FHN: Müharibədən zərər çəkmiş vətəndaşlara psixoloji yardım göstərilməsi davam edir-VİDEO

Müharibədən zərər çəkmiş vətəndaşlara psixoloji yardım

© APA | Müharibədən zərər çəkmiş vətəndaşlara psixoloji yardım

# 06 may 2021 17:03 (UTC +04:00)

Müharibə nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlarımıza psixoloji yardım göstərilməsi davam edir.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, ötən müddət ərzində ümumilikdə 1700 nəfərə yaxın Vətən müharibəsi iştirakçısı, qazi, şəhid ailəsi üzvü və erməni terrorundan zərər görmüş digər şəxslərə, o cümlədən 140-a yaxın uşaq və yeniyetməyə 3600-dən artıq seans psixoloji yardım göstərilib:

"44 günlük Vətən müharibəsi dövründə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu işğalçı düşmən qüvvələrini məğlub edərək ərazi bütövlüyümüzü bərpa etdi. Birinci Qarabağ müharibəsində olduğu kimi, İkinci Qarabağ müharibəsi ilə əlaqədar şəhid ailələri, qazilər, müharibədən fiziki-mənəvi əziyyət çəkən insanlar dövlətimizin diqqətindən kənarda qalmadı. Hər zaman ölkə başçısının qayğısı ilə əhatə olunan bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli, zəruri tibbi, o cümlədən psixoloji yardım təminatı daim diqqət mərkəzində saxlanıldı və bu proses bu gün də davam edir.

Bu çərçivədə, Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyədən dəvət olunmuş peşəkar klinik-psixoloq və psixoterapevtlər FHN-in mütəxəssisləri ilə birlikdə Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın, o cümlədən uşaq və yeniyetmələrin psixoloji reabilitasiyasını davam etdirirlər. Belə ki, ötən müddət ərzində ümumilikdə 1700 nəfərə yaxın Vətən müharibəsi iştirakçısı, qazi, şəhid ailəsi üzvü və erməni terrorundan zərər görmüş digər şəxslərə, o cümlədən 140-a yaxın uşaq və yeniyetməyə 3600-dən artıq seans psixoloji yardım göstərilib.

Hazırda psixoloji yardım işi Bakı şəhəri və şimal-qərb bölgəsini əhatə etməklə Qəbələ şəhərində davam etdirilir. Bundan əvvəl Gəncə, Bərdə və Lənkəran şəhərlərində də FHN tərəfindən psixoloji yardım xidməti həyata keçirilib".

Qeyd olunub ki, ödənişsiz həyata keçirilən seanslarda iştirak etmək üçün FHN-in “112” qaynar telefon xətti ilə əlaqə saxlamaq lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR