Azərbaycanda rəsmi işsizlərin 41%-ni qadınlar təşkil edir

Azərbaycanda rəsmi işsizlərin 41%-ni qadınlar təşkil edir
# 24 dekabr 2013 11:18 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu il dekabrın 1-nə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 753,5 min nəfər olub, onlardan 4 516,6 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu il noyabrın 1-nə ölkədə muzdla işləyənlərin sayı 1 505,6 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 901,8 min nəfər, qeyri-dövlət bölməsində isə 603,8 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 37,6 min nəfər, qeyri-neft sektorunda isə 1 468,0 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1462,8 min nəfər təşkil edib.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,3%-i məhsul istehsalı sahələrində, onlardan 7,1%-i tikintidə, 6,2%-i emal sənayesində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 2,5%-i mədənçıxarma sənayesində, 2,0%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1,6%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində məşğul olublar.

Xidmət sahəsində çalışanların 22,7%-i təhsil, 18,8%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6%-i dövlət idarəetməsi, müdafiə və sosial təminat, 4,9%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,7%-i peşə, elmi və texniki fəaliyyət, 1,8%-i maliyyə və sığorta fəaliyyəti, 1,8%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,8%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində cəmlənib.

Bu il dekabrın 1-nə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,5 min nəfər olub, onların 41,4%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 258,0 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR