Bakıda Novruz bayramı ilə əlaqədar satış yarmarkaları açılıb

Bakıda Novruz bayramı ilə əlaqədar satış yarmarkaları açılıb
# 16 mart 2013 09:11 (UTC +04:00)

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov təşkil olunmuş yarmarkaların biri ilə yerində tanış olub.


«APA-Economics»in məlumatına görə, nazir əsasən yarmarkadakı qiymətlərlə tanış olub və bildirib ki, bazar iqtisadiyyatı dövründə Kənd Təsərrüfatı Nazirliyi qiymətlərə müdaxilə edə bilmir: «Lakin Nazirliyin monitorinq şöbəsi bazar qiymətlərini araşdırıb və yarmarkalarda qiymətlərin bazar qiymətlərindən 20% ucuz olması tövsiyə edilib. Bu qiymətlə məhsullarını satmağa razı olan sahibkarlar yarmarkalara qoşulub, digərləri isə yarmarkadan kənar, yəni bazarlarda öz məhsullarını realizə edir».


İ.Abasov onu da bildirib ki, 2006-cı ildən etibarən indiyədək 708 yarmarka təşkil olunub və bu yarmarkalar çərçivəsində 155 min ton kənd təsərrüfatı məhsulu satılıb: «Martın 16-dan 19-dək keçiriləcək yarmarkalarda isə 1 000 ton kənd təsərrüfatı məhsulunun realizə olunacağı gözlənilir».


Qeyd edək ki, İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sahibkarlarla birgə təşkil olunan yarmarkaların keçirilməsində məqsəd əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınmasıdır.


Bayram yarmarkaları Binəqədi rayonunda Dərnəgül yaşayış sahəsi, 6 saylı Peşə Litseyinin həyəti, Xətai rayonunda «Bakı» kinoteatrının yanı, Nərimanov rayonunda Əliyar Əliyev küçəsi,26, «Bakı Taxıl» ASC-nin ərazisi, Nəsimi rayonunda «Təzə bazar»ın ərazisi, Səbail rayonunda Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı, Suraxanı rayonunda Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi,2, Yeni Günəşli qəsəbəsi, «Günəş» Ticarət Mərkəzinin yanı, Yasamal rayonunda Şərifzadə küçəsi,131, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin yanında təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR