Faiq Ağayev: “Sənətdə mənim fatihəmi oxumaq hələ çox-çox tezdir”

Faiq Ağayev: “Sənətdə mənim fatihəmi oxumaq hələ çox-çox tezdir”
# 09 avqust 2007 08:17 (UTC +04:00)
Əməkdar artist Faiq Ağayevin APA-ya müsahibəsi

- Siz həmişə axının əksinə getmisiniz. Amma son vaxtlar Siz də axına qoşulub, qalmaqallara sövq edildiniz...
- Yekəxanalıq çıxmasın, mən axın yaradan insanam. Nəinki axının əksinə gedirəm, ümumiyyətlə, axının istiqamətinə varmıram. Mən qalmaqal yaratmıram, qalmaqala cavab vermək məcburiyyətində qalıram. Bunu şou-biznesin yazılmayan qanunlarına riayət kimi qiymətləndirməzdim. Bizim şou-biznes bir meşəyə bənzəyir.
Qanunları olmayan, hətta ümumbəşər etik normalar ilə tənzimlənməyən bir meşə. Formalaşmamışıq hələ. Tamaşaçı Faiq Ağayevin fikrincə, bu gün estradada ifaçılar, sənətçilər, sənətkarlar və korifeylər var. Mahnı ifaçıları həddindən artıq çoxdur. Amma bütün bunlardan daha çox bir kütlə var - adını ifaçı və müğənni qoyanlar. Mənəm-mənəm edənlərin sonu yoxdur. Ağlı olan insan mənəm-mənəmlik etməz. Bu, Allaha şərik çıxmaqdır.
- Sizə atmaca atanların məqsədi nədir?
- Krılovun “Fil və moska” adlı məşhur bir təmsili var. “Moska”, azərbaycanca desək “Toplan”, balaca it olur, başlayır filin üstünə hürməyə. Bundan soruşanda ki, nəyə görə hürürsən, deyir “ona görə hürürəm ki, kənardan baxanlar desinlər ki, gör bu balaca it nə qədər qüvvətlidir ki, filin üstünə hürməkdən qorxmur”. Mən nə özümü filə, nə də qarşı tərəfi itə bənzətmirəm. Sadəcə, “raskrutka”nın ifrat formalarından biri də ondan ibarətdir ki, özündən populyar, özündən qüvvətli birinə söz atırsan və gündəmə gəlirsən.
- Qalmaqallara cavab verməklə onları reklam etdiyinizi düşünmürsünüz?
- Dünya çempionuna adi, sıravi bir idman klubunda məşq edən yeniyetmə söz atmaz. O, ən azı gəlib dünya çempionunun səviyyəsinə çatmalıdır. Toy müğənnisi ifadəsini indi alçaldıblar, əfsuslar olsun. Toy müğənnisi olmaq böyük bir məktəbdir. İndi ara müğənniləri özlərinə toy müğənniləri deyirlər. Hətta mənə pis münasibət göstərən bir qəzetdə qarşı tərəf üçün deyilib ki, “o, dərk etməlidir ki, toy müğənnisidir, Faiq Ağayev isə səhnə müğənnisidir”. Faiq Ağayevi ya sevirsən, ya sevmirsən, ancaq inkar etmək olmaz. Faiq Ağayevin sənətdə fatihəsini oxumaq hələ çox-çox tezdir.
- Sirr deyilsə, kimlər oxuyub fatihənizi?
- O qədər oxuyublar ki... Amma qərarı verən Allahdır.
- Deyirlər, Aygün Kazımova ilə barışığınız gözdən pərdə asmaq məqsədi daşıyıb...
- Olduqca səmimi münasibətdəyik. Mən düşmənçilikdə də, dostluqda da səmimiyəm. Pərdə asmaq üçün barışmamışıq. Sadəcə, arada sevgi etirafı, səmimiyyət oldu ki, barışdıq.
- Bu barışıq tendensiyası siz tərəfdən davam edə bilərmi?
- Üzr istəməyi mən 30 yaşında öyrəndim. Günahım olduğu təqdirdə üzr istəməyə hazıram, ancaq hazırda küsülü olduğum, daha doğrusu, mənimlə küsülü olan sənətkarlarla düzgün olmayan münasibətlərdə günahım yoxdur ki, üzr istəyim. Əgər etiraf olsa, üzr eşitsəm, münasibətlərin bərpası istəyini göstərsələr, təbii ki, barışaram. Barışıqda yaşamaq daha rahat və komfortludur, nəinki bədxahlar arasında yaşamaq.
- Demək, Brilliant Dadaşova və Zülfiyyə Xanbabayeva ilə barışıq nəzərdə tutulmur?
- Növbəti sual, zəhmət olmasa...
- Sənətin bütün incəliklərini bilən Faiq Ağayev niyə yerli səhnədə çıxış etməklə kifayətlənir?
- Məni qane edən saziş hələ ki, görməmişəm. Artıq yaş da o yaş deyil ki, gedim hər şeyi sıfırdan başlayım. Ancaq belə danışıqlar üçün açığam.
- Çoxları düşünür ki, Faiq Ağayev ailəsini gözdən pərdə asmaq üçün müqavilə əsasında qurub...
- Kim elə fikirləşirsə, niyyəti qapısına yazılsın. Taxta qapıdır, dəmir qapıdır, məftildən düzəldilmiş qapıdır, bilmirəm bax, o qapının üstünə yazılsın. Kim barəsində pis fikirləşirsənsə, o pisliyi özün yaşayırsan, kim barədə yaxşı fikirləşirsənsə, o yaxşılığın bəhrəsini görürsən.
- Hazırda həyat yoldaşınızla münasibətiniz necədir?
- Normal. Ümumiyyətlə ailə elə bir şeydir ki, onun yüksək səviyyəsi ilə yanaşı, enişi və yoxuşu da olur. Elə bir ailə görmüsünüz ki, o ailədə söz-söhbət olmasın? Göz önündə olan tanınmış insanın haqqında doğru-dürüst məlumat az olanda boşluq yaranır və bu boşluğu adətən işi-gücü olmayan insanlar şayiələrlə doldururlar. Bir də görürsünüz ki, fantastik bir fərziyyə müzakirə olunan “həqiqi” mövzuya çevrilir.
- Neçə uşaq atası olmaq istəyirsiniz və buna hazırlaşırsınızmı?
- Allah nə qədər göndərsə. Bu, klip və ya konsert deyil ki, hazırlaşaq. Allah kərimdir.
- Tarkanda hansı qeyri-adiliyi tapmısınız?
- Kim dedi ki, mən Tarkanda nə isə tapmışam?
- Bəs o zaman niyə deyilənlərə görə özünüzü Tarkana bənzədirsiniz?
- Xeyr, bu, heç də belə deyil. Bu zamana kimi məni müğənni Prinsə, Maykl Ceksona, Corc Maykla bənzədirdilər. Bu, çox subyektiv fikirdir. Mən özümü Tarkana heç zaman bənzətməmişəm. Ancaq Tarkanın Türkiyə üçün etdiyini Azərbaycan üçün etsəm, fərəhlənərəm ki, heç olmasa, bunda biz Tarkanla oxşarıq. Tarkanla hansı cəhətimiz oxşayır ki? Onun gözü yaşıl, mənim gözüm qara, Tarkanın saçı uzun olanda mənim saçlarım qısa idi və əksinə, onda qısa saç olanda, məndə uzun saçdır. Azərbaycanda yaşayan türklər deyirlər ki, Faiq Ağayev Azərbaycanın Tarkanıdır. Mən onlara hər zaman deyirəm ki, xeyr, Tarkan türklərin Faiq Ağayevidir. (gülür)
- Builki “Eurovision”da baş verənlər Sizin bu müsabiqəyə qarşı fikrinizi dəyişdirmədi?
- Bu müsabiqəyə qatılmaq üçün ölkənin tutduğu mövqe çox vacibdir. İki il sərasər Türkiyənin Ermənistana 12 xal verməsi məni yandırıb tökdü. Rusiyanın, Yunanıstanın Ermənistanı dəstəkləməsi mənim üçün normaldır. Ancaq ermənilərin genosidini yaşamış 60 milyonluq Türkiyə xalqı nədən bu qədər yalançı kübarlıq, mülayimlik nümayiş etdirdi, mən bilmədim. Düşmən yaxşılığı anlamır, düşmən yaxşılığı zəiflik kimi qəbul edir.
- Şou-biznes yaranan kimi meqa-star ifadəsindən istifadə etdilər. Meqa-star sözü bizə lazımdır?
- Zamanın tələbidir də. Əvvəllər parlament, prezident sözü də yox idi. Bu, zamanın yeni sözüdür.
- Bu söz qalmaqal yaranmasına səbəb olur axı...
- Yəqin kimisə qıcıqlandırır. Kimsə bunu etdiklərinə yetərincə qiymət verilməməsi kimi dəyərləndirir. Ona görə deyiblər ki, buğda olan yerdə dana qudurar.
- Bu zamana kimi kimsə sizin vasitənizlə tanınmaq üçün rüşvət təklif edibmi?
- Əlbəttə. Hər il konsert qabağı mənə pul təklif edirlər ki, gələk konsertinizdə bir mahnı ifa edək. Çünki bilirlər ki, bu, böyük olaydır. Təbii ki, Faiq Ağayevin konsertində iştirak etməyin gəlirli tərəfləri var. /APA/


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR