Rusiyanın paytaxtı Moskva şəhərində “Otdıx Leasure 2021” - beynəlxalq turizm sərgisi fəaliyyətə başlayıb.
APA-nın Moskva müxbirinin xəbərinə görə, beynəlxalq turizm sərgisi “Rock tourism” devizi altında keçirilir.
Sərgiyə 21 ölkə, o cümlədən Azərbaycan da qatılıb. Azərbaycan sərgidə ayrıca stendlə təmsil olunur. Ümumi stendin daxilində isə Şuşa, Şəki və Qəbələ adlı stendlər də mövcuddur. Ümumilikdə sərgidə öz məhsullarını nümayiş etdirən 11 şirkət Azərbaycanı təmsil edir.
Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə APA-ya bildirilib ki, sərgidə iştirakın məqsədi Azərbaycanın əsrarəngiz turizm guşələrini Rusiya bazarında təbliğ etməkdir: “Qlobal turizm asta templə də olsa, bərpa olunmağa başlayıb. 2020-ci il Azərbaycan və qlobal turizm üçün itirilmiş ildir. Bu il isə ilk növbədə daxili turizm bərpa edilməyə başlandı, artıq gediş-gəliş bərpa olunub. Azərbaycan 49 ölkə üçün hava qapılarını açıb. İlk ölkələrdən biri də Rusiyadır. Son iki ildə ilk dəfədir Rusiyada turizm sərgisində məhsullarımızı nümayiş etdiririk. Builki sərgidə Qarabağ-Şuşa stendini nümayiş etdirmək bizim üçün fəxrdir. Ümumiyyətlə, Azərbaycanın bütün turizm bölgələri - Şəki, Naxçıvan, Qəbələ və digər şəhərlərimizin potensialı barədə məlumatlar veririk”.
O qeyd edib ki, Azərbaycanın turizm potensialına maraq böyükdür.
Xatırladaq ki, sərgi sentyabrın 9-dək davam edəcək.