Gürcüstanda torpaq sahəsi alan əcnəbilərin sayı sürətlə artır - ARAŞDIRMA - FOTOSESSİYA

Gürcüstanda torpaq sahəsi alan əcnəbilərin sayı sürətlə artır - <span style="color: red;">ARAŞDIRMA  - <span style="color: red;">FOTOSESSİYA
# 15 aprel 2013 08:46 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. “Biz Gürcüstana 5-6 ildir ki, gəlmişik. Artıq hamımız dövlət dilini bilirik. Texnikamız var, torpaq becərməyi də yaxşı bilirik. Hələ ailəmiz Pakistandadır. İki övladım var, yaxın günlərdə gedib onları da Gürcüstana gətirəcəyəm”. Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Borçalı bölgəsində torpaq sahələri alıb özəlləşdirən “S.J. Mangat Farm LTD” şirkətinin rəhbəri Şehr Sinqx bildirib.

Onun sözlərinə görə, bu torpaqlar əkin üçün çox yararlıdır: “Mən bu yerləri çox sevdim. Yalnız suvarmaq üçün suyumuz çatışmır. Biz Pakistandan traktorlar və digər aqreqatlar da gətirmişik. Özümüz 42 hektar sahəni əkib-becəririk. Burada istifadə olunmayan torpaqları azərbaycanlılar bizə satırlar. Biz də məmnuniyyətlə alıb su quyuları qazır və su çıxarıb əkin sahələrimizi suvarırıq”.

Hindlilər Rustavidə Samqori deyilən ərazidə də böyük torpaq sahələri alıblar. “LTD Baba Nand Singh J İ” şirkətinin təmsilçisi Qaaqa Dip gürcü dilində APA-ya açıqlamasında Rustavidə 50, Kaxetidə 30, Marneulidə 30 nəfər hindlinin torpaq sahələri aldığını, ümumilikdə Gürcüstana 2 min nəfərə qədər hindlinin gəldiyini bildirib: “34 yaşım var. Pəncab vilayətinin Duşiarp kəndindənəm. Restoranda çalışırdım. Lakin eşidəndə ki, Gürcüstanda torpaqlar ucuzdur, bura tələsdim. İrəvanda, Türkiyədə də oldum, artıq 4 ildir ki, bu ölkədə yaşayıram. Bizə qarşı heç bir təzyiq yoxdur”.

Pakistandan gələn digər hindli Quri Sinqx isə bir çox qohumlarının və həmkəndlilərinin Gürcüstana köçdüklərini və torpaq becərdiklərini deyib. O, burada ibadət etdiklərini, sərbəst şəkildə hindli ayinlərini həyata keçirdiklərini bildirib: “Sizin məscidləriniz olan kimi, bizim də din mərkəzlərimiz var. Bizim yaşadığımız yerdə “Qolden Templ” adlı dini mərkəz var. Biz burda da dini mərkəz tikməyi planlaşdırırıq. Artıq arxitektura idarəsindən tikili üçün layihə də almışıq. Mənim də 5 hektar yerim var. Sarımsaq, pomidor, qarğıdalı, xiyar və digər məhsulları yüksək aqrotexniki üsullarla becəririk. Məhsulu bazarlarda satırıq, artıq bazarımızı yarada bilmişik”.

Borçalıda hindli azərbaycanlı qıza evlənib. Bunu APA-ya açıqlamasında Təzəkənd kəndinin sakini İlham Kərimov bildirib: “Hindli Sulcit Sinqx bizim kənddə torpaq alıb becərirdi. İki aydan çoxdur ki, mənim qohumum Leyla ilə ailə həyatı qurub. İndi Pakistana gediblər. Özlərini xoşbəxt hiss edirlər. Hindlilər gürcülərlə də evlənirlər”.

Gürcüstanda yalnız hindlilər deyil, 4 əsrlik fermer təcrübəsi olan Cənubi Afrika Respublikasından gələn Bur tayfaları da azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunda 1000 hektar torpaq sahəsi alaraq qarğıdalı bitkisi becərir, heyvandarlığı inkişaf etdirmək üçün layihələr həyata keçirmək istəyirlər. APA-nın araşdırmasına görə, CAR-dan gələn Bur tayfalarının nümayəndə heyəti ilə Gürcüstanın keçmiş hökuməti arasında 2010-cu ilin avqust ayında memorandum imzalanıb. Gürcüstanın diaspora məsələləri üzrə keçmiş naziri Papuna Davitayanın imzaladığı memorandumda qeyd olunub ki, CAR-dan Gürcüstana 150 min nəfərdən ibarət 41 min bur ailəsi dəvət olunur və kənd təsərrüfatını inkişaf etdirmək üçün onlara yeni torpaq sahələri təklif edilir.

Gürcüstana gələn ilk Bur tayfasının fermeri De Klerk ilk növbədə onların təhlükəsizliyinin təşkilini xahiş edib: “Gürcüstanda bizim təhlükəsizliyimiz təmin olunarsa, böyük uğurlar qazanacağıq, çünki bizi bütün dünya bazarı tanıyır”. Lakin keçmiş hökumətin Bur tayfaları ilə bağlı planları iflasa uğrayıb.

Son günlər Gürcüstanda torpaq satışı ilə bağlı etiraz səsləri ucalmağa başlayıb. Gürcü kəndliləri hindlilərə torpaq sahələri satmaqdan imtina ediblər. Qori rayonunun Ditsi kənd sakinləri hindlilərə 140 hektar torpaq satılmasına etiraz edərək, məhkəməyə və prokurorluğa şikayət ediblər. Məsələni araşdırmağa gələn “Azad Gürcüstan” partiyasının lideri Kaxa Kukava mətbuata açıqlamasında indiyədək Gürcüstanda 70 kənddə yararlı torpaq sahələrinin Pakistan, Türkiyə, Hindistan və Çin vətəndaşlarına satıldığını bildirib. Partiya lideri torpaqların satılmasında korrupsiyanın rol oynadığını, 6 aya qədər müddətdə satılan torpaq sahələrinin kənd sakinlərinə təklif olunmadığını bildirib. O qeyd edib ki, sakinlər yalnız torpaq sahələri hindlilər tərəfindən becərilməyə başlayanda alqı-satqıdan xəbər tutublar.

Bu cür etirazlar iranlı iş adamlarına da bildirilib. Gürcüstanın Tetri-Skaro rayonunda yaşayan svanlar 700 hektar sahənin satılmasına, Qaraçöpdə yaşayan azərbaycanlılar isə 5 min hektar torpaq sahəsinin özəlləşdirilməsinə görə etiraz nümayiş etdiriblər.

Gürcüstanda çinlilərə də torpaq sahələri satılıb. Məlumata görə, hətta keçmiş hökumət çinlilər üçün Tiflis ətrafında yeni şəhər salmaq da planlaşdırırmış.

Gürcüstan parlamentinin aqrar komitəsinin sədri Qiqla Aqulaşvili APA-ya açıqlamasında bütün problemlərlə tanış olduğunu və bu məsələdə incə siyasət yürüdüldüyünü bildirib: “Mən bu problemlərlə tanışam. Bu, çox incə bir siyasətdir. Mən keçmiş hökuməti suçlamaq istəmirəm. Gələcəyə nikbin baxmaq lazımdır. Keçmiş hakimiyyət bu problemləri bizə yadigar qoyub. Bunları biz həll etməli və tələsməliyik. Buna görə də ölkədə müvəqqəti olaraq dövlət torpaqlarının özəlləşdirilməsini dayandırmışıq. Biz həmvətənlərimiz üçün, eyni zamanda xarici vətəndaşlar üçün yeni siyasət işləyib hazırlayacağıq. Gürcüstanda hələ torpaq bazarı yoxdur. Buna görə də burada torpaq çox ucuzdur və bizim ölkəyə axın çoxdur. Bu, bir tərəfdən düzdür, digər tərəfdən isə torpaq yeni texnologiya ilə becərilir. Bunu etiraf etmək lazımdır. Üçüncü tərəfdən kənd torpaqsız qalır. İndiyədək təxminən 10 min hektar torpaq sahəsi satılıb”.

Komitə sədri Gürcüstanda torpaq məsələsinin kompleks şəkildə həll olunacağını bildirib: “Gürcüstanda əkilməyən torpaqlar çoxdur. Onlar hələ də becərilmir. 10-20 il ərzində əkilməyən torpaqlar bu il əkildi. Ona görə də torpaq məsələsinin həllinə balansı pozmadan kompleks şəkildə yanaşmaq və həll etmək lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR