Bakı Təşəbbüs Qrupu və Fransız Polineziyasının Tavini Huiraatira partiyası əməkdaşlığı genişləndirir - YENİLƏNİB

Bakı Təşəbbüs Qrupu və Fransız Polineziyasının Tavini Huiraatira partiyası əməkdaşlığı genişləndirir - YENİLƏNİB
# 30 aprel 2024 18:19 (UTC +04:00)

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT-nin Vyana ofisində keçirilən “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” mövzusunda konfransın “Müstəmləkəçiliyin mənfi təsirləri, yerli icmalar üzərində assimilyasiya siyasəti” adlı ilk panel iclasında Fransanın müstəmləkələrindən, eləcə də dünyanın müxtəlif universitetlərinin tədqiqatçıları mövzu üzrə çıxışlar ediblər.

APA xəbər verir ki, onlar assimilyasiya siyasətinin yaratdığı böyük problemlərdən danışıblar.

Bildirilib ki, Fransanın müstəmləkəçilik siyasəti əhalinin assimilyasiyasına və xalqların mədəniyyətinin inkar edilməsinə əsaslanır. “Fransa istəyir ki, biz - müstəmləkə xalqları “əsl fransız xalqı” olaq və bizə mənşəyimizi xatırladan hər şeyi - ana dilimizi, yurdumuza bağlılığımızı, ata-baba irsimiz və s. İnkar edək”, - deyə assimilyasiya siyasətinə məruz qalan və ona qəti etirazlarını bildirən xalqların nümayəndələri qeyd ediblər. Vurğulanıb ki, assimilyasiya siyasəti Afrika, Məğrib, Asiya, Karib dənizi və Cənubi Amerikadan gələnlər üçün tamamilə fərqlidir, çünki onlar ağdərili və xristian deyillər. Fransa sivil irq və aşağı irq məfhumlarını fərqləndirərək insanları alçaldan siyasət yürüdür. Hətta müxtəlif fransız yazıçıları irqçiliklə bağlı fikirlər səsləndiriblər.

Qeyd edilib ki, assimilyasiya müstəmləkəçiliyin bir növüdür. “Assimilyasiyadan qurtulmaq müstəmləkəçilikdən, onun ideoloji doğmalarından, iqtisadi və sosial sistemindən, siyasi idarəçiliyindən, mədəni təmsilçiliyindən xilas olmaq deməkdir. Bu, cəmiyyətlərimizin yenidən qurulması ilə, üstün irqin, üstün sivilizasiyanın, seçilmiş xalqın mövcud olmadığını nümayiş etdirmək cəhdidir. Bu, həm sağ qalmaq, həm də birlikdə yaşamaq istəyiriksə, yenidən kəşf edilməli olan bir dünyada özümüzü yenidən düşünməkdən ibarətdir”, - deyə Martinika Assambleyasının deputatı, Bakı Təşəbbüs Qrupunun üzvü Lük Fransis Karol söyləyib. O deyib ki, assimilyasiya anlayışı təkcə elmi əsasları olmayan, çox real siyasi, iqtisadi və strateji maraqlara xidmət edən ideoloji təsir vasitəsidir. “Şübhəsiz ki, əsrlər boyu bu ideologiyadan əzab çəkmiş xalqlar və ölkələr bəşər cəmiyyətinin dünyaya və gələcəyə sahib olmaqla bağlı baxışlarını köklü şəkildə dəyişməsi üçün mübarizənin önündə olmalıdırlar. Burada əsas məsələ insanları və dünyanı dəyişmək, daim hörmətsizliyə məruz qalmaqdan xilas olmaq üçün konkret addım atmaqdır”, - deyə F. Karol bildirib.

Milli azlıqların dil məsələləri üzrə fransız tədqiqatçı Rolan Lafitte çıxışında ölkəsində irqçilik probleminin getdikcə artmasından, polisin ərəblər və afrikalılara qarşı haqsızlıqlarından, onların polis tərəfindən əsassız olaraq yoxlamalara məruz qalmalarından söz açıb, bunun hüquqşünaslar tərəfindən sistemli irqçilik adlandırıldığını bildirib. Müsəlmanlara qarşı olan qərəzdən danışan tədqiqatçı bildirib ki, bu, irqçi hərəkatlar çərçivəsində kənara çıxıb və siyasi-media sahəsində adi hala çevrilib. O, ölkəsində baş alıb gedən islamofobiyanın narahatlıq doğurduğunu vurğulayıb.

Fransız jurnalist Jan-Mişel Brən də ölkəsinin müstəmləkəçilik siyasətindən söz açaraq müstəmləkəçilik illərində Əlcəzairdə törədilmiş vəhşiliklərdən, assimilyasiyanın əsl məqsədlərindən danışıb. Bildirib ki, müstəmləkə xalqları assimilyasiya adı altında əcdadlarından və ənənələrindən uzaqlaşdırılıb.

“Gwadloup Alyans Nasyonal”ın sözçüsü Natali Minaçi Qvadelupanın hələ də miqrant ölkəsi kimi qaldığını bildirib. Qeyd edib ki, ölkəsində yerli əhalinin sayının azaldılması üçün torpaq və maliyyə vədləri ilə avropalılar Qvadelupada yerləşdirilir. Qvadelupalıların hətta dini ibadətlərinin icrası, doğma dillərində danışmaları da qadağan edilib. N. Minaçi bildirib ki, Fransa müstəmləkəçiliyi subkultural kimi təsvir edilən digər mədəniyyətləri və dilləri məhv etmək məqsədi daşıyır.

Eyni zamanda, BMT-nin Vyana ofisində “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans çərçivəsində Bakı Təşəbbüs Qrupu ilə Fransız Polineziyasının Tavini Huiraatira siyasi partiyası memorandum imzalayıblar.

Memorandumun imzalanması gələcək əlaqələrin inkişaf perspektivlərinin müəyyən olunması və əməkdaşlığın daha da inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.

Həmçinin memorandum assimilyasiya təsirlərinin azaldılması ilə milli kimliyə olan təhdidlərin qarşısının alınmasına və dekolonizasiya istiqamətində mühüm nəticələrin əldə edilməsinə yol açacaq. Eyni zamanda, gənc nəsillər üçün yerli mədəniyyətin qorunub saxlanmasında və maariflənməyə yönəlmiş gələcək layihələrin həyata keçirilməsində mühüm başlanğıc olacaq.

***

14:45

Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə ötən il sentyabrın 22-də BMT-nin Nyu-Yorkdakı və dekabrın 14-də isə Cenevrədəki qərargahlarında keçirilən kolonializmə və onun yeni təzahürlərinə qarşı mübarizəyə həsr olunmuş silsilə tədbirlər təşkilatın Vyana ofisində davam edir.

APA xəbər verir ki, aprelin 30-da BMT-nin Vyana ofisində “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” mövzusunda konfrans təşkil olunub. Bakı Təşəbbüs Qrupu tərəfindən keçirilən tədbirdə dövlətlər daxilində və arasında bərabərsizliklərin, davamlı inkişaf problemlərinin aradan qaldırılmasına dair məsələlər müzakirə ediləcək.

Konfransda BMT-nin Vyana bölməsində akkreditə olunan 25 ölkənin diplomatları, 20-dək səfir, 20 ölkənin, xüsusilə də Fransanın hələ də müstəmləkə altında saxladığı dənizaşırı ərazilərin – Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika, Qvadelupa, Vallis və Futuna, Korsika, Qəmər Adaları İttifaqı, Haiti kimi ölkələrin milli hərəkatlarının rəhbərləri və müstəqillik tərəfdarları, müstəqil ekspertlər, beyin mərkəzlərinin nümayəndələri, həmçinin yerli və xarici media təmsilçiləri iştirak edirlər.

Tədbirin əsas ideyası müstəmləkəçi ölkənin məqsədyönlü mədəni assimilyasiya siyasətini tənqid etməklə ondan maksimum dərəcədə xilas olmaqdır.

Konfrans çərçivəsində “Assimilyasiya siyasətinin yerli icmalara mənfi təsiri”, “Dekolonizasiya prosesində hüquqi çərçivələr və beynəlxalq öhdəliklər çərçivəsində insan hüquqlarının inkişafı” və “Məcburi köçün sütunu kimi ətraf mühitə süni təsirlər” mövzularında üç paneldə müzakirələr aparılacaq.

Bu gün Fransanın tərkibindəki subyektlərə qarşı tətbiq etdiyi assimilyasiya konsepsiyası iki əsas xətt üzrə təhlil olunacaq, müstəmləkəçilliyin yerli icmalar üzərindəki mənfi təsirlərinə və bu prosesə məcbur qalan insanların hüquqlarının müdafiəsinə dair fikir mübadilələri aparılacaq.

Konfrans assimilyasiyanın təsirlərinin azaldılması ilə milli kimliyə olan təhdidlərin azalmasına və dekolonizasiya istiqamətində gözlə görünə bilən nəticələrin əldə edilməsinə imkan verəcək. Bu tədbir Fransanın keçmiş və hazırkı koloniyalarından gəlmiş iştirakçılar tərəfindən gənc nəsillər üçün yerli mədəniyyətin qorunub saxlanmasına və maariflənməyə yönəlmiş gələcək layihələrin işlənilməsi istiqamətində mühüm başlanğıc olacaq.

Konfrans çərçivəsində əlaqələrin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi və əməkdaşlığının genişləndirilməsi məqsədilə Fransız Polineziyasının “Tavini Huiraatira” siyasi partiyası ilə Bakı Təşəbbüs Qrupu arasında memorandum imzalanacaq.

Tədbirin sonunda beynəlxalq təşkilatlara açıq məktub ünvanlanacaq.

Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik və yeni müstəmləkəçilik istiqamətində əsaslı mövqe ortaya qoyaraq Fransanın xaricdəki müstəmləkələrinin apardığı ədalətli mübarizəsini dəstəkləməyə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR