Azərbaycan Ümumdünya Poçt İttifaqının payız sessiyasında iştirak edir

Azərbaycan Ümumdünya Poçt İttifaqının payız sessiyasında iştirak edir
# 01 noyabr 2013 13:50 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Ümumdünya Poçt İttifaqının (ÜPİ) Bern şəhərində (İsveçrə) keçirilən payız sessiyası noyabrın 15-dək davam edəcək.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, sessiyanın işində 100-dən çox üzv ölkələrin poçt administrasiyası, müxtəlif beynəlxalq təşkilatlar və digər regional poçt ittifaqlarının nümayəndələri iştirak edirlər. Azərbaycan poçt administrasiyasını bu tədbirdə RİTN-in əməkdaşı, poçt sektorunun baş məsləhətçisi Nasir Həmidov təmsil edir.

N.Həmidov ötən ilin əvvəlində ÜPİ-nin Poçt Əməliyyatları Şurasının (Postal Operations Council – POC) sessiyasında ÜPİ-nin Qəyyumlar Heyətinin (Board of Trustees - BoT) tərkibinə üzv seçilib.

N.Həmidovun sözlərinə görə, sessiya dövründə BoT-un da iclasları keçiriləcək. Bu toplantıda baxılacaq əsas məsələlərdən biri də dünya ölkələri tərəfindən ÜPİ Katibliyinə təqdim olunmuş layihələrin, həmçinin bu layihələrin tətbiqi üzrə ilkin, aralıq və yekun hesabatların və digər sənədlərin baxılıb müzakirə edilməsi, müvafiq qərarların hazırlanmasına aiddir. Şurada baxılan layihələr üzrə məlumatlar gizli olduğundan, yalnız Heyətin üzvləri və Katibliyin nümayəndələri tərəfindən baxılır.

Tədbirlərdə beynəlxalq poçt sahəsi üzrə xeyli sayda vacib qərarların qəbul edilməsi gözlənilir.

Xatırladaq ki, hazırda BoT-un tərkibinə 9 ölkə - Azərbaycan, ABŞ, Hindistan, Portuqaliya, Qana, İsveçrə, Nigeriya, Çili və Avstraliyanın nümayəndəsi daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR