Ötən il universitetlərə qəbul planının dolma göstəricisi aşağı olub

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 23 iyun 2021 15:41 (UTC +04:00)

Ötən il ali təhsil müəssisələrinə nəticələr elan edildikdən sonra sentyabrın 26-dan oktyabrın 5-dək ali təhsil müəssisələrinin boş qalan yerlərinə əlavə qəbul elan olunub.

APA-nın xəbərinə görə, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında məlumat verilib.

Əlavə yerləşdirmə zamanı əsas qəbulda yüksək müsabiqə şəraiti olan ixtisaslarda müsabiqədən keçməyən yüksək ballı gənclərin ixtisas seçimlərini bir daha dəqiqləşdirmələrinə, boş qalan yerlərdən öz istəklərinə uyğun olanlarını seçmələrinə şərait yaradılıb. Müsabiqəyə buraxılma şərtləri bu mərhələdə də dəyişdirilmədən birinci mərhələdə olduğu kimi saxlanılıb.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə əlavə qəbul və orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu müsabiqəsi eyni vaxtda elan olunub. Hər iki müsabiqə üçün abituriyentlərdən ərizə qəbulu internet vasitəsilə həyata keçirilib. Abituriyentlərə internetdə bir ərizə formasında həm ali təhsil müəssisələrinin boş qalan ixtisaslarının, həm də kolleclərin ixtisaslarının 20-dək kodunu istədikləri ardıcıllıqla qeyd etmək imkanı verilib. Bu mərhələdə də müsabiqə ümumi qaydalara müvafiq olaraq abituriyentin seçdiyi ixtisasların ardıcıllığına uyğun şəkildə aparılıb və abituriyent müsabiqədən keçdiyi birinci ixtisasa qəbul olub. Hər iki müsabiqəyə birlikdə 23465 ərizə daxil olub. Ərizələrin yalnız 1702-də ali təhsil müəssisələrinin boş qalan ixtisaslarının kodları qeyd olunub.

Beləliklə, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə əlavə qəbul və qeydiyyat aparıldıqdan sonra ali təhsil müəssisələrinin qəbul planının dolma göstəricisi 88.16%-dən 86.04%-ə düşüb (qəbul olan bəzi şəxslər qeydiyyatdan keçmədiyinə görə).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR