Köçəri Nağıbəyli: “Mən əqidəmi dəyişib deputatlığa satılmamışam, kimlərəsə kitab yazmamışam”

Köçəri Nağıbəyli: “Mən əqidəmi dəyişib deputatlığa satılmamışam, kimlərəsə kitab yazmamışam”
# 12 fevral 2014 15:31 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Cəmil Həsənlinin məni regionçuluqda ittiham etməsi qərəzlidir. Mən əqidəmi dəyişib deputatlığa satılmamışam, kimlərəsə kitab yazmamışam, bu hakimiyyətlə bazarlıqda olmamışam, əqidəmi dəyişib o yana, bu yana keçməmişəm. Polis mayoru olduğum bir dövrdə vəzifəmdən istefa verib, müxalifətə keçmişəm”.

Bu sözləri APA-ya açıqlamasında “El” Hərəkatı İdarə Heyətinin üzvü Köçəri Nağıbəyli Milli Şuranın sədri Cəmil Həsənlinin onunla bağlı ittihamlarını cavablandırarkən deyib. O bildirib ki, bir neçə məsələ ilə bağlı C. Həsənliyə zamanında iradlarını çatdırıb: “Cəmil Həsənlinin Rüstəm İbrahimbəyovu “rus projesi” adlandıranları özünə vəkil etməsi, Milli Şuranın “beyin mərkəzi”nə qurumun bütün komissiya sədrləri dəvət edildiyi halda, mənim el-obamdan olan komissiya sədri Nurəddin Mustafayevin ora dəvət edilməməsi ilə bağlı iradımı bildirmişəm. Necə ola bilər ki, səninlə, Fərhad Əliyevlə eyni kənddən olan, intellekti, savadı olmayan adamları ora dəvət edirsən, ancaq dövlətçilik təcrübəsi olan, ağsaqqal Nurəddin Mustafayevi dəvət etmirsən? İradımı bildirmişəm ki, sən bütün siyasi məhbusların adını mitinqlərdə, sessiyalarda çəkdiyin halda necə ola bilər ki, zindandan sənə dəstək verən Əli İnsanovun adını siyasi məhbus kimi çəkmirsən?! Mən Cəmil Həsənlinin sədri olduğu Milli Şurada özümü rəhbərlikdə görmək istəməmişəm. Mən Rüstəm İbrahimbəyovun sədri olduğu Milli Şurada özümü rəhbərlikdə görmək istəmişəm və buna da haqqım var. Çünki mən Milli Şuranın yaradılmasında bütün potensialımı, canımı qoymuşam. Mən iradlarımı Cəmil Həsənlinin üzünə demişəm. İki kişinin arasında olan söhbət kənara çıxmaz, təəssüf ki, Cəmil Həsənli bütün bunları mənim adımdan mətbuata çıxarır. Mən burada nə “El” Hərəkatının davasını edirəm, nə də regionçuluq edirəm. Hər halda bu gün Cəmil Həsənlinin Koordinasiya Şurasında birgə oturduğu adamlardan ən azı dördünü tanıyıram ki, onlar Rüstəm İbrahimbəyovu Rusiyanın casusu adlandırırdılar. Mən bunlara iradımı bildirmişəm. Cəmil Həsənlinin iradı vardısa, məni çağırıb üzümə deyə bilərdi. Mən ayrı şeyləri də danışa bilərəm, ancaq inanıram ki, Cəmil Həsənli yarı yoldan qayıdacaq. Təəssüf edirəm ki, Cəmil Həsənli özünü partiya funksioneri kimi aparır”.

Qeyd edək ki, C. Həsənli bu gün mətbuata müsahibəsində K. Nağıbəylinin Milli Şuranın rəhbərliyində təmsil olunmaq istədiyini, ermənistanlıların rəhbərlikdə zəif təmsil olunmasından şikayətləndiyini söyləyib. O, həmin vaxt K. Nağıbəylinin regionçuluqla bağlı fikirlərinə qarşı çıxdığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR