Jurnalistika üzrə magistraturaya qəbul üçün qabiliyyət imtahanlları başa çatıb

Jurnalistika üzrə magistraturaya qəbul üçün qabiliyyət imtahanlları başa çatıb
# 14 iyun 2021 14:52 (UTC +04:00)

2021-ci il iyunun 9-dan 12-dək Dövlət İmtahan Mərkəzi tərəfindən 2021-2022-ci tədris ili üçün jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar üçün jurnalistika üzrə magistraturaya qəbul üçün qabiliyyət imtahanı keçirilib.

DİM-dən APA-ya bildirilib ki, imtahan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri nəzərə alınmaqla, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq xüsusi sosial izolyasiya qaydalarına riayət olunmaqla təşkil edilib.

Qabiliyyət imtahanında iştirak edən 27 nəfər bakalavrdan 23-ü “məqbul” qiymət alıb və jurnalistika üzrə 44 saylı proqrama aid magistratura ixtisaslaşmalarını seçmək hüququ qazanıb. Həmin bakalavrlar iyun ayı ərzində keçiriləcək ixtisaslşma seçimi müddətində jurnalistika üzrə 44 saylı proqrama aid ixtisaslaşmaları seçib elektron ixtisaslaşma seçimi ərizəsinə daxil etməli və seçimlərini təsdiqləməlidirlər.

Qabiliyyət imtahanında uğur qazanan bakalavrlardan 20 nəfəri jurnalistika ixtisasını, 3 nəfəri isə kitabşünaslıq, xarici dil və ədəbiyyat müəllimliyi və regionşünaslıq ixtisaslarını bitirənlərdir.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR