Səfir: "5 Avqust Cəmmu və Kəşmir Mübahisəsinin qorxunc dönüm nöqtəsi" - Məqalə

Səfir Bilal Hayee

© APA | Səfir Bilal Hayee

# 04 avqust 2021 19:28 (UTC +04:00)

"Azərbaycan hökumətinin və xalqının bütün beynəlxalq forumlarda Kəşmir uğrunda mübarizədə göstərdiyi dəstəyi yüksək qiymətləndiririk. Azərbaycan xalqının, torpaqlarının xarici işğaldan azad olunması sevincini yaşayarkən, Cəmmu və Kəşmir xalqının da yaxında yad hökmranlıqdan və qanunsuz xarici işğaldan qurtuluşunu qeyd edə biləcəklərinə ümid edirik".

Bu fikirlər Pakistanın Azərbaycandakı səfiri Bilal Hayeenin "5 Avqust -Cəmmu və Kəşmir Mübahisəsinin qorxunc dönüm nöqtəsi" adlı məqaləsində yer alıb. APA məqaləni təqdim edir:

5 Avqust 2021-ci il, Hindistandakı BJP höküməti tərəfindən Cəmmu və Kəşmir xalqının haqqlarına yönəlik yeni bir hücumun həyata keçirilməsindən bu yana qorxunc bir dönüm nöqtəsi olacaqdır. 5 Avqust 2019-cu il tarixində BJP hökumətinin birtərəfli və qanuna zidd hərəkətləri səbəbindən Hindistanın qanunsuz işğal edilən Cəmmu və Kəşmirdə (IIOJ & K) insanlar daim qorxu və əndişə içərisində yaşayırlar. Təəssüf ki, hər gün bəzi Kəşmirli ailələr üçün matəm günüdür. Hindistan qüvvələri dünyanın ən yüksək səviyyədə hərbiləşdirilmiş zonasında, yəni işğal olunmuş Cəmmu və Kəşmirdə davamlı terror hökmranlığını sürdürməkdədir.

5 Avqust 2019-cu ildə Cəmmu və Kəşmirdə Hindistan hökuməti tərəfindən edilən bir sıra qanunsuz hərəkətləri araşdırmadan öncə sizə Kəşmir mübahisəsinin tarixi haqqında qısa bir məlumat verim. Başlanğıc üçün bildirim ki, Cəmmu və Kəşmir beynəlxalq səviyyədə tanınan mübahisədir və Birləşmiş Millətlər Təşkilatının yarımçıq qalmış gündəmlərindən biridir. Bu, 1947-ci ildən bəri Hindistan və Pakistan arasında Cənubi Asiyada sülhə və sabitliyə mane olan əsas siyasi mübahisədir. Hindistanın 1947-ci ildə Cəmmu və Kəşmir əyalətini qanunsuz və zorla işğal etməsi bu mübahisənin əsasını təşkil edir. Hindistanın 26 oktyabr 1947-ci ildə Kəşmir Maharajası ilə mübahisəli Qoşulma Sənədinin imzalaması iddiaları, keçən ilin 22 oktyabr 2020-ci il tarixli məqaləmdə müzakirə olunduğu kimi çox şübhəli olaraq qalmaqdadır.

Arxa Plan

Hindistanın 1947-ci ilin sonunda Cəmmu və Kəşmiri qanunsuz olaraq işğal etməsindən sonra, yeni azad edilmiş Hindistan və Pakistan əyalətləri müharibəyə başladı. Müharibə əsnasında Kəşmir mübahisəsini ilk olaraq 1 Yanvar 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatına təqdim edən Hindistan oldu. Növbəti il, 1 yanvar 1949-cu ildə Birləşmiş Millətlər Təşkilatı iki ölkə arasında atəşkəsin tətbiq olunmasna yardımçı oldu. Hindistan və Pakistanın qarşılıqlı razılığının nəticəsidir ki, BMT Təhlükəsizlik Şurası (UNSC) və BMT-nin Hindistan və Pakistan üzrə Komissiyası (UNCIP) 1947-48-ci ildəki müharibəsindən sonrakı illərdə bir neçə qətnamə qəbul etdi.

BMT-nin Kəşmirlə bağlı ən əsas qətnamələrindən biri olan 21 aprel 1948-ci il tarixli BMT Qətnaməsində deyilir: "Həm Hindistan, həm də Pakistan, Cəmmu və Kəşmirin Hindistana və ya Pakistana qoşulması məsələsinin demokratik yolla – azad və qərəzsiz plebisit yolu ilə həll olunmasını istəyir.” BMT TŞ-nın növbəti qətnamələri də eyni mövqeyi təsdiqləyir.

BMT-nin Hindistan və Pakistan üzrə Komissiyasının – (UNCIP) 3 Avqust 1948 və 5 Yanvar 1949 -cu il tarixli qətnamələri BMT-nin TŞ-nın qətnamələrini daha da möhkəmləndirdi. 5 yanvar 1949 -cu ildə BMT-nin Hindistan və Pakistan üzrə Komissiyası - UNCIP "Cəmmu və Kəşmir əyalətinin Pakistan və ya Hindistana qoşulması məsələsinin demokratik yolla - azad və qərəzsiz bir plebisit üsulu ilə həll ediləcəyi" nəticəsinə gəldi”.

Dönəminin ilk Baş Naziri Javaharlal Nehru da daxil olmaqla, Hindistan hökümətinin Birləşmiş Millətlər Təşkilatına, Pakistan və Cəmmu və Kəşmir xalqına BMT TŞ-nın qərarlarına riayət etməklə bağlı öhdəlik götürməsinə baxmayaraq, Hindistan, öz müqəddəratını təyin etmə vədinə riayət etməkdən imtina etdi.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) 1990-cı ildən bəri BMT qətnamələrinə əsasən mübahisənin sülh yolu ilə həllinə çağıran bir neçə qətnamə qəbul etmişdir. Buna baxmayaraq, Hindistan Cəmmu və Kəşmir xalqına öz müqəddəratını təyin etmək hüququnu verməkdən imtina etməyə davam edir, çünki Cəmmu və Kəşmir insanının Pakistanın lehinə qərar verəcəyini bilir.

5 Avqust 2019

Hindistan Konstitusiyası 1950-ci ilin yanvarında bəyan edildi. Hindistan, 370 və 35A saylı maddələri Konstitusiyasına daxil edərək, Cəmmu və Kəşmir əyalətinin unikal statusunu qəbul etdi və Cəmmu və Kəşmir xalqına bir muxtariyyət nümunəsi vemiş oldu. Bu müddəalar, Cəmmu və Kəşmirin mübahisəli bir ərazi olduğuna və onun son həllinin gözlənildiyinə əminlik olaraq daxil edilmişdir.

Sürpriz bir həmlə ilə və Cənubi Asiyadakı barış ümidlərinə böyük bir zərbə olaraq, 5 Avqust 2019-cu ildə, muxtariyyətin “əncir yarpağı” götürülərək Hindistan İşğalındakı Cəmmu və Kəşmirin sözdə xüsusi statusu ləğv edildi. Kütləvi ictimai reaksiyanın qarşısını almaq üçün Hindistan hökuməti işğal olunmuş Cəmmu və Kəşmirə uzun müddət karantin tətbiq etmişdir. Ərazidə 180.000-dən çox əlavə işğalçı qüvvələr yerləşdirilmişdir ki, bu da artıq mövcud 700.000-dən çoxdur. Bu gün Hindistanın qanunsuz işğal etdiyi Cəmmu və Kəşmir, hər 8 Kəşmirli əhaliyə bir əsgər düşməklə dünyanın ən yüksək hərbiləşdirilmiş bölgəsinə çevrilmişdir.

5 Avqust 2019-cu il tarixdən bu yana, 390-dan çox Kəşmirli Hindistan işğalçı qüvvələri tərəfindən şəhid edilmişdir. Təkcə bu il (2021) ərzində Hindistan işğalçı qüvvələri gənc oğlan və qadınlar da daxil olmaqla 85 günahsız Kəşmirlini mühakimə etmədən qətlə yetirmiş, özbaşına 537 Kəşmirlini saxlamış və Kəşmirli əhalinin 31 evini dağıtmışdır. Beynəlxalq ictimaiyyət Hindistanın qanunsuz hərəkətlərini tənqid etmiş və Birləşmiş Millətlər Təşkilatı və digər insan haqları təşkilatları Hindistanın qanunsuz işğal edilmiş Cəmmu və Kəşmirdə sistemli olaraq insan haqqları pozuntularını özündə əks etdirən bir neçə hesabat dərc etmişdir.

Xatırlamaq vacibdir ki, BMT Təhlükəsizlik Şurası çoxsaylı qətnamələri ilə "əlaqədar tərəflərin" bütövlükdə Cəmmu və Kəşmir əyalətinin gələcək forma və mənsubiyyətini təyin etmək üçün birtətəfli cəhdlərin- “Dövlətin bir mövqeyi” və “Cəmmu və Kəşmir əyalətinin son qərarı olmayacağını təsdiqləmişdir və bu məsələnin Birləşmiş Millətlər Təşkilatının himayəsi altında keçiriləcək azad və qərəzsiz bir plebisit ilə, demokratik yolla ifadə edilən, insanların iradəsinə uyğun olaraq həyata keçiriləcəkdir". Hindistan hökumətinin 5 Avqust 2019-dan etibarən etdiyi bütün hərəkətlər təkcə BMT -nin bir neçə qətnaməsinin deyil, həm də işğal altındakı ərazidə hər hansı bir demoqrafik dəyişikliyə qarşı çıxan Cenevrə Konvensiyalarının pozulması deməkdir.

5 Avqust 2021-ci ildə Cəmmu və Kəşmirin beynəlxalq səviyyədə tanınan mübahisəli bir ərazisində Hindistan hökumətinin qanunsuz və birtərəfli hərəkətlərinin ikinci ildönümü qeyd edilir. Azərbaycan hökumətinin və xalqının bütün beynəlxalq forumlarda Kəşmir uğrunda mübarizədə göstərdiyi dəstəyi yüksək qiymətləndiririk. Azərbaycan xalqının, torpaqlarının xarici işğaldan azad olunması sevincini yaşayarkən, Cəmmu və Kəşmir xalqının da yaxında yad hökmranlıqdan və qanunsuz xarici işğaldan qurtuluşunu qeyd edə biləcəklərinə ümid edirik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR