Liviya-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclası Tripolidə keçiriləcək

Liviya-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclası Tripolidə keçiriləcək
# 19 fevral 2013 09:35 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA-Economics. Liviyanın yeni Konstitusiyası qəbul olunduqdan sonra Azərbaycanla hökumətlərarası komissiyanın 3-cü iclasının keçirilməsi gözlənilir.

APA-Economics”in məlumatına görə, bu barədə Liviyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Abdalrzak Şakhai açıqlamasında bildirib.

Onun sözlərinə görə, növbəti iclas Tripolidə keçiriləcək. O, Liviyada yeni konstitusiyanın ilin sonuna kimi qəbul olunacağını qeyd edib: “Bundan sonra iclasın keçirilməsi ilə bağlı qurumlara müraciət göndəriləcək və tez bir zamanda iclas baş tutacaq. Tripoli və Benqazidə artıq bir neçə Azərbaycan şirkəti fəaliyyət göstərir. Liviyanın qapısı yatırım etmək istəyən digər şirkətlər üçün də açıqdır”.

Müvəqqəti işlər vəkili yaxın vaxtlarda əlaqələrin neft sahəsində də inkişaf edəcəyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın “Metanol” şirkəti hazırda Liviyada nümayəndəlik açmaq istəyir: “Biz onun məktubunu Liviya Neft Nazirliyinə göndərmişik. Yaxın aylarda buna cavab veriləcək”.

Abdalrzak Şakhai Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəklədiklərini bildirib: “Bizim mövqeyimiz sabit və açıqdır. Azərbaycanın mövqeyini, həmçinin BMT-nin qəbul etdiyi qətnamələrin icrasını dəstəkləyirik. Biz çox istəyirik ki, Dağlıq Qarabağ münaqişəsi hərb yolu ilə deyil, sülh yolu ilə həll olunsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR