Moskvada Azərbaycanla Rusiya arasında mədəniyyət sahəsində əməkdaşlıq proqramı imzalanıb

Moskvada Azərbaycanla Rusiya arasında mədəniyyət sahəsində əməkdaşlıq proqramı imzalanıb
# 20 iyun 2014 11:03 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, 2015-2016-cı illəri əhatə edən proqramı Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə Rusiya mədəniyyət naziri Vladimir Medinski imzalayıblar.

Ə. Qarayev rusiyalı həmkarına qəbula görə öz təşəkkürünü bildirib. O, iki dövlət arasında humanitar siyasət sahəsində əməkdaşlıq müqaviləsinin mövcud olduğunu xatırladıb: “Bu müqavilə elm, mədəniyyət, təhsil və digər sahələri əhatə edir. Ümidvarıq ki, iki ildən sonra biz yenə də müqavilə imzalayacağıq və birgə səylərimizi bu müqavilə çərçivəsində davam etdirəcəyik. Azərbaycanla Rusiya arasında dövlətlərarası və mədəniyyətlərarası səviyyədə qarşılıqlı münasibətlər həmişə yaxşı və səmərəli inkişaf edir. Bunun üçün biz işimizi planlaşdırmalıyıq”.

V. Medinski isə çıxışında Rusiya ilə Azərbaycanı təkcə müqavilələrin deyil, istər nazirlik, istərsə də regionlar səviyyədə sıx fəaliyyətin bağladığını söyləyib: "Rusiyanın bir sıra regionları Azərbaycanın mədəniyyət müəssisələri ilə əməkdaşlıq edirlər”.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Bakıda keçirilən Ümumdünya Forumunda iştirakı barədə danışan rusiyalı nazir tədbirdə Azərbaycan prezidenti İlham Əliyev kimi MDBMİ-ni bitirən bir neçə dövlət başçısının və müxtəlif ölkələrin nazirlərinin iştirak etdiyini qeyd edib: “Prezident İlham Əliyev MDBMİ-də mənə beynəlxalq münasibətlərin tarixindən mühazirə oxuyub".

Rusiyanın mədəniyyət naziri iki ölkə arasındakı münasibətlərin bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əmin olduğunu bildirib: "İki dövlətin ərazisində sərgilərin, habelə teatrların və bədii kollektivlərin qastrollarının təşkil edilməsi, kinematoqraf sahəsində qarşılıqlı fəaliyyətin dəstəklənməsi, ixtisasartırma üçün şəraitin yaradılması, müəllimlərin yaradıcılıq təcrübələrinin öyrənilməsi, habelə mədəni irsin qorunub saxlanılmasına və bərpa edilməsinə dair informasiya mübadiləsi idarələrarası əməkdaşlıq proqramının prioritet vəzifələridir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR