İƏT baş katibi: “Dünyadakı maliyyə böhranı nəticəsində islam ölkələrində iş yerlərinin sayı, gəlirlər, xarici investisiyaların həcmi azalıb”

İƏT baş katibi: “Dünyadakı maliyyə böhranı nəticəsində islam ölkələrində iş yerlərinin sayı, gəlirlər, xarici investisiyaların həcmi azalıb”
# 25 aprel 2013 09:08 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının digər üzvləri ilə birlikdə neft və təhsil sahələrində, müxtəlif tədris və təlim proqramlarında fəal iştirak edir. Bunun nəticəsində Azərbaycan inkişaf agentliklərinin reytinqlərində çox yüksək səviyyələrə çıxıb”. APA-nın xəbərinə görə, bu sözləri İƏT-in baş katibi Ekmələddin İhsanoğlu İƏT ölkələri əmək nazirlərinin Bakıda keçirilən toplantısındakı çıxışında deyib.

E. İhsanoğlu bildirib ki, təşkilatın istəyi İƏT-ə üzv ölkələr arasında əməkdaşlığı daha da gücləndirmək və dünyada müşahidə olunan iqtisadi-maliyyə böhranını üzv ölkələrdə hiss olunmayacaq səviyyəyə çatdırmaqdır. Baş katib qeyd edib ki, dünyadakı maliyyə böhranı nəticəsində islam ölkələrində iş yerlərinin sayı, gəlirlər, birbaşa xarici investisiyaların həcmi azalıb: “Bunun nəticəsində islam ölkələrinin əmək bazarında son bir neçə il ərzində iş yerlərini itirən insanlar var. Bunlar xüsusilə iqtisadiyyatları sənaye məhsullarının ixracatından asılı olan ölkələrdə müşahidə edilir. 2006-2010-cu il ərzində olan rəqəmlərə baxsaq, İƏT ölkələrində işsizliyin səviyyəsi dünya üzrə orta səviyyədən yuxarı olub. Bu müddət ərzində islam ölkələrində orta işsizlik göstəricisi 9%-dən çox olub. Dünyada bu rəqəm 6,8%, inkişaf etmiş ölkələrdə isə 6,4%-dir. İslam ölkələrində əmək məhsuldarlığı kifayət qədər yüksək olsa da, son illər müşahidə olunan maliyyə böhranı nəticəsində bu göstəricilər də aşağı düşüb. Belə ki, dünya ölkələrində 2006-cı ildə əmək məhsuldarlığı 23 min dollar, 2007-ci ildə 27 min dollar olub. 2010-cu ildə isə İƏT ölkələrində əmək məhsuldarlığı 9 min dollar həcmində olub. Bu səviyyə dünya və inkişaf etmiş ölkələrin səviyyəsi ilə müqayisədə çox aşağıdır. İƏT üzv ölkələrin əsas istiqamətlərindən biri əmək məhsuldarlığının artırılması, yeni iş yerlərinin açılması üçün münbit şəraitin yaradılması və sosial-iqtisadi inkişafın daha da gücləndirilməsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR