Koçaryan Paşinyanı duelə çağırıb: Ermənistanda söz savaşı küçələrə keçə bilər - TƏHLİL

Koçaryan Paşinyanı duelə çağırıb: Ermənistanda söz savaşı küçələrə keçə bilər - <span class="red_color">TƏHLİL</span>
# 10 iyun 2021 17:21 (UTC +04:00)

Ermənistanda siyasi gərginlik getdikcə artır. Növbədənkənar parlament seçkisi iyunun 20-nə təyin olunsa da, seçkiqabağı gərginlik o həddə çatıb ki, artıq seçkilərin təxirə salına biləcəyi ehtimalı da müzakirə edilir.

Qeyd edək ki, Ermənistan Konstitusiyasına görə, parlament seçkilərində qalib gələn siyasi qüvvə hökuməti formalaşdırır və Baş nazir postuna namizədini təklif edir. 44 günlük savaşdan sonra keçirilməsi seçkilərin önəmini daha da artırır. Məğlubiyyətə uğrayan Ermənistanda daxili düşmən axtarışına start verilib və tərəflər arasında amansız mübarizə gedir.

Seçkilərdə 23 partiya, 4 siyasi blok iştirak edir. Əsas mübarizənin Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası, eks-prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku, eks-prezident Serj Sarkisyanın dəstək verdiyi, Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın rəhbərlik etdiyi “Mənim şərəfim var” bloku, biznesmen Qaqik Saruskyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası, habelə Edmon Marukyanın rəhbərlik etdiyi “İşıqlı Ermənistan” partiyası və eks-prezident Levon Ter-Petrosyanın lideri oldu “Erməni Milli Konqresi” partiyası arasında gedəcəyi barədə proqnozlar artıq özünü doğrultmağa başlayıb.

Seçki yaxınlaşdıqca, təbliğat-təşviqat kampaniyaları fonunda emosional mühit də gərginləşir. Ermənistanda ictimai rəy birmənalı deyil, tərəflərin bir-birini çirkaba batırması, kompromat savaşı olduqca əsəbi mühit formalaşdırıb. Tərəflər bir-birini siyasi baxımdan məhv etmək üçün hər vasitədən istifadə edir. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan ona ünvanlanmış tənqidlərə cavab verməkdə çətinlik çəkir. Artıq o, siyasətçini, ölkə rəhbərini aciz, aqoniya vəziyyətində göstərən “2020-ci ildəki müharibədə Allah bizdən üz döndərmişdi” kimi ifadələrə sığınmağa başlayıb. Bundan başqa, üzləşdiyi çətin durumdan çıxış yolları axtaran Paşinyan növbəti dəfə özünü biabır edən açıqlama ilə çıxış edib. Əslində, bu biabırçı təklif ona eyni dərəcədə reallıq hissini itirmiş sabiq prezident Serj Sarkisyandan gəlib. Sarkisyan guya Paşinyanı pis vəziyyətdə qoymaq üçün təklif edib ki, Azərbaycandakı “hərbi əsirlərdən” 25-nin azad edilməsi qarşılığında Baş nazir oğlunu Bakıya göndərsin. N. Paşinyan da gülməli, o qədər də sərsəm sayıla biləcək bu təkliflə razılaşıb, oğlunu Bakıya göndərməyə hazır olduğunu bildirib.

Paşinyanın bu addımı isə rəqibləri tərəfindən seçici rəğbəti qazanmağa yönəlmiş növbəti populist addım kimi qiymətləndirilir. Ermənistanın sabiq prezidenti və Paşinyanın seçkilərdə əsas rəqiblərindən Robert Koçaryan onun bu təklifini primitiv debilizm və ucuz populizm adlandırıb. R. Koçaryan bildirib ki, orta əsrlərə xas belə çağırışlarla irəliləyişə nail olmaq imkansızdır. R. Koçaryan, əslində, bu sözləri ilə təklifin müəllifi olan S. Sarkisyanın da bostanına yekə bir daş atmış olub.

Koçaryanla Paşinyan arasında söz savaşı isə son günlər artıq məişət səviyyəsinə enib. Onlar artıq bir-birinə “Sən kişi deyilsən” kimi küçə jarqonu ilə müraciət edirlər. Bundan başqa, R. Koçaryan N. Paşinyanı məmnuniyyətlə duelə çağırmağa hazır olduğunu bildirib. Paşinyan isə onu bu sözlərinə görə terrorçularla müqayisə edib.

Paşinyanın R. Koçaryan haqqında səsləndirdiyi başqa arqumentlər də R. Koçaryanı özündən çıxarıb. N. Paşinyan bildirib ki, məhz R, Koçaryanın prezidentliyi dövründə Dağlıq Qarabağ separatçıları danışıqlar prosesindən kənarlaşdırılıb, buna görə, o, cavab verməlidir. Deyilənlərə tutarlı cavab tapa bilməyən R. Koçaryanın sözləri isə L. Ter-Petrosyanla onun arasında illərdir davam edən gərginliyi daha da artırıb. R. Koçaryan bildirib ki, 1997-ci ildə və 1998-ci ilin aprelinə - o, prezident seçilənə qədər də gedən danışıqlarda Dağlıq Qarabağ separatçıları iştirak etməyib, bununla məsuliyyəti həmin vaxt Ermənistan prezidenti olan L. Ter-Petrosyanın üzərinə atıb. L. Ter-Petrosyan isə R. Koçaryanın dediklərinin əsassız olduğunu bildirib, onun manipulyasiya ilə məşğul olduğunu söyləyib.

Bu sırada Paşinyanın gizli səs yazısının yayılması da vəziyyəti gərginləşdirib. Səs yazısında Paşinyan Qarabağla bağlı Putin, Nazarbayev və Lukaşenko ilə danışıqlarından bəhs edir. Səs yazısında ciddi fakt olmasa da, rəqiblərinin ölkəyə rəhbərlik edən şəxsin danışıqlarını yayması rəsmi İrəvanın səriştəsiz idarəçiliyindən xəbər verir, müxalifətin iqtidarın bütün addımları ilə bağlı məlumata malik olduğunu göstərir. Şübhə yoxdur ki, Paşinyanın da əlində Sarkisyan və ya Koçaryana aid kompromatlar mövcuddur.

Bir məqama da diqqət edək ki, Paşinyanın səs yazısının yayılması məsələsi onun S. Sarkisyan haqqında səsləndirdiyi ittihamdan sonra baş verdi. S. Sarkisyanın “Mən Paşinyanın yerinə olsaydım, müharibədə məğlubiyyətdən sonra özümü güllələyərdim” sözlərinə cavab verən N. Paşinyan onu orduya ayrılan pulları Monte-Karloda kazinoda uduzduğuna və xərclədiyinə görə özünü güllələməyə çağırmışdı. Məhz bunun ardınca S. Sarkisyan dediklərini təsdiqləməyəcəyi halda Paşinyanın səs yazısını yayacağını demişdi.

Seçkiqabağı ittihamlar təkcə Paşinyanla Koçaryan-Sarkisyan cütlüyü arasında getmir. Paşinyanın hakimiyyətinin ilk illərində Milli Təhlükəsizlik Xidmətinin direktoru olmuş, hazırda “Mənim şərəfim var” blokuna rəhbərlik edən Artur Vanetsyan da keçmiş rəhbərinə qarşı kifayət qədər ağır ittihamlar səsləndirir. A. Vanetsyan bildirib ki, Paşinyan onu Rusiyanın agenti adlandırıb, buna görə onunla işləmək istəməyib. Paşinyanın Rusiyaya qarşı olması, ümumiyyətlə, rəqiblərinin onun əleyhinə istifadə etdiyi əsas arqumentlərdəndir. Onlar N. Paşinyanın Rusiyaya, Putinə qarşı siyasət yürütdüyünü, Moskvanın Ermənistanda təsirinin və nüfuzunun azaldılması üçün addımlar atdığını tez-tez vurğulayır, bununla Rusiyanın adamı olduqlarını göstərmək, Paşinyanın hakimiyyətdən getməsi üçün Moskvanın prosesə əl uzatmasını istəyirlər.

Qarşılıqlı ittihamların və kompromatların siyahısını genişləndirmək də olar. Lakin görünən budur ki, Ermənistanda seçkiqabağı mühit gündən-günə gərginləşir. Son günlər Paşinyan və Koçaryan tərəfdarları arasında toqquşmaların baş verməsi də belə deməyə əsas verir ki, söz savaşı küçələrə, meydanlara keçə bilər. Bu baxımdan Ermənistanda seçkilərin vətəndaş müharibəsi ilə də nəticələnə biləcəyi də istisna edilmir.

APA Analytics

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR