Gürcüstan nümayəndələri tullantıların idarə olunması sahəsində Azərbaycanın təcrübəsini öyrəniblər

Gürcüstan nümayəndələri tullantıların idarə olunması sahəsində Azərbaycanın təcrübəsini öyrəniblər
# 16 may 2012 07:26 (UTC +04:00)
Bakı-APA. Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən “Tullantıların idarə edilməsi –AQTA Şərq” layihəsi çərçivəsində Gürcüstan nümayəndələri Azərbaycana tanışlıq səfəri ediblər. “Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin məqsədi Azərbaycanda tullantıların idarə olunması sahəsində irəliləyişlərlə tanış olmaq və bu sahədə təcrübə mübadiləsi aparmaq olub. “Təmiz Şəhər” ASC-nin fəaliyyəti və reallaşdırdığı layihələrlə tanış olmaq məqsədilə “Tullantıların idarəedilməsi – AQTA Şərq” layihəsinin Gürcüstan üzrə koordinatoru İrakli Legaşvili, layihənin milli koordinatoru Alverd Çankseliani və Gürcüstanın Tullantıların İdarə olunması Şirkətinin rəhbəri Nuqzar Kevilişvili səfər çərçivəsində Balaxanı qəsəbəsində olublar.

“Təmiz Şəhər” ASC-nin İdarə heyətinin sədr müavini Etibar Abbasov qonaqları Balaxanı Şəhər Tullantılarının Zərərsizləşdirilməsi Poliqonu, Balaxanı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu, Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda aparılan tikinti-quruculuq işləri ilə tanış etmişdir. Etibar Abbasov qonaqlara Balaxanı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun iş mexanizmi haqqında məlumat vermiş və bu zavodun istehsalat gücünə görə Şərqi Avropa və MDB məkanında ən iri bu tipli zavod olduğunu qeyd edib. Gürcüstanlı nümayəndələrə, həmçinin illik 200 min ton tullantı qəbul etmək gücünə malik olan Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodu haqda məlumat verilmiş, zavodun cari ilin ortalarında istismara veriləcəyi bildirilib.
“Tullantıların idarəedilməsi - AQTA Şərq” layihəsinin nümayəndələrinə poliqonda aparılan işlər haqqında da geniş məlumat verilib, buranın 2014-cü ilədək dünya sanitariya standartlarına tam cavab verəcək poliqona çevriləcəyi vurğulanıb.

Nümayəndələr öz növbələrində tullantıların idarə olunması sahəsində Gürcüstanda reallaşdırılan layihələr haqqında məlumat verib və “Təmiz Şəhər” ASC tərəfindən görülən işləri yüksək qiymətləndirib, Azərbaycanın təcrübəsinin region ölkələr üçün uğurlu nümunə ola biləcəyini qeyd ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR