Baş nazirin müavini: “Azərbaycan Qafqaz və Xəzər regionunda Qazaxıstanın əsas ticarət tərəfdaşıdır”

Baş nazirin müavini: “Azərbaycan Qafqaz və Xəzər regionunda Qazaxıstanın əsas ticarət tərəfdaşıdır”

© APA | Muxtar Tleuberdi

# 21 iyun 2021 13:29 (UTC +04:00)

“Azərbaycan bu gün beynəlxalq enerji təhlükəsizliyinin əsas oyunçusuna çevrilib”. 

APA-nın xəbərinə görə, bunu bu gün azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi deyib. 

O bildirib ki, Qazaxıstanda Azərbaycanın modernləşmə yolu ilə inkişafına sevinirlər. 

Çoxtərəfli formatda BMT, ATƏT, MDB, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanla əməkdaşlıq etdiklərini vurğulayan M. Tleuberdinin sözlərinə görə, Azərbaycan Qafqaz və Xəzər regionunda Qazaxıstanın əsas ticarət tərəfdaşıdır: “Təəssüf ki, pandemiya və karantin məhdudiyyətləri fonunda ticarət mübadiləmiz 2020-ci ildə 38 faiz azalaraq, 142 milyon dollaradək düşüb. Biz ticarət dövriyyəsinin artması üçün işlərin görülməsinə, habelə qısa müddətdə Azərbaycan və Qazaxıstan arasında aviaəlaqələrin bərpasına və COVID-19 pasportunun qarşılıqlı tanınmasına hazırıq”. 

Qazaxıstan Baş nazirinin müavini onu da deyib ki, xalqlar arasında mədəni əlaqələrin inkişafını dəstəkləyirlər: “Abay Kunanbayulının yubileyinin keçirilməsində dəstəyə görə Azərbaycana təşəkkür edirik. Bu il, türk ölkələrində, həmçinin, Qazaxıstanda, biz dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880-ci ildönümünü qeyd edirik. Bu gün Qazaxıstanda 120 min azərbaycanlı yaşayır və cəmiyyətimizin və dövlətimizin inkişafına dəyərli və mühüm töhfəsini verən bu böyük diaspor dostluğumuzun “qızıl” körpüsü rolunu oynayır. Bu gün ölkələrimiz arasında dövlət suverenliyinə hörmət, açıqlıq, etimad və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan möhkəm və əhatəli tərəfdaşlıq sistemi qurulub. Bizim əsas tapşırığımız onun bundan sonra da möhkəmləndirilməsi və təkmilləşdirilməsi və onun keyfiyyətcə dolğun etməsidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR