Bahar Muradova deputat köməkçilərinin maaşlarının artırılmasını təklif edib

Bahar Muradova deputat köməkçilərinin maaşlarının artırılmasını təklif edib
# 14 noyabr 2013 12:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA. Azərbaycan Milli Məclisində deputatlara hər bir dairədə ayrıca ofislərin tikilməsi məsələsi qaldırılıb.


APA-nın məlumata görə, bu təkliflə Milli Məclisin 2014-cü il üçün xərclər smetası haqqında qanun layihəsinin müzakirəsi zamani Milli Məclisin vitse-spikeri Bahar Muradova çıxış edib.


Onun sözlərinə görə, məsələ ilə əlaqədar ölkə prezidenti İlham Əliyevə müraciət edəcək: “Bu məsələnin həllini prezidentdən xahiş edəcəyəm. Mən bu işin gələn ilə nəzərdə tutulmasını demirəm. Gələn il layihə hazırlana, 2015-ci ildə də həyata keçirilə bilər”.


B.Muradova həmçinin deputatların nəqliyyat və telefon xərclərinin də həll edilməsini istəyib. O, eyni zamanda deputat köməkçiləri ilə bağlı nəzərdə tutulan maliyyənin də artırılmasını təklif edib: “Bəzən olur ki, deputat köməkçiləri əllərində qovluq küçələrdə gəzməli olurlar. Bu gün deputatlara dairələrdə verilən ofisləri sabah icra hakimiyyətləri başqa qurumlara verir. Deputatların ofisləri ilə bağlı məsələ həllini tapmalıdır. Mən bununla bağlı məsələni qaldırmağı öz üzərimə götürmüşəm”.


Millət vəkili Elmira Axundova da deputat köməkçilərinin maaşlarının artırılması ilə bağlı təklifi dəstəklədiyini qeyd edib. O, deputat köməkçilərinə hər hansı xüsusi status verilməsini təklif edib.


Deputat qeyd edib ki, millət vəkili köməkçiləri 5 ildən sonra həmin şəxs yenidən parlamentə seçilmədikdə işsiz qalır: “Bu problemi də həll etmək lazımdır. Dövlət o şəxslərin işsiz qalmasını aradan qaldırmalıdır”. E.Axundova deputat köməkçilərinin maaşlarının heç olmasa, 200 AZN qaldırılmasını təklif edib.


Sonda Hesablama Palatasının 2014-cü il üçün xərclər smetası haqqında qanun layihəsi də müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR