Bakıda “Human Rights Watsh” təşkilatının hesabatının təqdimatı keçirilib

Bakıda “Human Rights Watsh” təşkilatının hesabatının təqdimatı keçirilib
# 29 fevral 2012 13:27 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. “Human Rights Watsh” təşkilatının Bakıda səfərdə olan təmsilçiləri bu təşkilatın hazırladığı “Tney took everything from me: Forced evictions, unlawfut expropriations, and house demolitions in Azerbaijan’s capital” (Mənim hər şeyimi əlimdən aldılar: Azərbaycan paytaxtında məcburi köçürmələr, mülklərin qeyri-qanuni özgəninkiləşdirilməsi və sökülməsi) adlı hesabatın təqdimatını keçirib. APA-nın məlumatına görə, təqdimatı “Human Rights Watsh” təşkilatının Avropa və Mərkəzi Asiya bölməsinin aparıcı tədqiqatçısı, hesabatın müəllifi Jane Buchanan və Cənubi Qafqaz regionu üzrə aparıcı tədqiqatçı Georgi Gogia edib.

Jane Buchanan bildirib ki, sürətli iqtisadi inkişafda olan Azərbaycanın hökuməti paytaxt Bakı şəhərini gözəlləşdirmək hüququna malikdir: “Amma bunu edərkən milli və beynəlxalq hüquqlar qorunmalıdır. Bunlar əmlak, ev, ailə şəxsiyyətin toxunulmazlığı hüquqlarıdır”.

Müəllif deyib ki, hesabatda Bakının 4 sahəsi, o cümlədən Heydər Əliyev Sarayının arxasında salınacaq “Qış parkı” adlanan ərazi və Dövlət Bayraq Meydanının ətrafındakı ərazilərdə evlərin sökülməsi ilə bağlı məlumatlar yer alıb: “Hesabatda 52 ev sahibinin, bir neçə hüquqşünas və QHT nümayəndələrinin fikirləri var. Bundan başqa, biz Azərbaycan hökumətinə yazdığımız məktublara yalnız bir cavab almışıq ki, ona da hesabatda yer vermişik. Hesabatda bildirmişik ki, insanların mülkiyyətində olan evlər özgəninkiləşdirilərkən hüquqları pozulub. O cümlədən, evlər məhkəmə qərarı olmadan sökülüb, bəzi vətəndaşlara əvvəlcədən heç bir xəbərdarlıq olunmayıb, yaxud xəbərdarlıq yalnız ev söküntüsündən bir neçə saat əvvəl edilib. Evlərin söküntüsü zamanı milli və beynəlxalq qanunvericiliyə əməl olunmayıb. Baxmayaraq ki, sakinlərə evlərin hər kvadratmetri üçün 1500 manat ödənilib, yaxud onlara yeni tikilmiş binalarda mənzil verilib. Yeri gəlmişkən, bu cür binalar təhlükəsiz deyil”.

Təşkilatın Tiflisdəki (Gürcüstan) ofisində çalışan Cənubi Qafqaz regionu üzrə aparıcı tədqiqatçısı Georgi Gogia isə hesabatda yer almış tövsiyələri çatdırıb. Azərbaycan hökuməti, o cümlədən Bakı Şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə ünvanlanmış tövsiyələrdə mülklərin dövlət tərəfindən məcburi özününküləşdirilməsinin, sökülməsinin və məcburi köçürmələrin ədalətli və şəffaf icra təminatına qədər və prosesin yerli və beynəlxalq qanunlara uyğunluğu təmin olunan qədər bu işlərin dayandırılmasının zəruriliyi vurğulanıb.

“Bu hesabatla bizim məqsədimiz Azərbaycan hökumətinə təsir və təzyiq etməkdir” – deyə, G. Gogia bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR