İndoneziya səfiri: “Azərbaycan bölgədə davamlı sülhün təmin olunması üçün böyük işlər görür”

İndoneziya səfiri: “Azərbaycan bölgədə davamlı sülhün təmin olunması üçün böyük işlər görür”
# 21 aprel 2021 16:58 (UTC +04:00)

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova İndoneziya Respublikasının Azərbaycandakı səfiri Hildi Hamidlə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, spiker səfirə Azərbaycanda diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Milli Məclisin sədri ölkələr arasında dostluq münasibətlərini qeyd edərək, xüsusilə, siyasi sahədə möhkəm əlaqələrin olduğunu, Azərbaycan və İndoneziyanın Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq etdiyini bildirib. Həmçinin humanitar sahədə də səmərəli əməkdaşlıq əlaqələrinin mövcudluğu vurğulanıb.

Azərbaycanın ötən il 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə haqqında qonağa məlumat verən sədr vurğulayıb ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edərək BMT-nin qətnamələrini özü icra edib. Milli Məclisin sədri Ermənistanın bütün çağırışlara baxmayaraq, növbəti dəfə hərbi cinayət törətdiyini, beynəlxalq humanitar hüququn prinsiplərini kobud şəkildə pozaraq minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina etdiyini də diqqətə çatdırıb.

Səfir Hildi Hamid Azərbaycanda diplomatik fəaliyyəti dövründə iki ölkə arasında münasibətlərin daha da inkişafı istiqamətində çalışacağını bildirib. O, Azərbaycanın zəngin təbii sərvətlərə malik, böyük mədəni zənginliyi olan gözəl ölkə olduğunu qeyd edib. Diplomat, hazırda ölkələr arasında münasibətlərin inkişafından razılığını bildirərək, vurğulayıb ki, təhsil, ticarət, enerji, turizm və digər sahələrdə əlaqələrimizin daha da inkişafı üçün geniş imkanlar mövcuddur.

Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər etdiyini söyləyən diplomat orada şahidi olduqlarını diqqətə çatdırıb. O, bildirib ki, Azərbaycan dövləti həmin ərazilərin bərpası və yenidən qurulması, bölgədə davamlı sülhün təmin olunması istiqamətində böyük işlər görür. Səfir ölkəsinin hər zaman Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə böyük hörmətlə yanaşdığını diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR