RİTN: Şamaxıda baş verən sürüşmə TAE xətti üçün problem yaratmayıb

RİTN: Şamaxıda baş verən sürüşmə TAE xətti üçün problem yaratmayıb
# 02 aprel 2012 09:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Frankfurtdan (Almaniya) Şanxaya (Çin) 24 min km məsafədə çəkilən TAE («Trans Asia Europa») fiber-optik kabel xəttinin Bakı-Qazax seqmentinin Ağsu aşırımında və Şamaxı rayonunun Muğanlı kəndində baş verən sürüşmə zonasından keçən hissəsində mövcud təhlükənin qarşısı alınıb.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, TAE xəttinin Bakı-Qazax seqmenti çəkiləndə bu amil nəzərə alındığından, ərazidən keçən kabel xətti həm havadan, həm də yeraltı çəkildiyindən rabitənin alternativliyi təmin edilib.

Real təhlükənin qarşısını almaq üçün nazirliyin «Aztelekom» İstehsalat Birliyi kabelin yerləşmə dərinliyini 50 sm-dək azaldıb. Hazırda sürüşmə hadisəsinin aktiv olan ərazilərində xəttin qırılmaması üçün kabelləri torpağın altından çıxarılıb. Hazırda sürüşmə Şamaxı-Mərəzə avtomagistralının Acıdərə çayı ərazisində daha aktiv şəkil alıb və bu səbəbdən «Aztelekom» tərəfindən bu ərazidə 650 metr məsafədə alternativ optik kabel xətti çəkilib. Bu real təhlükə anında rabitənin fasiləsizliyinin təmin edilməsinə hesablanıb. Hazırda ərazi nəzarət altındadır.

Qeyd edək ki, Ağsu aşırımında və Muğanlı kəndində baş verən təbii fəlakət nəticəsində bağlanan avtomobil yolu bu gündən yalnız minik avtomobilləri üçün açılıb. Yük maşınlarının zonaya daxil olmaması üçün hər iki tərəfdən magistral yola şlaqbaum qoyulub.

Xatırladaq ki, TAE-nin reallaşdırılması üçün 1999-cu il oktyabr ayında Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli protokol imzalanıb. Həmin ilin dekabr ayından etibarən TAE fiber-optik kabelin Azərbaycan seqmentinin tikintisinə başlanılıb. Tikintisi 2 il davam edən fiber-optik kabel 2001-ci ildə başa çatdırılıb (Azərbaycan seqmentinin quru hissəsi) və elə həmin il də Bakı ilə Tbilisi arasında rabitə kanalları TAE fiber-optik kabel magistralı üzərinə keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR