Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində “20 Yanvar: Milli-mənəvi dəyərlərin zəfəri” adlı anım tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində “20 Yanvar: Milli-mənəvi dəyərlərin zəfəri” adlı anım tədbir keçirilib
# 17 yanvar 2014 14:49 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dini konfessiya rəhbərləri, dini icmaların sədrləri, ilahiyyatçılar və dindarların iştirakı ilə 20 Yanvar faciəsinin 24-cü ildönümü münasibətilə “20 Yanvar: Milli-mənəvi dəyərlərin zəfəri” adlı anım tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə komitə sədri Elşad İskəndərov bildirib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələri müstəqilliyimizə doğru aparan yolda ilk böyük itki və qəhrəmanlıq nümunəsidir.

E.İskəndərov Azərbaycanın bu kimi repressiyalara tarixən də məruz qaldığını xatırladaraq deyib ki, 30-cu illərdə Bibiheybət məscidi ilə yanaşı, Bakıdakı Pravoslav məbədi də repressiyaya məruz qalıb.

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin direktoru, 20 Yanvar hadisələrinin şahidi, həmin faciə nəticəsində yaralanmış Elçin Əsgərov bildirib ki, milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirib.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Katolik icmasının rəhbəri Vladimir Fekete və digərləri insanlığa qarşı həyata keçirilən bu terrorun qəbuledilməz olduğunu vurğulayaraq, bu günə qədər cinayətkarların cəzasız qalmasından təəssüfləndiklərini bildiriblər, milli-dini azlıqların hər zaman xalqımızla birgə olduğunu vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR