Qlobal Bakı Forumu Azərbaycanın dünya miqyasında nüfuzlu aktor olduğunu göstərir - TƏHLİL

Qlobal Bakı Forumunun açılışı

© APA | Qlobal Bakı Forumunun açılışı

# 04 noyabr 2021 19:16 (UTC +04:00)

Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumu başlayıb. Hibrid formatındakı tədbir 300-ə yaxın qonağın canlı və onlayn qaydada qoşulması ilə keçirilir. Dünya ictimaiyyətinin diqqətində olan və qlobal əhəmiyyətli mövzuların diskussiya mərkəzinə çevrilən “Bakı platforması” Prezident İlham Əliyevin 23 dekabr 2011-ci il tarixli Sərəncamına əsasən 30 sentyabr 2012-ci ildə Gəncə şəhərində keçirilmiş dahi şair Nizami Gəncəvinin 870 illik yubiley tədbirində təsis edilib. Qlobal Bakı Forumu müxtəlif xarici ölkələrin keçmiş dövlət və hökumət başçıları və nüfuzlu beynəlxalq ekspertlərini öz ətrafında birləşdirir.

Prezident İlham Əliyevin səyləri nəticəsində bu illər ərzində davamlı şəkildə beynəlxalq müzakirələr platformasına çevrilən Qlobal Bakı Forumu hər il dünya dövlətləri qarşısında dayanan ən aktual məsələlər ətrafında ayrı-ayrı siyasətçilərin, ekspertlərin fikir mübadiləsi məkanına çevrilib. Öz növbəsində, bu kimi yüksək statusa malik olan tədbirlər həyata keçirən Azərbaycan daha bir arena vasitəsilə bölgədə baş verənlərlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırır.

Bu il 8-cisi keçirilən Qlobal Bakı Forumu isə ölkəmiz üçün xüsusi tarixdə baş tutur. Ötən ilin sonlarında Cənubi Qafqazda yaranan yeni geosiyasi mənzərə, sözsüz ki, bu forumun gündəliyində işıqlandırılmalı idi. Bu dəfə yeni yaranan vəziyyət və ölkəmiz qarşısında dayanan bir sıra çağırışlar, informasiya təbliğatı, bölgədəki reallıqların obyektiv qiymətləndirilməsi Bakı Forumu vasitəsi ilə ölkəmiz tərəfindən dünya ictimaiyyətinə çatdırıldı.

Qeyd etmək lazımdır ki, bu mötəbər tədbir bu ilin may ayında Azərbaycanın təşəbbüsü ilə keçirilən dialoqun davamı sayılır. Bu ilin may ayında Prezident İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri keçirilmişdi. Həmin vaxt tədbirdə çıxış edən dövlət başçısı bir neçə ay əvvəl Azərbaycanın müharibədə qalib gəldiyini və artıq bölgədə yeni proseslərə start verildiyini qeyd etmişdi. May müzakirələrində 19 sabiq prezident və 12 sabiq baş nazirin, tanınmış siyasətçilərin, ictimai-siyasi xadimlərin, nüfuzlu ekspert və politoloqların iştirak etməsi, onların Azərbaycan Prezidentinin şəxsiyyətinə, fikirlərinə və rəylərinə böyük hörmətlə yanaşması, Vətən müharibəsində tarixi qələbə münasibətilə təbrikləri və s. Prezident İlham Əliyevin qlobal liderlik keyfiyyətlərini, Müzəffər Lider obrazını, dünya səviyyəli siyasətçi kimi böyük nüfuza malik olduğunu, mühüm problemlərin həllində dövlət başçısının rəyinə və mövqeyinə ehtiyac duyulduğunu aydın şəkildə nümayiş etdirdi.

Öz işinə bu gün başlayan və noyabrın 6-dək davam edəcək VIII Qlobal Bakı Forumunda da Prezident İlham Əliyev geniş nitq ilə çıxış edərək bir sıra vacib məqamlara toxundu.

Prezident İlham Əliyev çıxışının əvvəlində Qlobal Bakı Forumuna bu qədər qonağın toplanmasını yüksək qiymətləndirərək, bunu tədbirə böyük əhəmiyyət verilməsi ilə əlaqələndirdi. Təsadüfi deyil ki, cari ildə çox az sayda qlobal miqyasda tədbirlər baş tutub. Təxirəsalınmaz, qlobal siyasətə uyğun məsələlərin həlli baxımından aparıcı platformalardan biri olan Qlobal Bakı Forumundakı çıxışında dövlət başçısı əvvəlcə dünya üçün hazırda ən aktual mövzu olan COVİD -19 pandemiyası ilə mübarizəyə toxundu.

COVİD-19 pandemiyası ilə mübarizə

Azərbaycan Prezidenti pandemiyanın başladığı ilk günlərdən etibarən ölkəmizin bu istiqamətdə həm daxildə, həm beynəlxalq səviyyədə çox fəal işlədiyini, hazırda ölkə əhalisinin təxminən 60%-nin iki doza peyvənddən keçdiyini, ümumbəşəri bəla ilə əlaqədar olaraq respublikamızda 13 yeni dövlət xəstəxanalarının açıldığını qeyd etdi. Məlumdur ki, Prezident ölkə daxildə pandemiya ilə bağlı effektiv fəaliyyətlə yanaşı, beynəlxalq səviyyədə də kifayət qədər böyük işlər görüb. Planetar pandemiya ilə əlaqədar olaraq BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının ötən ilin 3-4 dekabr tarixlərində Azərbaycanın dövlət başçısı İlham Əliyevin təklifi əsasında keçirilməsi, peyvəndlərin bərabər şəkildə dünya əhalisinə paylanmasına ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında car ilin 23 mart tarixində baş tutan tədbir, Qoşulmama Hərəkatının sədri kimi ölkəmizin 30-dan artıq ölkəyə maliyyə və humanitar yardımlar çatdırması, respublikamızın ÜST-ə 10 milyon dollar maliyyə yardımı ayırması coğrafi cəhətdən kiçik Qafqaz respublikasının qlobal miqyaslı dünya səviyyəsində gördüyü işlərin bir hissəsidir. Azərbaycan bəşəriyyət üçün çox təhlükəli sayılacaq pandemiya müddətində dəfələrlə humanitar və humanist prinsiplərin hər bir dünya dövləti, ələlxüsus özlərini qlobal güc hesab edən beynəlxalq aktorlar üçün vacibliyini göstərmiş oldu. Təsadüfi deyil ki, dövlət başçısı mövzuyla bağlı çıxışının sonunda Dünyanın aparıcı dövlətlərinin məsuliyyətli yanaşması da bu məsələnin həllinə öz töhfəsini verə bilərdi” söyləyərək bu kimi vacib amillərdə humanizm, insanlıq prinsiplərinin hər kəs üçün prioritet olmalı olduğuna işarə etdi.

Ermənistanın ifşası.

Bütün çıxışlarında olduğu kimi, bu dəfə də Azərbaycanın dövlət başçısı ölkəmiz üçün ən aktual məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq bölgədə baş verənlərin keçmişi, bu günü və gələcəyi ilə bağlı rəsmi Bakının baxış bucağını açıq və konkret şəkildə qeyd etdi. Dövlət başçısı 27 il kağız üzərində qalan BMT qətnamələrinin Azərbaycanın öz tərəfindən yerinə yetirildiyini qeyd etdi: “Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etməsəydi, həmin qətnamələr daha 27 il də kağız üzərində qalardı”. Eyni zamanda Azərbaycan Prezidenti BMT Xartiyasının 51-ci maddəsindən tutmuş digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə toxunaraq Bakının məhz beynəlxalq hüquq əsasında ədalətsizliyi dəyişdiyini, işğala son qoyduğunu bildirdi.

Məlumdur ki, Azərbaycan Respublikası işğaldan sonra uzun müddət idi ki, həm ayrı-ayrı dövlətlərlə, həm də müxtəlif beynəlxalq təşkilatlarda Ermənistanın beynəlxalq hüququ pozduğunu və buna görə məsuliyyət daşımalı olduğu mövzularında uzun işlər aparırdı. Prezident İlham Əliyevin torpaqların azad edilməsi istiqamətində önəm verdiyi əsas istiqamətdən biri hər zaman diplomatiya olub. Bunun da nəticəsidir ki, 1990-cı illərin əvvəllərində dünyada az qala təklənən Azərbaycan hazırda Ermənistanı kənarda qoyaraq beynəlxalq ictimaiyyətin işğalçı İrəvandan üz çevirməsinə nail ola bildi. BMT-dən başqa İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası və digər təşkilatların Ermənistanın işğalçılıq siyasətini pisləyən və işğala son qoyulmasını tələb edən qərar və qətnamələri 44 günlük müharibə zamanı ölkəmizin mövqeyini kifayət qədər gücləndirən əsaslar idi.

Nəticədə Ermənistanın 27 il ərzində apardığı qeyri-konstruktiv siyasət, onun status-kvonu saxlamağa çalışması, Azərbaycana qarşı yeni müharibə - yeni işğal planları, təxribatları İrəvanın dünya ictimaiyyəti qarşısındakı haqsız mövqeyini daha da gücləndirdi, Azərbaycana tutarlı əsaslar verərək torpaqlarımızın azad olunması uğrunda haqq mübarizəmizin qələbəmiz ilə nəticələnməsinə şərait yaratdı. “Son bir neçə il ərzində erməni rəhbərliyi artıq açıq şəkildə bəyan edirdi ki, onlar hər hansı işğal edilmiş ərazilərin santimetrini qaytarmayacaqlar. Bunu demək kifayət idi. Ermənistanın hazırkı Baş naziri bir bəyanatla çıxış etdi, o bunu Azərbaycanın işğal edilmiş ərazilərində iki il öncə söylədi. Qeyd etdi ki, “Qarabağ Ermənistandır”. Bu da, əslində, danışıqların sonu demək idi. İlk olaraq bu, çox ziddiyyətli və yalan bəyanat idi. Çünki bir tərəfdən Ermənistan rəhbərliyi deyirdi ki, Qarabağ müstəqil ölkədir, onu dünyada heç bir dövlət, o cümlədən Ermənistanın özü tanımayıb. Digər tərəfdən, onlar deyirdilər “Qarabağ Ermənistandır”. Bu ziddiyyət, əslində, Ermənistanın ziddiyyətli siyasətini üzə çıxartdı. Bu, onların ötənilki acı məğlubiyyəti ilə nəticələndi. Bu, o demək idi ki, onlar hər hansı danışıqlara son qoydular. ATƏT-in Minsk Qrupunun həmsədrləri mənim fikrimcə, həmçinin, təəccüblənib çıxılmaz vəziyyətə düşmüşdülər. Çünki onlar bilmirdilər ki, bu bəyanatdan sonra nə etsinlər. Həmçinin, Ermənistanın müdafiə naziri də bəyanat verdi və açıq şəkildə Azərbaycana hədə gəldi. Qeyd etdi ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə hazırlaşır. Yəni, bu, Azərbaycanın daha çox ərazilərini zəbt etmək üçün bir hədə idi”, - deyə Prezident qeyd etdi.

Eyni zamanda ölkə başçısı Ermənistanın ifşasına davam edərək 27 il ərzində tarixi Azərbaycan torpaqlarının tamamilə dağıdılması, bu ölkənin apardığı vandalizm siyasəti haqqında da danışdı.

Postmüharibə dövrü və yeni reallıqlar

Nitqində müharibədən sonrakı vəziyyətə toxunan dövlət başçısı hazırda regionda genişmiqyaslı dövlət proqramının həyata keçirildiyini qeyd etdi. Eyni zamanda bildirdi ki, Üçtərəfli Bəyanatdan sonrakı aylar ərzində Azərbaycanın konstruktiv təklifləri, sülh təşəbbüsləri Ermənistan tərəfindən cavablandırılmır, hələ də delimitasiya və demarkasiya işinə başlanılmayıb: Mən bir daha qeyd edirəm ki, biz sülh danışıqlarına başlamağa hazırıq və sülh müqaviləsini imzalamağa hazırıq. Biz səhifəni çevirmək istəyirik və sərhədləri müəyyən etmək fikrindəyik. Görürsünüz ki, Ermənistandan cavab gəlmir. Demək olar ki, 1 ildir ki, onlar yenə də sükut saxlayırlar. Mənə elə gəlir ki, onlar Azərbaycanın konstruktiv mövqeyinə müqavimət göstərə bilməyəcəklər. Əgər danışıqlar aparılan illəri ərzində onlar bizə qulaq assaydı, özlərini normal aparsaydılar, bugünkü gün həmin bu vəziyyət yaranmazdı”.

Prezidentin Ermənistanın sülh müqaviləsindən qaçdığı, sərhəd problemini həll etməməsi ilə bağlı dedikləri, sözsüz ki, başda müxtəlif mövzular ətrafında spekulyasiyalara yol verən Minsk qrupunun həmsədrlərindən tutmuş digər beynəlxalq aktorların da fakt qarşısına qoyulmasıdır. Beynəlxalq hüququ 27 il ərzində pozan Ermənistan bu gün ədalətin bərpa edilməsindən narazıdır və sülh təkliflərini cavabsız qoyur. Bu isə, gələcəkdə bölgədə baş verəcək bu və digər hadisələrdə Ermənistan hakimiyyətinin cavabdehlik daşıyacağına işarədir. Necə ki, 27 il ərzində Azərbaycanın təklif və xəbərdarlıqlarına məhəl qoymayan İrəvan sonda məhv olmaq təhlükəsi qarşısında qaldı. Belə olan təqdirdə, Ermənistan bu dəfə səhvini düzəltsə və hadisələri adekvat dərk etsə, yaxşı olar. Üçtərəfli Bəyanatın imzalanması ərəfəsində Azərbaycan qarşısında diz çökən erməni dövlətinin lideri yaxşı olardı ki, yaxın vaxtlar ərzində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Əks halda, məsuliyyət onların üzərində qalacaq.

Avropanın enerji təhlükəsizliyi və TAP

Cari aktual mövzulardan danışan Azərbaycan Prezidenti ötən ilin sonunda Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasının və istismara verilməsinin Azərbaycan və region dövlətləri üçün əhəmiyyətindən söz açdı. Avropalı istifadəçilər üçün idxal istiqamətlərindən olan Azərbaycan maye qazının istifadəsi qitənin enerji təhlükəsizliyi mövzusunda Bakı faktorunun xüsusi önəm daşıdığının göstəricisidir. Sözsüz ki, tarixdə ilk dəfə olaraq Azərbaycan qazının Avropaya bu layihə vasitəsilə birbaşa nəql edilməsi maye qazı alan dövlətlər və ölkəmiz arasında yeni səhifənin açılması deməkdir. Bir çox ölkəni birləşdirən bu layihə gələcəkdə o ölkələr və digər Avrasiya ölkələri arasında xüsusilə energetika, nəqliyyat və ticarət sahəsində yeni əməkdaşlıq formatının təməlini qoyur. Reallaşması üçün illər lazım olan bu qlobal layihənin cəmi 6 ilə işə salınması, sözsüz ki, Prezident İlham Əliyevin yorulmaz əməyinin nəticəsidir.

Beləliklə, Prezident İlham Əliyevin daha bir qlobal təşəbbüsü nəticəsində nüfuzlu beynəlxalq platformaya çevrilən Qlobal Bakı Forumu Azərbaycanın dünyadakı nüfuzunu gücləndirməkdə davam edir, ölkəmizin nəinki regional miqyasda, hətta dünya miqyasında sayılıb-seçilən aktor olduğunu nümayiş etdirir.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar klubunun sədri Zaur Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR