Ceyhun Bayramov Qvineya-Bisaunun XİN başçısı ilə görüşüb

Ceyhun Bayramov Qvineya-Bisaunun XİN başçısı ilə görüşüb

© APA | Syuzi Karla Barbosa və Ceyhun Bayramov

# 18 iyun 2021 19:55 (UTC +04:00)

Bu gün Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qvineya-Bisaunun xarici işlər və icmalar naziri Syuzi Karla Barbosa ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, görüşdə tərəflər ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Azərbaycan və Qvineya-Bisau arasında qarşılıqlı hörmət və dəstəyə əsaslanan münasibətlərin səviyyəsindən məmnunluq ifadə edilib və əlaqələrin daha da dərinləşdirilməsi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

Görüş zamanı, həmçinin tərəflər bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası, habelə sərhəddə baş verən son gərginliklə bağlı fikir mübadiləsi aparıblar.

Nazir, Ermənistanın Azərbaycana qarşı təcavüzü, son 28 il ərzində münaqişənin həlli üzrə sərgilədiyi qeyri-konstruktiv yanaşma, bu ölkənin 44 günlük müharibə zamanı Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlər də daxil olmaqla, törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlərə diqqət çəkib.

Post-münaqişə mərhələsi və bölgədəki cari vəziyyətdən danışan nazir, işğaldan azad edilmiş ərazilərdəki vəziyyət, bu ərazilərdəki mina təhlükəsi və doğurduğu fəsadlar, həyata keçirilən bərpa və quruculuq işləri, ərazilərin gələcək inkişafı planları barədə həmkarına məlumat verib.

Öz növbəsində Syuzi Karla Barbosa beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında aparılan əməkdaşlığı yüksək qiymətləndirərək, həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığın uğurla həyata keçirildiyini qeyd edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR