Azərbaycan Avstraliya hökumətinə Cənubi Uels ştatı tərəfindən qəbul olunmuş qətnamə ilə bağlı rəsmi sorğu göndərəcək

Azərbaycan Avstraliya hökumətinə Cənubi Uels ştatı tərəfindən qəbul olunmuş qətnamə ilə bağlı rəsmi sorğu göndərəcək
# 26 oktyabr 2012 09:25 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova-APA. Avstraliya federal hökumətinin Cənubi Uels ştatının qanunverici şurasının ermənipərəst deputatı, xanım Mari Fikarro tərəfindən təqdim olunmuş layihə əsasında xalqların, o cümlədən “Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnun tanındığı” haqqında qəbul olunmuş qətnamə ilə bağlı Azərbaycan tərəfi Avstraliya federal hökumətinə bu məsələyə aydınlıq gətirmək məqsədilə rəsmi sorğu ünvanlandıracaq. Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib. Onun sözlərinə görə, Avstraliya federal hökuməti hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəkləyib.

“Məsələyə aydınlıq gətirmək məqsədilə Azərbaycan Avstraliya federal hökumətinə rəsmi sorğu göndərəcək. Təəssüflər olsun ki, yerli ştat səviyyəsində qanunverici orqanların bir-iki üzvü yerli seçkilərdə dividentlər eldə etmək naminə erməni diasporunun sifarişlərini yerinə yetirilər. Bu qətnamə təbii ki, Avstraliya federal hökumətinin rəsmi mövqeyini əks etdirmir. Çünki Avstraliya dəfələrlə Azərbaycan tərəfinə müraciətlərində ölkəmizin ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəklədiyini bildirib, Dağlıq Qarabağı və işğal altında olan daha yeddi rayonu müstəqil dövlət kimi tanımayıblar. Hətta Avstraliya dövləti öz vətəndaşlarına Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarına səfər etməməklə bağlı müraciət edib. Avstraliya dövləti Azərbaycana ünvanlanmış rəsmi məktublarında hər zaman ölkəmizi əmin edib ki, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə Avstraliya federal hökuməti tərəfindən böyük və güclü dəstək mövcuddur”.

Xatırladaq ki dünən Avstraliyanın Cənubi Uels ştatı tərəfindən xalqların, o cümlədən Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmə hüququnun tanınan qətnamə qəbul olunub. Deputatlar qətnamədə Avstraliya hökumətini separatçı «DQR» rejiminin müstəqilliyini rəsmi şəkildə tanımağa, həmçinin «Dağlıq Qarabağ» və «DQR vətəndaşları» ilə münasibətləri gücləndirməyə çağırıb.

Şura eyni zamanda «Dağlıq Qarabağ Respublikasına» humanitar və iqtisadi dəstəyin davam etdirilməsini zəruri sayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR