Oxçuçayla bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlanıb

Oxçuçayla bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlanıb
# 03 iyul 2021 13:08 (UTC +04:00)

Cənubi Qafqazın ən böyük tələbə təşkilatı olan və özündə 101 ali və orta təhsil müəssisəsində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatını (TGT) birləşdirən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Azərbaycanın bütün tələbələri və TGT-ləri adından Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi ilə bağlı bəyanat yayıb.

APA-nın məlumatına görə, bəyanatda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Oxçuçayda aparılan monitorinqlərə istinadən qeyd edilir ki, həmin çayda ağır metalların normadan artıq olması və şiddətli çirkləndirilməsi nəticədə Araz, Kür və Xəzər Dənizinin bioresursları, yerli əhalisi və ekosisteminə ciddi təhdid yaradır.
Vurğulanıb ki, Ermənistan Transsərhəd Su Axınlarının və Beynəlxalq Göllərin Qorunması və İstifadəsinə dair Helsinki Konvensiyasını nə imzalamışdır, nə də ona könüllü şəkildə əməl etmişdir. İngilis dilində yazılmış bəyanat İttifaq tərəfindən ətraf mühitin qorunması istiqamətində fəaliyyət göstərən beynəlxalq təşkilatlara göndərilib.

Müraciətin sonunda beynəlxalq təşkilatlara bu mövzuda daha qətiyyətli mövqe tutması və Ermənistanı məsuliyyətsiz yanaşmasını dayandırmağa çağırış edilib.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası da ölkə ərazisindən keçən transsərhəd çaylardan biri olan Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

Müraciətdə qeyd edilib ki, Azərbaycan gəncləri və gənclər təşkilatları beynəlxalq ictimaiyyətin diqqətini transsərhəd çayı olan Oxçuçayın Ermənistan tərəfindən daim çirklənməyə məruz qalmasına və onun çirklənməsinin əhalimizin istifadə etdiyi su ehtiyatlarının keyfiyyətinə birbaşa təhlükə törətməsinə çəkiblər.

Bundan əlavə, gənclər təşkilatları Oxçuçayın çirklənməsinin nəticəsi olaraq biomüxtəliflik, ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını diqqətə çatdırıblar.
Gənclər təşkilatları regionda ekoloji təhlükəsizliklə bağlı Ermənistan hakimiyyətinin məsuliyyət daşıdığını qeyd etməklə beynəlxalq təşkilatları Ermənistanın çirkli maddələri ətraf-mühitə atmaması, təbii yaşayış mühitini, habelə əhalinin, xüsusən də gənc nəslin sağlamlığı və təhlükəsizliyini təhlükə altına almağı dayandırması üçün kəskin etirazlarını bildirməyə və nəhayət bununla da Ermənistan hökumətinin məsuliyyətli davranmasına çağırıblar.

Müraciətdə yalnız bu yolla ölkələrimiz arasında etimad quruculuğu, ekoloji təhlükəsizlik təmin edilə və bölgədə davamlı sülhün bərqərar olması üçün yol açıla biləcəyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR