«AccessBank» jurnalistlər arasında korporativ sosial məsuliyyət mövzusunda müsabiqə keçirir

«AccessBank» jurnalistlər arasında korporativ sosial məsuliyyət mövzusunda müsabiqə keçirir
# 04 oktyabr 2013 12:49 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «AccessBank» QSC jurnalistlər arasında «Azərbaycanın maliyyə təşkilatlarında korporativ sosial məsuliyyət. Cəmiyyətdə biznesin rolu» mövzusunda ən yaxşı material müsabiqəsi keçirir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanın bütün KİV nümayəndələri bu müsabiqədə iştirak edə bilərlər.

Bu ilin noyabrın 1-dən gec olmayaraq qəzet və jurnallarda çap olunan, İnternet portallarında dərc edilən, eləcə də televiziya və ya radio vasitəsi ilə Azərbaycan və ya rus dillərində yayımlanan materiallar müsabiqəyə qəbul ediləcək. Təqdim olunan işlər bu müsabiqə elan olunmazdan əvvəl dərc olunmamalı, həmçinin yayımlanmamalıdır.

Mükafat fondu I yer üçün 1 000 manat, II yer üçün 700 manat və III yer üçün 500 manat təşkil edir.

Müsabiqə işləri obyektivlik, məlumatın dolğunluğu, şərhin səlisliyi kimi meyarlar əsasında qiymətləndiriləcək. Materialların həcmi Times New Roman, 12 şrifti ilə 4 səhifədən (A4 formatında) artıq, televiziya və radio süjetlərinin müddəti isə 3 dəqiqədən az olmamalıdır. Hazırlanan materiallarda onların «AccessBank» tərəfindən keçirilən müsabiqə çərçivəsində hazırlandığı mütləq göstərilməlidir.

Bütün materiallar müstəqil münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyətini Azərbaycan korporativ sosial məsuliyyət şəbəkəsinin həmtəsisçisi Əhəd Kazımov, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyid-zadə və «AccessBank»ın Korporativ Sosial Məsuliyyət üzrə baş mütəxəssisi Kamal Eminov təşkil edəcək.

Müsabiqə materialları [email protected] elektron ünvanına göndərilməlidir. Müsabiqə işlərinin təqdim olunması üçün son tarix bu ilin noyabrın 5-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR