Azərbaycan Ordusunun tarixi zəfəri dövlətin mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir - TƏHLİL

Azərbaycan Ordusunun tarixi zəfəri dövlətin mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir - TƏHLİL
# 25 iyun 2021 14:31 (UTC +04:00)

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin günüdür. 26 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından təxminən 1 ay sonra milli ordumuz yaradıldı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər.

Burada xüsusi ilə qeyd etmək lazımdır ki, həmin dövrdə azərbaycanlılar digər müsəlman xalqları kimi Rusiya ordusuna çağırılmır, bu isə, bir çoxlarının hərbi işləri yadırğamasına gətirib çıxarırdı. Sözsüz ki, müsəlmanları döyüş sənətindən uzaq tutmaqda Rusiya imperiyasının məqsədi bəlli idi. Nəticədə, həm XX əsrin əvvəllərində ermənilər tərəfindən baş tutan kütləvi qırğınlarda, həm də 1918-ci ilin mart hadisələri zamanı hazırlıqlı ermənilər azərbaycanlılara qarşı dəhşətli qırğınlar törədərək yerli əhaliyə qarşı öz doğma torpaqlarında soyqırım həyata keçirdilər. Təbii ki, ermənilərin bu vəhşiliyinin səbəbi bütün Azərbaycanda yerli əhalinin sayını azaldaraq dənizdən dənizə konsepsiyalarını həyata keçirmək idi.

Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları müstəqillik elan etdikdən sonra tez bir zamanda milli ordunun qurulmasını anlayır. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. İndi olduğu kimi, 1918-1920-ci illərdə də, Azərbaycan ordusu Zəngəzur və Qarabağ torpaqlarında ermənilərin torpaq iddiaları ilə üz-üzə idi. Həmin dövrdə milli ordumuz Qarabağda və Zəngəzurda hərbi əməliyyatlar keçirib ermənilərə sarsıdıcı zərbələr endirdi. Lakin təəssüflər olsun ki, 1920-ci ilin 28 aprel tarixində Xalq Cümhuriyyəti Sovet Rusiyası tərəfindən süquta yetirildi və torpaqlarımızın növbəti itkilərinin əsası qoyuldu.

Tarix göstərdi ki, düz 70 il sonra, Azərbaycan öz müstəqilliyini elan edərkən də, ordumuz ermənilər və onların arxasındakı güclərlə mübarizə aparmalı olacaqdı. 1990-cı illərin əvvəllərində Azərbaycanda hökm sürən qeyri-sabitlik ordu quruculuğu məsələsinə ciddi xələl gətirirdi.

Yalnız Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkəmiz yeni dövlətçilik mərhələsinə daxil oldu, bütün sahələrdə olduğu kimi silahlı qüvvələrimizdə də ciddi ordu quruculuğuna start verildi. Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrlə bağlı aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.

Bugünkü Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Ulu öndər Heydər Əliyev bu sahədə də uzaqgörənliyi ilə seçilib. Azərbaycan Respublikasının vaxtı gələndə müstəqilliyə qovuşacağını yaxşı başa düşən dahi şəxsiyyət hələ Sovetlər dövründə hərbi sahədə kadrların hazırlanmasına xüsusi önəm verib. Əgər Heydər Əliyevə qədər Azərbaycan gənclərinin hərbi xidmətə cəlb edilməsinə onların iki illik hərbi mükəlləfiyyəti, hansısa bir hərbi hissədə iki illik müddətin başa vurulması sınağı kimi baxılırdısa, Heydər Əliyev respublikaya rəhbərlik etdiyi illərdə bu baxışları dəyişməyə müvəffəq oldu və bunu bir ümumxalq vəzifəsi kimi aktuallaşdırdı. Yeni şəraitdə hərbi xidmət xalq üçün xüsusi əhəmiyyət kəsb edən mürəkkəb hərbi ixtisasların öyrənilməsi məktəbi kimi qəbul edildi, hərbi xidmətə hazırlıq işlərinə diqqət artırıldı.

Heydər Əliyevin qeyd etdiyi kimi, XX əsrin 70-ci illərindən etibarən peşəkar hərbi kadrların hazırlanması məsələsi Azərbaycan xalqının əsas vəzifələrindən biri kimi ortaya qoyuldu. Bütün bunların nəticəsində həm gənclərin hərbi xidmətə çağırış işi təkmilləşdirildi, həm də azərbaycanlıların xüsusi ixtisas hazırlığı verən hərbi hissələrə göndərilməsi artdı.

Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra da apardığı məqsədyönlü siyasət nəticəsində Milli Ordu formalaşdırıldı, Azərbaycanın nizami Silahlı Qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü, hərbi intizam möhkəmləndirildi. 22 may 1998-ci ildə mərhum prezident Heydər Əliyev 26 iyunun Silahlı Qüvvələr günü kimi qeyd olunması barədə fərman imzaladı və o vaxtdan həmin tarix bayram olaraq qeyd edilir.

Daha sonra, Prezident İlham Əliyev tərəfindən ordu quruculuğu davam etdirilməyə başlandı, bu sahədə Azərbaycan ciddi uğurlara sahib oldu. Ordu dövlətin təməl prinsiplərindən biri, təhlükəsizliyinin əsas təminatçısıdır. Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı ordu quruculuğu və bu sahədə perspektivlər barədə danışan Prezident İlham Əliyev demişdi: “Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.

Ötən 17 ildə Azərbaycanın müdafiə sisteminin gücləndirilməsi, Silahlı Qüvvələrin tərkibində olan bütün qoşunlarda həyata keçirilən islahatlar İlham Əliyevin öz vədinə sadiqliyini təsdiq edir. Bu illərdə İlham Əliyevin xüsusi nəzarəti, tapşırıqları, göstərişləri və təşəbbüsləri ilə təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə praktik fəaliyyət göstərən strukturlardan olan ordunun yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi üçün məqsədyönlü iş aparılıb. Çünki Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşıda dayanan ən əsas vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin daimi olaraq artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsi idi.

Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılması ilə ölkəmizdə ordu quruculuğunda keyfiyyətcə yeni mərhələ başlayıb.

Bu illər ərzində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət quruculuğu strategiyasının uğurla reallaşdırılması, güclü iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılması müasir ordu quruculuğu və hərbi məsələlərin yüksək səviyyədə həll edilməsinə imkan yaratdı. Bu məqsədlə hər il dövlət büdcəsində müdafiə xərclərinə böyük vəsait xərcləndi, ölkənin müdafiə sənayesi yaradıldı, ordu ən müasir silahlarla təchiz edildi, ölkəmizin hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirildi və nəticədə Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasına daxil oldu. Dünya ölkələrinin ordularının reytinqi hazırlanarkən orduların quruda, havada və dənizdə adi silahlardan istifadə imkanları, hərbi texnikaların növləri, sayı və keyfiyyəti, hərbi büdcə, həmçinin ölkənin malik olduğu iqtisadi resurslar və coğrafi vəziyyət, əsas götürülüb.

Sözsüz ki, coğrafi cəhətdən kiçik Azərbaycanın Silahlı Qüvvələrinin dünyanın 50 ən güclü orduları sırasında olması hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Sözsüz ki, bu hal Ali Baş Komandan İlham Əliyevin yorulmaz siyasətinin nəticəsidir.

2020-ci ilin payızına qədər torpaqları işğal altında olan və qarşısında təkcə Ermənistan deyil, eyni zamanda onun ayrı-ayrı havadarlarının olduğu Azərbaycan Respublikası 44 günlük müharibə ilə İkinci Dünya müharibəsindən sonra qurulmuş Postdam – Yalta sisteminin işlək olmamasını, dəyişiklikliyə ehtiyac olduğunu sübut etdi. İlk dəfə idi ki, BMT Təhlükəsizlik Şurasını təmsil etməyən dövlət ərazi bütövlüyünün təmin edilməsini hərbi əməliyyatlar vasitəsilə bacardı.

Vətən müharibəsi dövründə Azərbaycan hərbçisinin rəşadəti, qarşısına qoyulan bütün döyüş tapşırıqlarını şərəflə, dəqiqliklə yerinə yetirməsi çox az bir zaman kəsiyində illərdir torpaqlarımızda möhkəmlənmiş, istehkamlar qurmuş erməni ordusunun darmadağın edilməsi ilə nəticələndi.

Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu sayəsində bütün dünya Azərbaycan xalqının, onun Liderinin, şanlı ordumuzun gücünü görmüş oldu, qonşuların bizə qarşı 200 ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoyuldu. Bu qalibiyyət düşmən ordusunu darmadağın etdi, Azərbaycanın gücünü göstərdi və sözsüz ki, bundan sonra artıq heç kim Azərbaycan ordusunun qarşısına çıxmağa cürət etməyəcək.

Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var!”.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya və siyasi idarəetmə kafedrasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri – Zaur Məmmədov



#
#

ƏMƏLİYYAT İCRA OLUNUR