Dövlət Sosial Müdafiə Fondunda ötən ilin yekunları ilə bağlı geniş kollegiya iclası keçirilib - FOTO - VİDEO

Dövlət Sosial Müdafiə Fondunda ötən ilin yekunları ilə bağlı geniş kollegiya iclası keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 11 fevral 2014 10:20 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş kollegiya iclası keçirilib. Fonddan «APA-Economics»ə verilən məlumata görə, iclasda çıxış edən Fondun sədri Elman Mehdiyev bəyan edib ki, 2013-cü ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2012-ci ilə nisbətən 8%, sosial sığorta gəlirləri 12,2% artıb.

Fondun sədri vurğulayıb ki, ötən il sosial sığorta daxilolmalarının 62,5%-i və ya 997,2 mln. manatı qeyri-büdcə sektorunun payına düşüb. Bu da əvvəlki ilə nisbətən 14,6% çox olmaqla proqnozun 116% icra edildiyini göstərir. Eyni zamanda, fiziki şəxslərdən daxilolmalar 28,5%, torpaq mülkiyyətçiləri üzrə isə 21,8% artıb.

E.Mehdiyev bildirib ki, Azərbaycanda əmək pensiyalarının baza məbləği 100 manata, orta aylıq məbləği 170,4 manata çatdırılıb. Yaşa görə pensiyalar üzrə orta aylıq məbləğ isə 188,1 manat, əvəzetmə əmsalı 45% təşkil edib. Pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyib.

E.Mehdiyev nəzərə çatdırıb ki, 2013-cü ildə DSMF-nin xərcləri 2 588,3 mln. manat olub. Həmin dövrdə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 2 530,5 mln. manat yönəldilib ki, bu da əvvəlki ilə nisbətən 5,3% çoxdur. Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. Pensiya xərcləri 2012-ci ilə nisbətən 5,3% artaraq 2 468,2 mln. manat təşkil edib. Ötən il əhaliyə məcburi dövlət sosial sığortası hesabına 62,3 mln. manat məbləğində müavinət ödənilib.

DSMF sədrinin sözlərinə görə, ölkə üzrə əmək pensiyaçılarının sayı 2013-cü ilin əvvəlinə 1 272,1 min nəfər olub və il ərzində 4,1 min nəfər və ya 0,3% artaraq ilin sonuna 1 276,2 min nəfər təşkil edib.

İclasda Azərbaycanda sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramında (2009-2015-ci illər) icrası 2014-cü il üçün nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi istiqamətindəki tədbirlərlə bağlı ətraflı müzakirələr aparılıb. Müzakirələr zamanı məcburi dövlət sosial sığortasının əhatə dairəsinin genişləndirilməsi və bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi, o cümlədən pensiya təyinatının avtomatlaşdırılması istiqamətində görülən tədbirlərin daha da sürətləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR