Yeni dərs ilinin başlaması ilə əlaqədar Bakı polis qarnizonu gücləndirilmiş iş rejimində çalışacaq

Yeni dərs ilinin başlaması ilə əlaqədar Bakı polis qarnizonu gücləndirilmiş iş rejimində çalışacaq
# 14 sentyabr 2012 13:45 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov məlumat verib. Onun sözlərinə görə, sentyabrın 15-də yeni dərs ilinin başlaması ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin yerləşdiyi ərazilər ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması məqsədilə polis tərəfindən nəzarətə götürüləcək. S. Bağırov həmçinin, hər hansı xoşagəlməz hadisənin baş verməməsi və “Bilik Günü”nə qatılacaq valideyn və şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə polis naryadlarının sayının artırılacağını və zəruri olan bütün təhlükəsizlik tədbirlərinin görüləcəyini bildirib.

Onu da əlavə edək ki, yeni dərs ilinin başlanması ilə əlaqədar Dövlət Yol Polisi də gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Bununla yanaşı Daxili İşlər Nazirliyi rəhbərliyinin müvafiq göstərişinə əsasən, yeni dərs ilinin başlanması ilə əlaqədar 2012-ci il sentyabr ayının 10-dan, oktyabr ayının 10-dək respublika ərazisində «Diqqət, uşaqlar!» adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir.

Qeyd edək ki, 2012-2013-cü tədris ilində Azərbaycanın ümumtəhsil məktəblərinin I sinfinə 130454 şagird qəbul olunub. Bu göstərici 2011-2012-ci dərs ilində 125408, 2010-2011-ci tədris ilində isə 120032 nəfər təşkil edib. Ölkə üzrə 1304687 şagirdin təlim-tərbiyəsi ilə 150998 müəllim məşğul olacaq. Bakı şəhərindəki ümumi təhsil məktəblərinin I sinfinə isə 36102 şagirdin qəbulu gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR