Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri iranlı naziri Azərbaycana dəvət edib - FOTO - YENİLƏNİB

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri iranlı naziri Azərbaycana dəvət edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB
# 15 sentyabr 2013 20:30 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov İranda rəsmi səfərdədir.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, E. İskəndərov İranın islami irşad və mədəniyyət naziri Əli Cənnəti ilə görüşüb.

Ə. Cənnəti hazırda iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyəyə çatdığını, bütün sahələrdə inkişaf etdiyini bildirib.

Nazirin sözlərinə görə, İran və Azərbaycan kütləvi informasiya vasitələri arasında yaxşı əməkdaşlıq qurula bilər: “Medianın ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm rol oynaya biləcəyinə inanırıq. Eyni zamanda mətbuat münasibətlərin pozulmasına da zəmin yarada bilərlər. Hər halda iki ölkənin mediasının xalqlarımız arasında əlaqələrin genişlənməsinə yardım göstərməlidirlər”. Ə. Cənnəti həmçinin hər iki ölkənin ev sahibliyi ilə mədəniyyət həftələrinin keçirilməsini təklif edib.

E. İskəndərov isə öz növbəsində İrana səfərini yüksək qiymətləndirərək, Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin dinc şəraitdə yaşadığını vurğulayıb: “Azərbaycan İranla siyasi və mədəni əlaqələrin genişlənməsində maraqlıdır”. Görüşün sonunda E. İskəndərov İranın islami irşad və mədəniyyət nazirini Azərbaycana rəsmi səfərə dəvət edib.

Elşad İskəndərov İranın İslami Əlaqələr və Mədəniyyət Təşkilatının sədri Məhəmmədbağır Xürrəmşadla da görüşüb.

M. Xürrəmşad bildirib ki, İran “Quran” və dini kitablarının tərcüməsi sahəsində Azərbaycanla əməkdaşlığa hazırdır.

E. İskəndərov isə öz növbəsində yaxın gələcəkdə İranla Azərbaycan arasında dini və mədəni sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə memorandumun imzalanacağına ümidvar olduğunu söyləyib: “Bununla da iki ölkə arasında dini və mədəni sahədə münasibətlərin təşkilatlanmış formada inkişafının şahidi olacağıq”. Komitə sədri İran və Azərbaycan arasında dini fəaliyyətin formalaşdırılması üçün birgə işçi qrupun təşkil olunmasını da təklif edib.

Eyni zamanda görüşdə Azərbaycan universitetlərində İranın islam elmləri ilə bağlı təcrübəsindən istifadə məsələsi, iki ölkə arasında dini-elmi heyətlərin və tələbələrin mübadiləsi məsələləri də müzakirə olunub.

Qeyd edək ki, E. İskəndərovun səfər çərçivəsində İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə də görüşü var. Eyni zamanda komitə sədrinin İranın Qum şəhərində dini təhsil alan azərbaycanlı tələbələrlə görüşü də nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR