Dövlət Miqrasiya Xidməti Filippin vətəndaşlarının Azərbaycanda insan alverinin qurbanına çevrilməsi barədə məlumatlara münasibət bildirib

Dövlət Miqrasiya Xidməti Filippin vətəndaşlarının Azərbaycanda insan alverinin qurbanına çevrilməsi barədə məlumatlara münasibət bildirib
# 02 iyul 2012 10:33 (UTC +04:00)
Bu barədə APA-ya Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib. İyunun 25-də DMX Filippin Respublikasının vətəndaşı olan bir qadın ona sığınacaq verilməsi ilə bağlı müraciət edib. Şəxs DMX-nin sığınacaq axtaran şəxslər üçün nəzərdə tutulmuş və beynəlxalq standartlara uyğun təchiz edilmiş sığınacaq mərkəzində yerləşdirilib. Mövcud qanunvericiliyin tələbləri çərçivəsində şəxslə bağlı araşdırma aparılıb, müsahibə zamanı o, şəxsiyyətini təsdiq edən sənədləri olmadığını və bu səbəbdən də ölkəsinə qaytarılması üçün ona yardım edilməsini xahiş edib. İyunun 28-də sığınacaq mərkəzində könüllü olaraq yerləşdirilmiş Filippin vətəndaşı ilə Ombudsman Aparatının nümayəndələri və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin rəhbərliyi görüşüb, şəxsin sığınacaq mərkəzindəki şəraiti ilə yerində tanış olublar. Hər iki qurumun nümayəndələri yaradılan şəraitin qənaətbəxş olduğunu bildiriblər. Filippinli qadının ölkəsinə qaytarılmasında BMqT Dövlət Miqrasiya Xidmətinə yardımını təklif edib. Şəxslə bağlı məlumatlar BMqT vasitəsilə Filippinin Ankaradakı səfirliyinə göndərilib. Hazırda həmin şəxsin ölkəsinə qaytarılması istiqamətində birgə tədbirlər davam etdirilir.
DMX-nin məlumatında bildirib ki, qeyd olunanlarla bağlı bəzi qeyri-hökumət təşkilatları mövcud vəziyyətdən öz maraqları üçün istifadə etməyə cəhd göstərir və ictimaiyyətə bu barədə yanlış məlumatlar verirlər: «Belə ki, “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin prezidenti Əlövsət Əliyevin internet saytlarında Filippin vətəndaşının insan alverinin qurbanı olmasını iddia etməsinə baxmayaraq, onun Dövlət Miqrasiya Xidmətinə təqdim etdiyi sənədlərdən məlum olub ki, şəxslə bağlı toplanmış materiallar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən araşdırılıb. Filippin vətəndaşının insan alverinin qurbanı olmaması müəyyənləşdirilib və cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul edilib. Eyni zamanda, «Azərbaycan Miqrasiya Mərkəzi» tərəfindən internet səhifələrində “2012-ci ilin birinci yarısında Azərbaycana 900 nəfərədək Filippin vətəndaşının gəldiyi, bu şəxslərin ölkə ərazisində uzun müddət qalmaq və işləmək üçün icazə almadıqları, eyni zamanda, onların ölkədən çıxmadıqları və olduqları yer haqqında məlumatların olmadığı” barədə verilən yazıların heç bir əsası yoxdur».
DMX-nin açıqladığı məlumatda o da bildirilib ki, rəsmi məlumatlara əsasən, cari ilin beş ayı ərzində Azərbaycanın ərazisinə ümumilikdə 354 nəfər Filippin vətəndaşı daxil olub. Onlardan 208 nəfəri viza müddəti bitdikdən sonra ölkə ərazisini tərk edib, 107 nəfəri DMX tərəfindən verilmiş müvafiq icazələr əsasında hazırda ölkə ərazisində yaşayır. Olma müddəti bitmiş 39 filippinlinin isə aşkar edilərək barələrində müvafiq qərarlar qəbul edilməsi üçün lazımi tədbirlər davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR