«Russneft Absheron» birinci yarımillikdə «Hövsan-Zığ» blokunda 3,7 mln. kubmetr qaz hasil edib

«Russneft Absheron» birinci yarımillikdə «Hövsan-Zığ» blokunda 3,7 mln. kubmetr qaz hasil edib
# 19 avqust 2008 13:02 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Azərbaycanın quru sahəsində yerləşən «Hövsan-Zığ» yataqlar blokunun işlənməsilə məşğul olan «Russneft Absheron Investments Ltd.» Əməliyyat Şirkəti 2008-ci ilin ilk yarısında bu blokda 3,7 mln. kubmetr qaz hasil edib. Təkcə ötən iyun ayında bu blokda qaz hasilatı 140 min kubmetrə bərabər olub. Hasilat işlərinə 2007-ci ilin sentyabr ayında başlanılıb.
«Russneft Absheron Investments Ltd.» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, müvafiq PSA tipli müqavilə Rusiyanın «Russneft» şirkətilə ARDNŞ arasında 2006-cı ilin noyabrın 3-də imzalanıb. Kontrakt sahəsi 65 kv. km, çıxarılan neft ehtiyatları qalığı isə 12 mln. ton təşkil edir.
Xatırladaq ki, əvvəllər bu blokun işlənməsində operator rolunda Rusiyanın «LUKoil» şirkəti çıxış edib. Belə ki, 2001-ci ilin yanvarın 9-da ARDNŞ ilə «LUKoil» arasında bərabər paylar əsasında (50%) PSA tipli müqavilə bağlanıb. Lakin sonradan layihə üzrə ekoloji bərpa işlərinə böyük həcmli investisiya tələb olunduğuna görə, «LUKoil» layihədən imtina edib və kontrakt 2004-cü ilin dekabr ayında ləğv olunub. «LUKoil» ekspertlərinin hesablamalarına əsasən, ümumi investisiyalar 250-300 mln. ABŞ dolları olduğu halda, ekoloji məsələlərin həllinə təqribən 100 mln. dollar tələb olunur.
Qeyd edək ki, «Zığ» yatağı 1935-ci, «Hövsan» yatağı isə 1948-ci ildən istismar olunur və indiyədək bu blokdan mövcud ehtiyatların yalnız 5%-i çıxarılıb. «Hövsan-Zığ» bloku Bakıdan təqribən 25 km şimal-şərqdə yerləşir. Layihəyə təxminən 100-150 mln. dollar həcmində investisiyanın yatırılacağı gözlənilir və bunun 10-15%-i ekoloji tədbirlərin icrasına sərf olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR