Masazırdakı “Zəngilan şəhərciyi”nin sakinləri isti suyun verilməməsindən şikayətçidir

“Zəngilan şəhərciyi”

© APA | “Zəngilan şəhərciyi”

# 19 may 2021 15:45 (UTC +04:00)

Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Zəngilan şəhərciyi”nin sakinləri isti suyun verilməməsindən şikayətçidir.

Sakinlərin APA-ya verdiyi məlumata görə, təxminən bir aydan çoxdur ki, yaşadıqları binalara isti su verilmir: “Əvvəllər məcburi köçkünlərin kommunal ödənişləri dövlət tərəfindən ödənilirdi. Sonradan kommunal ödənişlər üçün məcburi köçkünlərə aylıq müavinətlər ödənilməyə başlandı ki, ödənişi onlar özləri etsinlər. Amma vahid aylıq müavinət yalnız işıq, su və qaz pulunun ödənişi üçündür. İsti su ilə bağlı ödənişi yenə də dövlət ödəyirdi. 2019-cu ildən bu ödəniş də məcburi köçkünlərin öz öhdəsinə verildi. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin tikdiyi binalarda bütün kommunal xidmətlər üçün sayğaclar quraşdırılıb. Bu sayğac əsasında işığın, suyun və qazın aylıq kommunal ödənişlərini edirik. Amma “Azəristiliktəchizat”ın sayğacı olsa da, hesablanmanın hansı əsasla aparıldığını bilmirik. Bu qurum hər evə 300 manatdan 500 manatadək borc yazıb. Bu ödənişi isə sakinlər ödəmir. Çünki bu hesablamalar sayğac əsasında aparılmır. “Azəristiliktəchizat” bunu onunla əsaslandırırlar ki, həmin sayğaclar işləmir. Dövlət hesabına tikilən binalara yararsız sayğaclar quraşdırılıb.

Sakinlər istəyir ki, digər kommunal ödənişlər kimi sayğac nə yazsa, onu da ödəsinlər: “İstilik verilirdi, amma bir aydan çoxdur ki, isti su kəsilib. Təkcə bizim yaşadığımız şəhərcikdə deyil, Mehdiabadda, Gəncədə, Bərdədə, Yevlaxda və digər ərazilərdəki məcburi köçkün şəhərciklərində də bu problem var. Son olaraq bizə İcra Hakimiyyətindən, Mənzil-İstismar Sahəsindən deyilib ki, guya mayın 1-dən yeni sayğac qoyulmalı, isti su verilməli idi. Mənzil-İstismar Sahəsindən deyilib ki, “Azəristiliktəchizat”la razılığa gəliblər, hər ailədən 10 manat ödəniş alınacaq, sayğac dəyişiləcək, sonra isti su gələcək. Amma hələ də heç bir xəbər yoxdur. Əgər isti su verməyəcəksə, sakinlərə deyilsin, sakinlər də işini bilsin, özləri evlərə qızdırıcı sistemlər qursun. Bu məsələ ilə bağlı bütün qurumların da məlumatı var”.

Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev APA-ya açıqlamasında bildirib ki, Prezidentin Sərəncamına əsasən, 2017-ci ilin yanvarın 1-dən məcburi köçkün şəhərciklərində yaşayan sakinlər tərəfindən bütün kommunal xidmət haqları, eyni zamanda istilik, isti su onlara ayrılmış müavinətlə özləri tərəfindən ödənilir: “Masazırda yerləşən “Zəngilan şəhərciyi”ndə 2017-ci ildən indiyə qədər heç bir sakin bir manat ödəniş etməyib. Bir neçə dəfə xəbərdarlıq, məhdudlaşma etmişik. Onlar gah İcra hakimiyyətinə gediblər, gah yol kəsiblər ki, “ödəniş etmirik”. Biz də Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etmişik, hökumətə yazmışıq. Son nəticədə hamının rəyi bu olub ki, qərar var, məcburi köçkünlər isti su haqqını özləri ödəməlidir. Amma heç kim bu günə qədər ödəniş etməyib. Biz həmin şəhərciyə həm istilik veririk, həm də isti su. Kiminsə iddiası varsa ki, hansısa mənzildə sayğac işləmir, qanunvericilikdə nəzərdə tutulub ki, sayğac işləməyən mənzillərdə adam başına aylıq isti su istehlakı norması 2 kubmetr götürülür. Hesabat da bununla aparılır. Kimin fərdi qaydada şikayəti varsa ki, onun mənzilində hesabat düzgün aparılmayıb, yerində fərdi qaydada onun borcunu araşdıraq, deyək ki, həmin borc düzdür, ya səhvdir, onlar haqlıdır, ya biz haqlıyıq. Bütün şəhərciyin borcu səhv hesablana bilməz ki, bir-iki nəfər kimin şikayəti varsa, onu araşdıraq. Heç istiliyin də ödənişini etməyiblər. Tutaq ki, kimsə 3-5 faiz şübhə edir ki, borcu düzgün hesablanmayıb, yerdə qalan özünün qəbul etdiyi hissəni belə ödəməyib axı... “Azəristiliktəchizat”ın pulsuz istilik və isti su vermək imkanı yoxdur, zərərlə işləyən təşkilatdır. Gəlirlərlə özünün qazın, elektrik enerjisini, suyun pulunu, işçilərin maaşını verməliyik. Ona görə də həmin şəhərcikdə isti suyun verilməsinə məhdudiyyət tətbiq olunub”.

R. Əliyev deyib ki, “Azəristiliktəchizat”ın heç bir Mənzil İstismar Sahəsi ilə danışığı olmayıb: “Sayğaclaşma aparılanda mərkəzləşmiş qaydada aparılır. Binalar tikiləndə sayğac da qoyulur. Kimsə istəyirsə, fərdi qaydada müraciət edib sayğacı dəyişdirə bilər. “Azəristiliktəchizat” sayğaclaşma işinə baxmır. Dövlət başçısının sərəncamında qeyd edilib ki, elektrik enerjisi, qaz, su və digər kommunal xidmətlər onlara verilən müavinətlərlə ödənməlidir. Bununla bağlı qurumlara dəfələrlə müraciət etmişik, aydınlıq gətiriblər ki, həmin ödənişlər sakinlər tərəfindən ödənməlidir. Sayğacları biz quraşdırmamışıq, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sifariş əsasında həmin binaları tikəndə orada sayğac da quraşdırılıb. Hansı mənzildə sayğac işləmirsə, aktlaşdırırıq və oraya adam başına istehlak norması tətbiq edirik. “Azəristiliktəchizat”ın maliyyə vəziyyəti qazanxanaları işlətməyə imkan vermir. Çünki enerji daşıyıcılarına pul ödəməliyik, əməkdaşlara əmək haqqı verməliyik. İstiliyi, isti suyu verən kimi dərhal bizə vergi öhdəliyi yaranır. Vergini ödəyirik, amma oradan heç bir pul yığılmır. Ödəniş olmalıdır ki, biz də qazın, suyun, işığın pulunu verək, qazanxanaları normal işlədə bilək. Bildiyiniz kimi, hər ilin əvvəlində bizim “Azəriqaz”a borcumuz olur, nə qədər problemimiz yaranır. Onsuz da tariflərimiz maya dəyərindən dəfələrlə aşağıdır. Qazanxana normal şəkildə istiliyi alıbsa, vətəndaş da bilməlidir ki, bunun borcu ödənməlidir. İndiyə qədər həmin binalardan heç bir ödəniş olmayıb. Gərək istehlakçı normal ödənişini etsin ki, biz o qazanxanaları saxlaya bilək”.

Məsələ ilə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2017-ci ilədək məcburi köçkünlərin kommunal xərcləri komitə tərəfindən mərkəzləşdirilmiş qaydada ödənilib: ““Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinət müəyyən edilib. Bundan sonra, müxtəlif səbəblərdən məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış komplekslərində və qəsəbələrdə fərdi qaydada sayğacların quraşdırılmaması və “Azəristiliktəchizat” ASC ilə istehlakçılar arasında müvafiq xidmət müqavilələrin bağlanmaması səbəbindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin istehlak etdikləri istilik və isti su təchizatı xidmətləri üzrə ödənişlərin həyata keçirilməsində ciddi çətinliklər yaranıb. Yaranmış borc məbləğinə görə “Azəristiliktəchizat” ASC tərəfindən yaşayış kompleksləri və qəsəbələrdə istilik və isti su xidmətləri dayandırılıb. Qeyd edilən məsələ ilə əlaqədar olaraq, Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlara müraciətlər göndərilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR