişanını görəndə heyrətini gizləyə bilmir, elə bil illərdir yollarımızda asılmış məlumat nişanını ilk dəfə görür: “Həmişə buna baxanda deyirdik ki, bunu bura niyə asıblar? Sən demə lazım imiş”.

Qarabağa yaxınlaşdıqca relyef də, hava da dəyişir. Düzəngahları əvvəl təpələr, çölləri kollar-ağaclıqlar əvəz edir, sonra isə dağların və meşələrin qoynuna düşəcəyik. Burada Bakıdakı kimi heç kondisionerə də gərək yoxdur, maşının şüşələrini açmışıq, təmiz havanı sinədolusu ciyərlərimizə çəkirik. Şamil isə danışır: “Yaşar Nurinin bir filmi var e. İnternatda qalan uşaqlar həftəsonu darvazaya baxıb valideynlərinin gəlməsini gözləyirlər. Bax, yay gələndə biz öz rayonumuzu o cür gözləyirdik. Elə bil yay tətili vətən həsrətini yaşatdırırdı. Bəlkə də başqasına qəribə gələr, yayda o qədər rayona getməyən adam var. Bəlkə də işğal rayonundan olmasaydım, heç belə yanmazdım. İtki adamı çox yandırır. “Besedka”da oturub Bakının istisini hiss edəndə, ən çox Şuşa yadıma düşürdü. Nənəm Şuşadan danışırdı, başqa uşaqlar rayona gedirdi, mənimsə rayonum yoxdu”.

29 illik ayrılıqdan sonra doğma Şuşasıyla vüsal anları yaxınlaşdıqca, Şamilin bütün həyatı – Şuşasız illərdə keçirdikləri - gözünün qabağından gəlib keçir, bir ömürlük kinolent maşınımızın sürətilə həmahəng şəkildə geri fırlanır: “Balaca uşaq idim. Qaldığımız qaçqınxanada təxminən əlliyə yaxın ailə yerləşmişdi və bir televizorumuz var idi. Saat səkkizin yarısından hamı gəlib dururdu foyedə, televizorun qabağında, “Xəbərlər”i gözləyirdi. Oturmağa da yer yoxdu. “Bu gün gedirik, sabah gedirik”, “bu gün gedirik, sabah gedirik” və bu “bu gün gedirik, sabah gedirik”lər düz 98-ci ilə - bizi oradan köçürənə qədər davam elədi. Hər gün eyni adamlar gəlib orda durub baxırdı. Amma adamlar getdikcə seyrəlirdi. Axır-axırda televizora baxan bir neçə yaşlı adam qalmışdı, bir də biz uşaqlar, multikə baxmaq ümidi ilə gözləyirdik. Artıq adamlar seyrəlirdi. Bir hissəsi ümidini kəsmişdi, bir hissəsi daha inanmırdı, bir hissəsi dünyasını dəyişmişdi, bir hissəsi Bakıdakı işinə adaptasiya olmuşdu, axı çörək də qazanmaq lazım idi… Atam Bakıda işə konduktor kimi başladı. Eyni zamanda tar müəllimi idi, amma maaş çox cüziydi. Bir müddətdən sonra bir qohumumuzun çörək sexində çörək paylayan işlədi. Bir gün gəldi evə. Atamın gizli-gizli ağladığını gördüm, heç yadımdan çıxmaz. Atam Şuşada texnikumda müəllim olmuşdu…”

...Şamilin şuşalı-şuşasız xatirələrini dinləyə-dinləyə sübh tezdən Füzuliyə çatırıq. Oradan isə tikilməkdə olan “Zəfər yolu”na giririk. Bu yol bizi düz Şuşaya aparacaq. Daha bir şey də qalmayıb, iki saatlıq yolumuz ola, ya olmaya...

“Zəfər yolu”nun asfaltlanmış hissələrindən sürətlə, torpaq örtüyü təzə-təzə bərkidilən daşlıq yerlərindən isə asta-asta keçib gedirik.

Burada tam gücüylə tikinti-quruculuq işləri aparılır. Tez-tez qarşımıza torpaq, asfalt, daş daşıyan ağır tonnajlı yük maşınları, ekskavatorlar, traktorlar, dağın yarılmış hissələrinə daşdan bənd hörən ustalar, torpağı toxmaqlayan texnika çıxır. “Zəfər yolu” bəzi yerlərdə sıldırımların kənarı ilə, bəzən hündürlüyü beş mərtəbəli binalar boyda ağaclarla dolu meşə ilə, bəzən ortasından yarılmış hansısa dağın içi ilə keçib gedir. Arabir əsas yoldan sapıb “Zəfər yolu”nun üstündə müvəqqəti tikilmiş daş emal edən, asfalt hazırlayan mobil zavodlara sarı dönürük, yaxud hansı istiqamətə gedəcəyimizi çaşdırırıq. Çünki burada əsas yolla yanaşı, müvəqqəti və köməkçi yollar da inşa edilir. Buna görə də ana yola çıxmaq üçün yol qırağında dayanıb gözünün birini qarşısındakı cihaza dayayıb yol ölçən ustalardan, ya da hansısa təpəni qaşıyan ekskavatorçudan Şuşanın yolunu soruşuruq. “Şuşaya şuradan” - deyib əlləri ilə istiqaməti göstərirlər gülərüz işçilər.

Türkiyəli yolçəkənlərdi, ona görə gülərüz ki, bizi görüb sevinirlər, sözsüz-sovsuz, mimikalarla Şuşanın gözaydınlığını verirlər bizə...

Yolumuz indi də sıx meşənin içindən keçir, üzümüzə vuran xəfif sərinlik yuxusuzluğun verdiyi yorğunluğu canımızdan qovub çıxarır. Deyəsən, Şuşaya lap az alıb, Şuşanın havasını duyuruq. Şamil qəfil oxumağa başlayır: “Dumanlı dağların başında durdum...” Həyəcanını musiqi ilə ifadə edir. Məşhur filmdə deyildiyi kimi, bəs necə, şuşalı olasan, oxuya bilməyəsən?

Bu da Şuşa. Şiş dağların əhatəsində böyük bir plato. Şuşa elə bir coğrafi zəmində yerləşir ki, ən nabələd adamlar belə uzaqdan baxan kimi tanıya bilər. Çünki bu dağların arasında Şuşanın dağlarına, qayalarına bənzəyən ikinci dağ, qaya yoxdu. Elə bil kimsə dağın şiş uclarını yonub yastıladıb. Mənsə Şuşanı uzaqdan daha çox müdrik-müdrik yatan tısbağaya bənzətdim. Elə bil mifik dövrlərdən gəlmiş nəhəng bir tısbağa min illərdir dağların arasında yerləşib yatıb. Nəzərə alsaq ki, qədim insanlar dünyanın nəhəng bir tısbağanın üstündə dayandığını düşünürdülər, bizim mənəvi dünyamızın ayrılmaz parçası sayılan Şuşanı da nəhəng tısbağa belində şəhərə oxşatmaq olar.

Şuşaya girməmişdən qabaq bu mənzərəyə diqqətlə baxmaq üçün maşınımızı növbəti dolayda saxlayırıq. Şəhərin ətrafını bəzəyən sərt boz qayalara tamaşa edirik. Hamımızın ağlında o dəqiqə bir sual dolaşır: “Əsgərlərimiz bu qayaları necə dırmaşıb Şuşanı alıblar!?”

Səhəri gün Şuşanın girişindəki yüksəklikdə dayanıb bu dağlara, qayalıqlara bir də yaxından baxarkən adının və şəklinin çəkilməsini istəməyən Vətən Müharibəsi qazilərindən biri təvazökarlıqla deyəcəkdi: “Hadrutdan bura piyada 7-8 günə gəldik. Meşələrin içi ilə, ac-susuz. Üstümüzdə artıq nə var, hamısını yolda atmışdıq. Özümüzlə uzun bir kəndir də götürmüşdük. Bura çatanda gördük ki, çaşıb onu da atmışıq. O qayaları yalın əllərimizlə - əllərini göstərir - dırmaşmışıq”.

Elə sakit danışır, elə bil maşına oturub deyə-gülə Hadrutdan Şuşaya gəliblər, elə bil Şuşa möcüzəsini bizə bəxş edən say seçmə igidlərdən biri deyil bu dəmir kimi möhkəm oğlan.

Əsgərlərimizin bu keçilməz sıldırım, çılpaq qayaları dırmaşıb Şuşanı almaları həqiqətən möcüzədir, biz azərbaycanlılar üçün dünyanın səkkizinci möcüzəsi...

Yəqin, hələ uzun illər Şuşanı ilk dəfə görənlərin ağlını bu sual məşğul edəcək və Şuşaya çathaçatda avtomobillərini saxlayıb bizim igidlərin yaratdığı bu möcüzəyə tamaşa edəcəklər.

Şəhərin girişində, əsgərlərimizin dayandığı postdan bir qədər yuxarıda “Şuşa” yazılan lövhə qoyulub, hər iki yanında Azərbaycan və Türkiyə bayraqları dalğalanır. Növbətçi əsgərdən “Burada şəkil çəkdirə bilərkmi?” deyə soruşuruq. “Öz torpağımızdır, harada istəyirsiz çəkdirin”, - əminliklə deyir. Onun sözü ürəyimi dağa döndərir. Qınayan olmasa, fərəhdən boynunu qucaqlayıb hönkür-hönkür ağlayar, “Qardaş, biz bu sözü gör neçə il eşitmək istəmişik!” - deyərdim.

Təkcə yol yoldaşımız Şamilin yox, elə bizim də timsalımızda 29 illik həsrət bitir, bunca ayrılıqdan sonra, nəhayət, Şuşaya qovuşuruq. Bir qədər sonra postu adlayacaq və 3 gün boyunca Şuşanın küçələrini addım-addım, qarış-qarış gəzib tarixi abidələrini – məscidlərini, hamamlarını, bulaqlarını, ev muzeylərini, qədim mülklərini çəkəcək, ermənilərin törətdikləri vandallıqların şahidi olacaq, sizi də buna şahid edəcəyik.

***

“Güllələnmiş heykəllər”

Şuşada ilk olaraq “Güllələnmiş heykəllər”in qoyulduğu meydana getdik. Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəlləri Şuşa Şəhər İcra Hakimiyyətinin binası qarşısında qoyulub.

Bu 29 ildə təkcə insanlarımız yox, heykəllərimiz də didərgin düşmüşdü. Sonuncu dəfə ötən il Milli Musiqi Günündə Bakıda, Milli İncəsənət Muzeyinin həyətində gördüyüm kədərli, qəmli heykəllər burda sanki gülümsəyir. Əlbəttə, heykəl heykəldir, gülməz, ağlamaz, şənlənməz. Amma “Güllələnmiş heykəllər” də işğaldan öz nəsibini alıb, 29 il didərginlikdən sonra onları təzədən öz yerlərində-vətənlərində görmək bizi sevindirir, elə zənn edirik onlar da bizə qoşulub sevinir, gülümsəyirlər.

Həmin Milli Musiqi Günündə çıxışçılardan kimsə həmişəki təkrarçılıqla deyəndə ki, vaxt gələcək, bu heykəllər Şuşada ucalacaq, doğma yerlərinə qayıdacaq, o sözlər mənə nağıl kimi gəlmişdi. Düşünmüşdüm ki, bu sözlərlə özümüzə təsəlli verməklə məşğuluq. Lakin üstündən heç iki ay keçməmiş Şuşa azad olundu. Bu ilin yanvar ayında isə Prezident İlham Əliyev “Güllələmiş heykəllər”i Şuşaya qaytardı, onlar əvvəlki yerində - keçmiş Mədəniyyət Evinin qabağında qoyuldu. Ona görə “keçmiş” deyirəm ki, hazırda Mədəniyyət evindən əsər-əlamət qalmayıb. Ermənilər işğal illərində Şuşanın əksər tikililəri kimi Mədəniyyət evini də dağıdıblar, dağıdıblar azdır, yerlə yeksan ediblər.

“Güllələnmiş heykəllər”in arxasında isə quru divarları qalmış başqa bir tikili görünür ki, onun Xan qızı Natəvanın evi olduğunu səhəri gün öyrənəcək və gedib baş çəkəcəyik.

Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası

Şuşa Şəhər İcra Hakimiyyəti ilə üzbəüz, Mirzə Fətəli Axundov (Rasta bazar küçəsi) küçəsində Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası və ya Məscidli karvansaray yerləşir. Karvansaray Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb. Bura XIX əsrin 80-ci illərində məşhur şuşalı tacir Ağa Qəhrəman Mirsiyab oğlunun vəsaiti hesabına inşa edilib. Bu tikili günümüzə qədər yaxşı vəziyyətdə gəlib çıxıb, görünür, ermənilər işğal illərində karvansaray binasından istifadə ediblər.

Karvansaranın qarşısındakı enişin sağında isə günbəzli tikili diqqətimizi cəlb edir. Doğrusu, əvvəl oranın nə olduğu bilmirik. Yaxınlaşanda isə tikilinin Şirin su hamamı olduğunu gördük.

Şirin su hamamı

Bu ölkə əhəmiyyətli memarlıq abidəsi 1878-1880-ci illərdə Xan qızı Xurşidbanu Natəvanın sifarişi ilə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa edilib. Hamamın suyu Xan qızının Şuşaya çəkdirdiyi içməli su ilə işlədiyindən Şirin su hamamı adlandırılıb. Hamam həftənin tək günlərində kişilərə, cüt günlərində isə qadınlara xidmət edirmiş. Bu tarixi hamam Şuşa işğal edilənə qədər fəaliyyət göstərib.

Hamamın içinə keçib baxırıq. Kiçik tağlı hücrələrdən ibarət olan ümumi zalın mərkəzində xudmani çarhovuz var. Təəssüf ki, zalın günbəzində və divarlarındakı naxış və ornamentlər tamamilə məhv olub. Zaldan başqa otaqlara qapı açılır, digər zalda isə çimmək üçün böyük hovuz var. Hovuza düşən pillələrin sürahisinin materialından, işıq plafonlarından, plastik qapılardan belə başa düşmək olar ki, sonradan ermənilər hamamda müəyyən dəyişiklər aparıb işlədiblər. Lakin içəridən kəskin üfunət qoxusu gəlir, natəmizlikdən dayanmaq olmur, birtəhər çəkilişlərimizi bitirib oranı tərk edirik.

Bayırda isə narın yağış başlayır. Hava dumduru, tərtəmizdir, bir yarpaq belə tərpənmir. Sinənə çəkdikcə çəkmək istəyirsən. Deyirəm, əsl sanatoriya havasıdır, Şamil sözümü kəsir: “Şuşa elə sanatoriya olub də”.

Şamil narahat görünür. Şuşaya girəndə bələdçi götürməyi təklif etsəm də, Şamil bir şuşalı kimi şəninə sığışdırmamışdı: “Özümüz hər şeyi tapacağıq”. Lakin indi Şuşanın küçələrini dolaşdıqca hiss edirəm ki, yaddaşındakı, “Google map”də dəfələrlə baxdığı Şuşası ilə gördüklərini birləşdirməyə çalışsa da, nəsə alınmır. Bura dörd yaşında uşağın hafizəsində qalan, işğala qədərki videolentlərdə, şəkillərdə baxdığı, nənəsinin danışdığı Şuşa deyil. Bura tamam ayrı bir yerdir, yağmalanmış, talanmış şəhərdir. Şamilin gözlərindəki pərişanlıq məni də pəjmürdə edir. Etiraf etməsə də, Şuşa haqqında bu qədər biliyə, məlumata rəğmən evlərinin yerini tapmaqda çətinlik çəkir. Məlul-məlul baxır.

“Deyirəm bu küçə ilə aşağı düşək” - Şirin su hamamının qarşısından keçən enişi göstərirəm. Evlərin hamısı dağılıb, yalnız quru divarlar qalıb, onları da illər aşındırıb, əridib. “Bəlkə də o dağılmış evlərdən biri sizinkidir?” – üzümü Şamilə tuturam.

“Evimiz o tərəfdə deyildi” deyib, etiraz edir: “Utandım atama deməyə ki, dədə, mən Şuşaya gedirəm, bura gəlmək birinci onun haqqı idi. İndi də zəng edib evin yerini soruşmağa üzüm gəlmir”. Şamilin kədərli etirafıdır bu.

Nəhayət, bizim də təkidimizdən sonra atasına zəng vurub danışır: “Ata, Şuşanın İcra Hakimiyyəti hansı məhlə sayılırdı?”

Şuşaya gələnlər ilk növbədə Yuxarı Gövhər Ağa məscidini ziyarət edirlər. Biz də İcra Hakimiyyətinin qarşısında işimizi yekunlaşdırıb ora yollanırıq. Şamil isə hələ də atası ilə danışır, Şuşada gördükləri haqqında məlumat verir, nəyinsə yerini soruşub, arada maşına minib harasa gedir, sonra təzədən qayıdır. Biz Yuxarı Gövhər Ağa məscidində çəkilişlərimizi bitirənə qədər belə davam edir.

Əsası 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhərinin ətrafı qala divarları ilə sarılı olub. Şuşanı başqa şəhərlərdən fərqləndirən xüsusiyyətlərdən biri də odur ki, o, hissə-hissə, müxtəlif periodlarla deyil, Sankt-Peterburq kimi planlı şəkildə, eyni vaxtda tikilib. Ona görə əksər tarixi abidələrin inşası XVIII əsrə aiddir. Şəhərin 17 məhəlləsi, hər məhəllənin isə özünün məscidi, hamamı və bulağı olub. Triadaya daxil olan bu obyektlər, adətən, bir-birinin yaxınlığında tikilir və həmin məhəllənin adı ilə adlanırdı. Təəssüf ki, işğal illərində şəhərdəki məscid, bulaq və hamamların əksəriyyəti talan, bəziləri ilə yerlə-yeksan edilib. Şuşadakı məscidlərin ən qədimi isə Yuxarı Gövhər Ağa məscididir ki, mərkəzi meydanda yerləşir.

Yuxarı Gövhər Ağa məscidi

Burada ilk məscid hələ Pənahəli xanın göstərişi ilə təxminən 1750-ci illərdə qamışdan inşa edilib. Onun oğlu İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra 1768-1769-cu illərdə qamış məscidin yerində daşdan yeni məscid inşa olunub. Lakin bu məscid XIX əsrin I yarısında İbrahimxəlil xanın qızı Gövhər ağanın maddi dəstəyi ilə qoşa minarəli üçüncü məscidlə əvəzlənib. 1883-cü ildə isə yenə də Gövhər ağanın maddi vəsaiti əsasında üçüncü məscidin yerində Şuşanın dördüncü və sonuncu cümə məscidi tikilib.

Dövrümüzə yaxşı qorunmuş səviyyədə çatmış bu məscidin memarı Qarabağda bir çox tikililərin müəllifi olan Kərbəlayi Səfixan Qarabağidir. Yuxarı Gövhər Ağa məscidinin minarələrinin dekoru və məscid yaxınlığındakı mədrəsənin ikinci mərtəbəsində otaqlardan birinin divar rəsmləri Mir Möhsün Nəvvab tərəfindən işlənib ki, biz onun da evini axtarıb tapmağa çalışacağıq.

Məscidin portikinin arkadası, ikimərtəbəli tikilinin hündürlüyü boyunca ucalan üç eyni tağdan ibarətdir. Eyvanın tağları üzərində Quran ayələri yazılmış dekorativ lent uzanır. Yuxarı Gövhər Ağa məscidinin dam örtüyünün orta hissəsində əsas ox boyunca yerləşən və mərkəzi nefin üstünü örtərək təxminən 5 metrlik diametrə malik olan iki günbəz fərqlənir. Kərpiclə hörülmüş minarələrin səthi qabarıq lentlərlə üç hissəyə bölünüb və rəngli daşlarla bəzədilib.

Məscidin həyətində üzərində ərəb dilində yazılar olan on beşə yaxın məzar var. Təəssüf ki, bunların kimin məzarı olması haqqında ətraflı məlumat verə bilməyəcəm. Görünür xanlıq ailəsinin üzvlərindən və ya nüfuzlu dindarlardan kimlərsə burada dəfn edilib. Məscidin həyətində yerli əhəmiyyətli tarixi abidə sayılan mədrəsə yerləşir ki, sovet dövründə onun bir hissəsi sökülərək yerində bağ salınıb.

Yağış hələ kəsməyib. Bakıda istinin, bürkünün əlindən qurtulub Şuşada payız havasına düşmək də ayrı cür ləzzət edir. Bir yandan da piano səsi. Yaxınlıqdakı binadan yüksəlir. Kimdirsə, yaman çalır. Naməlum pianoçunun ifasında Şuşanın küçələrinə Azərbaycan musiqisi yayılır. Binaya bir qədər də yaxınlaşıb dinləyirik. İfa nə qədər həvəskarcasına olsa da, bu məqamda, Yuxarı Gövhər Ağa məscidinin həyətində, Şuşanın mərkəzində səslənməsi, musiqimizin yenidən Şuşada cana gəlməsi insanı sevindirir, izah olunmaz duyğular bəxş edir, məndən ötrü bu məqamda Üzeyir bəyin də, Bülbülün də, Zülfüqar Hacıbəyovun da, Fikrət Əmirovun da, Süleyman Ələsgərovun da (və daha kimlərin) ruhu rahatlıq tapır. Qoy lap həvəskar painoçu olsun, arada mahnını düzgün çalmasın, yersiz pauza eləsin, xaric vursun, təki yenə də Azərbaycan musiqisi cövlan eləsin Şuşanın göylərində, elektro-şok kimi onu diriltsin, 29 illik uyqudan oyatsın, yad küylərdən, silah-güllə səslərindən təmizləsin, Şuşa yenidən musiqi-muğam mərkəzinə çevrilsin; musiqiləşsin, mahnılaşsın, nəğmələşsin... Şuşadan bundan sonra yalnız muğam zənguləsi, tar sədası, piano səsi eşidilsin.

Bu vaxt Şamilin maşını təzədən meydanda görünür. Bizdən yayınıb harasa getmək istədiyini hiss edirəm. Deyəsən, evlərinin yerini öyrənib, yəqin ki, evlərini tapmağa gedir. Amma biz onu tək qoyan deyilik. Maşına minib Yuxarı Gövhər Ağa məscidinin sağındakı yoldan yuxarı qalxır, sonra divarları yaşıla çalan binanın qabağından sağa buruluruq.

Deyəsən, Şamil özü evin yolunu tapmayacağını anlayıb təzədən atasını yığır: “Dədə, beşmərtəbəni düşəndən sonra sağa dönüm, sola?”

“Düşmürsən”, - atasıdır, - “beşmərtəbənin qabağından sağa...” - izah edir.

“Aha, Gövhər Ağanın qabağındakı beşmərtəbəni deyirsən?” - Şamil təkrar soruşur.

“Yox, Gövhər Ağanı keçirsən, sonra sağa dönürsən”, - atası təkid edir”. Lakin sağa aparan yol bir qədər sonra dalana dirənir.

Biz maşınımızı geri verənə kimi atası xəttin o başından izahatına davam edir: “Oraynan düz gedirsən, təzə məhlə bulağı var, oranın suyu gəlmir, bir də orada yaşıl aptek var. Mehmandarovların evini keçirsən, sağa dönürsən, düz əlli metr gedirsən, mən tikdirdiyim evdir. Böyründə də Arazgilin evi”.

Amma Şamilin atasının yolu izah etməsinə baxmayaraq, istiqaməti tapa bilmirik. Eyni yerdə dolaşıb dururuq.

“Beşmərtəbənin yanından sağa dönən kimi torpaq yola çıxır” - Şamil telefonda atasına deyir.

“Qabaq asfalt idi, indi nə bilim. Bircə dənə yol var də”, - atası şikayətlənir.

Şamilə deyirəm ki, evlərinin yerini belə axtarmaq çətin olacaq, “Whatsapp”la görüntülü yığsın.

“Ağıllı varinatdı”, - Şamil zarafata salır.

Həqiqətən, fikrim işə yarayır, görüntünü açandan sonra anası da söhbətə qoşulur, birlikdə evin yolunu izah edirlər.

“Bazara tərəf getmə, bazarın bu biri kəlləsinə gəl. O beşmərtəbənin qabağınla düz get, sola dön. Sola döndünmü, sağ tərəfdə uşaq bağçası vardı. Sən o bağçada olmusan, yadına gəlməz”.

Divarları dəmir hasarlı uşaq bağçası hələ də yerindədir. Həyətindəki tikilinin üstündə rəngbərəng boyalarla çəkilmiş heyvan təsvirləri var. Görünür, işğal illərində ermənilər buranı təyinatına uyğun istifadə ediblər. Bağçanın keçib Şamilin ata-anasının tərifi ilə gedirik. Beləcə “Whatsap”la görüntülü şəkildə Şamilin valideynlərindən soruşa-soruşa gəlib çıxırıq evlərinə.

Şamil həyəcanını hiss etdirməsə də, maşını sürməyi onu ələ verir, çala-çuxura baxmır, lazım oldu-olmadı sürəti artırır, həmişəki ehtiyatlı sürücüdən əsər qalmayıb.

“Sağdakı Mehmandarovların evidir, Şamil”, - atası deyir.

“Onun yanındakı bəs nədir?” – Şamil həm maşını sürür, həm də telefonla dediyi istiqaməti çəkir.

“O da məscid olub, onun yanından dədəmgilin evinə yol qalxırdı” – Atasıdır.

“Burdan düz get, sağa dön, sağa” - Anası onlara qoşulur.

29 illik ayrılıqdan sonra doğma evlərinə qovuşmağa tələsən, ata, ana və oğula şahidlik edirik. Film kimi səhnələrə gözümüzün qarşısında canlanır.

“Gördüm” – Uzaqdan evlərini görən Şamil deyir, səsi soyuqdur, həyəcanını tutmağa çalışır.

Atası: “İndi gör yadına gəlir?”

“Bu bizim evdir”, - Şamil təsdiqləyici tərzdə deyir.

Bu da Şamilgilin evi, 1992-ci ildə tərk etdiyi ev. Nəhayət, 29 il sonra öz doğma evlərinə qayda bilir. Maşından düşüb həyətə daxil oluruq. Hər tərəfi ot basıb. Çoxdandır, bəlkə 29 ildir ki, buradan həyat əlaməti çəkilib. Quruca divarları qalmış ikimərtəbəli ev də olmasa, heç deməzsən ki, nə zamansa buralara insan ayağı dəyib.

Şamillə həyətin ortasında dayanıb evlərinə baxırıq. Onun yerində mən olsam, dözmədim, özümdən gedərdim, əyilib torpağı öpərdim, üzümü evimizin divarlarına sürtərdim. Şamil isə soyuqqanlılığını qoruyur. Amma hiss edirəm ki, buna çox çətin nail olur.

“Yadına nəsə düşür?” - Şamildən soruşuram. “Hər şey atam dediyi kimidir. Evi o vaxt təmir edirdik, ikinci mərtəbəsini düzəldirdik. Amma belə deyildi, hər tərəfi ot basıb. Biz buradan gecə çıxmışdıq. Atam onda döyüşürdü, gecə ilə anamla məni maşına mindirib Ağdama yola salmışdı. Onda sonuncu dəfə görmüşdüm bu evi. Hələ də burada keçirdiyim günlər, topun, qradın səsi yadımdadı. Evimiz o vaxt təmir olunurdu. Düzdür, mən uşaq idim, amma həyətdə palçıq qarışdıran ustalara kömək etməyim yadıma düşür. Evin pəncərələrini, qapılarını, hər şeyini aparıblar, bircə divarları qalıb. Baxmayıblar, çünki özlərinin olmayıb, özlərinin olmadığına görə də baxmayıblar. Bu mənzərəni görəndə adamın ürəyi dağlanır. Elə bil cəngəlliyə düşmüsən” – Şamil deyir.

Həyəti gəzirik. Çəpərin dibinə tökülmüş, üstünü kol-kos basmış daş qalağını görür. Təəccüblə: “Daşın bir hissəsini aparmayıblar”, - deyir.

“Sizin tökdüyünüz daşdı?” – Soruşuram.

“Bizimdi”, - deyir.

Evin böyründə fındıq ağacı var, altında paslı miz və skamya qoyulub, yanında isə köhnə dəmir çarpayının “setka”sı divara söykənib. Şamil bunların o vaxtdan qalma olduğunu deyir: “Biz bu fındıq ağacının altında otururduq. Mən burda oyun oynayırdım.”

Yabanı şəkildə bitmiş böyürtkənlərdən dərib ağzına atır. Deyirəm “Həyətinizin məhsuludur, ye, nuş olsun”. Gülür, “Qonaq olun, elə bil öz həyətinizindir” - deyir.

“Bax, bu evi, həyəti, necə kol-kos basıbsa, həyət necə həyətlikdən, ev necə evlikdən çıxıbsa, eynilə Şuşanın işğalından sonra bizim həyatımızı da bu cür kol-kos basdı, ömrümüz bu cür viranəliyə çevrildi. Erməni işğalı bizi yaşamağa qoymadı. Travma ilə yaşamışıq. Uşaqlığımızı da, gəncliyimizi də. Arzumuzu, amalımızı başqa istiqamətə xərcləyə biləcəyimiz halda Qarabağa dönməkdən başqa fikrimiz olmayıb. Nə yaxşı ki, torpaqlarımızı işğaldan azad etdik, nə yaxşı gəldik, gördük”, - Şamil davam edir.

Sonra biz Şuşada çəkilişləri davam etdirmək üçün Şamilgilin həyətini tərk edirik. Sonra Şamil evlərində tək qalır. Sonra Şamil təklikdə evlərinin daşını, torpağını qucaqlayıb ağlayır. Sonra Şamilgilin həyətində körpə oğlan uşağı peyda olur: həyətdə qaçır, evi tikən ustalara kömək edir, yıxılır, üst-başını bulayır, fındıq ağacının altında oyuncaqları ilə oynayır, quşlara daş atır, başını qaldırıb göylərə baxır, gözləri qamaşır...

...Sonra Şuşanın səmasını qara buludlar bürüyür... Və işğal başlayır!

(Ardı var)

Foto – İlkin Nəbiyev © APA GROUP

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR