Azərbaycanın birinci xanımı Fransada Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunan tədbirlərdə iştirak edib - FOTOSESSİYA

Azərbaycanın birinci xanımı Fransada Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunan tədbirlərdə iştirak edib - <font color=red>FOTOSESSİYA</font>
# 20 oktyabr 2012 14:11 (UTC +04:00)
Bakı – APA. Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə yeni layihə həyata keçirilir. APA-nın “AzərTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, Azərbaycan mədəniyyətinin təbliği məqsədilə Fransanın regionlarında mədəniyyət tədbirlərinin keçirilməsinə başlanıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bununla bağlı tədbirlərdə iştirak edib. İlk belə tədbir oktyabrın 19-da Reymsdə baş tutub.

Mehriban Əliyeva Reyms şəhərinin meri, xanım Adelin Hazan ilə görüşüb. O, Reymsdə Azərbaycanla bağlı mədəniyyət tədbirlərinin keçirilməsinə verdiyi dəstəyə görə şəhər merinə təşəkkürünü bildirərək bu cür tədbirlərin gələcəkdə Fransanın bir çox şəhərlərində baş tutacağını diqqətə çatdırıb. Adelin Hazan isə Azərbaycan mədəniyyətinin təbliğinə yönələn tədbirlərin maraqla qarşılandığını vurğulayaraq budəfəki sərgi və konsertin də yüksək səviyyədə keçəcəyinə ümidvar olduğunu qeyd edib. M. Əliyeva meriyanın fəxri qonaqlar kitabına ürək sözlərini yazıb və xatirə şəkli çəkdirib.

Reymsə səfəri çərçivəsində Azərbaycanın birinci xanımı şəhərin tarixi məkanları - Reyms Katedralı və Reyms Bazilik kilsəsi ilə tanış olub.

Oktyabrın 19-da Reymsdə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” sərgisinin açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən Azərbaycanın birinci xanımı bəyan edib ki, bu sərgi ölkələr arasındakı dostluğa və qarşılıqlı hörmətə töhfə verəcək. O bildirib ki, gənc müstəqil ölkə olan Azərbaycan qədim tarixə, zəngin mədəniyyətə sahibdir: “Hər zaman Şərq ilə Qərb arasında körpü olan ölkəmiz müsəlman aləmində mütərəqqi nailiyyətlərə imza atıb. Bu sırada 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublikanın qurulması, qadınlara səsvermə hüququnun verilməsi, qızlar üçün məktəbin açılması, opera və baletin yazılması kimi mühüm hadisələr var”.
Mer A. Hazan isə Azərbaycan-Fransa əməkdaşlığını təqdirəlayiq adlandırıb: “Biz Azərbaycanın mədəni zənginliyinə böyük ehtiram bəsləyirik”.

Sərgidə Azərbaycanın qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatlar nümayiş etdirilib. Azərbaycan xalçaları buradakı ekspozisiyanın ən qiymətli inciləri sırasında idi. Milli xalçaçılığın bütün istiqamətlərinin təmsil olunduğu sərgidə yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi təqdim olunub. Xalq incəsənətinin bütün istiqamətlərinə dair nümunələrin, misgərlik məmulatlarının, şəbəkələrin, Azərbaycan milli geyimlərinin, milli musiqi alətlərimizin təqdim edildiyi sərgidə Heydər Əliyev Fondunun xətti ilə nəşr olunan və Azərbaycanın təbliğinə xidmət edən kitab və bukletlər, fransız dilində nəşr olunan ədəbiyyat toplusu da maraqla qarşılanıb.

Oktyabrın 19-da axşam Reyms Konservatoriyasında xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti keçirilib. Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından ziyafət verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR