ADA Universitetində beynəlxalq festival keçirilib - FOTO

ADA Universitetində beynəlxalq festival keçirilib - FOTO
# 21 iyun 2021 11:36 (UTC +04:00)

Bu gün ADA Universitetində beynəlxalq festival keçirilib.

APA-nın xəbərinə görə, festivala İndoneziya, Argentina, Çili, Almaniya, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Əfqanıstan, İordaniya, Litva, Türkmənistan səfirlikləri qatılıb.

Tədbirdə çıxış edən ADA Universitetinin prorektoru bildirib ki, ADA hər il bu festivala ev sahibliyi etsə də ötən il pandemiya ilə əlaqədar keçirilməyib.

Tədbirdə çıxış edən Əfqanıstanın Azərbaycandakı səfiri qeyd edib ki, bu cür festivallar xalqların, mədəniyyətlərin yaxınlaşması üçün pəncərə rolunu oynayır. O vurğulayıb ki, Əfqanıstan artıq bir neçə ildir bu festivalda təmsil olunur.

"Bu tədbirdə Əfqanıstan musiqisi, ədviyyatları, mədəniyyətimizin digər elementləri təqdim olunur", - deyə səfir vurğulayıb.

Argentina səfiri Serxio Peres Qunella isə qeyd edib ki, onun ölkəsi uzaq olsa da Azərbaycanla ikitərəfli münasibətlərin dərinləşməsi üçün səylər göstərir: "Bir-birimizin mədəniyyətini, ənənələrini öyrənir, təcrübələrimizi bölüşürük".

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq festivalda ilk dəfə iştirak etdiyini deyib. Səfir qeyd edib ki, Azərbaycan təhsil sahəsində 2005-ci ildən Balonya sisteminə qoşularaq Avropa təcrübəsinə yaxınlaşıb, onu öyrənib: "Mən çox şadam ki, bu gün Almaniya azərbaycanlı tələblər tərəfindən təhsil almaq üçün seçilir. Bu Azərbaycan tələbələrinin alman təhsilinə güvənin göstəricisidir. Azərbaycanda hazırda 54 min tələbə alman dilini öyrənir."

Səfir deyib ki, 2019-cu ildən bəri 84 alman tələbə ADA Universitetinin təşkil etdiyi yay məktəblərində iştirak edib.

Səfir digər sahələrdə olduğu kimi təhsil sektorunda da əməkdaşlıq imkanlarının geniş olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Azərbaycan xalqını ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edib: “Azərbaycan və Türkiyə arasında qeyri-adi qardaşlıq bağları var, biz bir-birinizə qədim tarixi bağlarla bağlıyıq".

Səfir deyib ki, bu festivalda Türkiyənin qədim tarixi ənənələri, mədəniyyəti, etnik zənginliyi təqdim olunur.

"Biz akademik çevrədə təcrübə mübadiləsinin əhəmiyyətini dərində başa düşürük. ADA universiteti bu sahədə uğurlu işlər görür", - səfir vurğulayıb.

Qeyd edək ki, beynəlxalq festival 3 gün davam edəcək, hər gün 10-12 səfirlik festivala qatılaraq ölkələrini təmsil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR