Səfir Yaşar Əliyev: “Çin hökuməti tarixində ilk dəfə olaraq dörd azərbaycanlı məhbusu ölkəmizə təhvil verəcək”

Səfir Yaşar Əliyev: “Çin hökuməti tarixində ilk dəfə olaraq dörd azərbaycanlı məhbusu ölkəmizə təhvil verəcək”
# 10 oktyabr 2007 10:26 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycanın Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev məlumat verib. Onun sözlərinə görə, məhbusların təhvil verilməsi səfirliyin və Heydər Əliyev Fondunun səyləri nəticəsində mümkün olub: “Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan səfirliyinin üç il ərzində aramsız fəaliyyəti nəticəsində Çin Xalq Respublikası hökuməti Azərbaycanla dostluq əlaqələrini nəzərə alaraq hazırda bu ölkədə həbsdə olan dörd vətəndaşımızı təhvil verməyə razılaşdı”. Səfirin sözlərinə görə, Çində həbsdə olan azərbaycanlılardan biri ölüm hökmünə məhkum edilsə də, sonradan bu qərar ömürlük həbs cəzası ilə əvəzlənib. Azərbaycana təhvil veriləcək məhbuslar Elşən Əliyev, Etibar İsmayılov, Xaliq Həsənov və Elşad Mikayılovdur. Adı çəkilən şəxslərdən başqa Çində daha iki azərbaycanlı törətdiyi cinayətlərə görə azadlıqdan məhrum edilib. Hazırda həbsxanada olan azərbaycanlılardan biri narkotik maddələr cinayəti ilə həbs olunub və iki il təxirə salınmaqla ölüm hökmünə məhkum edilib. Digər məhkum isə oğurluğa görə həbs olunmuş çoxuşaqlı anadır. Yaşar Əliyev bu məhkumların da Azərbaycana təhvil verilməsi üçün səfirliyin əlindən gələni etdiyini deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR